“Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” - FOTOLAR

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Akademiyadan SİA-ya bildirilib ki, açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş bu tədbirin ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, eləcə də yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA rəhbəri vurğulayıb ki, 44 günlük Vətən müharibəsi ilə tarix yazan ölkəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək dünyaya nümunə olub.

“Müasir dövrdə Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb”, - deyən AMEA rəhbəri qalib Azərbaycanın lideri kimi Prezident İlham Əliyevin artıq dünyada sülhün real nümunəsini təqdim edən dövlət başçısı kimi tanındığını vurğulayıb.

Akademik İsa Həbibbəyli Azərbaycanın Konstitusiya quruluşunun tarixinə nəzər salaraq, müstəqil Azərbaycanın konstitusiya quruluşunun əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini söyləyib.

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində dahi liderin fəaliyyətini və ömür yolunu əks etdirən 52 fundamental kitabın çap olunduğunu xatırladan akademik İsa Həbibbəyli bu nəşrləri Azərbaycan elminin Heydər Əliyevşünaslığa mühüm töhfəsi kimi dəyərləndirib. O, hazırda AMEA əməkdaşları tərəfindən ikicildlik “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını və 2026-cı ildə ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırıb.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Azərbaycan milli ideyası, dəyərlər və suverenlik” mövzusunda məruzəsini təqdim edib.

Tədbirdə, həmçinin “Suverenliyin tarixi və şərtləri”, “Konstitusionalizm və suverenlik probleminə nəzəri yanaşmaların təkamülü: klassik modeldən transformasiyalara doğru”, “2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi-dünyəvi dövlət quruculuğu prosesi və vətəndaş cəmiyyətinin formalaşmasının yeni mərhələsi kimi”, “Suveren Azərbaycanda Birinci vitse-prezidentlik institutu”, “Suverenliyin fəlsəfi-hüquqi problemləri”, “Tam suverenliyin təminində siyasi suverenliyin rolu” və “Konstitusiya fəlsəfi-hüquqi əsas kimi” mövzularında məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə