Türkiyə prezidentinin Bağdad və Ərbil səfərlərinin təhlili

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısı... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gərgin bir vaxtda İraqa səfər etdi. 2024-cü il 22 aprel səfəri zamanı o həm Bağdad, həm Ərbildə mühüm görüşlər keçirdi, “İnkişaf yolu” layihəsindən terrorla mübarizəyə qədər bir çox mövzuda mühüm razılaşmalar əldə olundu. Bununla da Türkiyə-İraq strateji ortaqlığının konkretləşdirilməsi baxımından mühüm mərhələ keçildi.

Türkiyə və İraq iki qonşu ölkə olsa da, münasibətlərinin gedişatına nəzər saldıqda arada gedən proseslərin qeyri-sabit olduğu görünür. Bu məsələdə İraqın ölkə daxilindəki işğal, qarşıdurma və hakimiyyət uğrunda mübarizələri var idi. Lakin son aylar iki ölkə arasında strateji əlaqələr qurmaq və maraqları bölüşmək üçün yeni mərhələ başladı. Türkiyənin xarici işlər naziri Hakan Fidanın yol xəritəsini hazırladığı bu yeni mərhələdə ölkə prezidenti R.T.Ərdoğanın İraqa 22 aprel səfərindən əvvəl nazirlər və texniki heyətlər səviyyəsində dəfələrlə keçirilən görüşlər münasibətlərin yeni mahiyyətini formalaşdırdı. Səfər öncəsi tərəflərin verdiyi açıqlamalar də iki ölkə başçısının görüşünün gözlənildiyi kimi alınmasına səbəb oldu.

İraqın böyük qayğı ilə qonaq etdiyi Türkiyə prezidenti paytaxt Bağdadda iraqlı həmkarı Əbdüllətif Rəşid və baş nazir Məhəmməd Şia Sudani ilə təkbətək görüşdü, sonra Hökumət Sarayında nümayəndə heyətləri bir araya gəldi.

Müvafiq görüşlərdən sonra 26 müxtəlif sahədə razılaşma əldə edildi. Əməkdaşlıq müqavilələrinin imzalanma mərasimlərindən sonra Türkiyə prezidenti R.T.Ərdoğan və İraqın baş nazir M.Ş.Sudani mətbuata açıqlama verdilər. Hər iki tərəf danışıqların çox yaxşı getdiyini və strateji tərəfdaşlığın daha da konkretləşdiriləcəyini bildirdilər.

Türkiyə və İraq arasında “Birgə əməkdaşlığa dair strateji çərçivə sazişi”nin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bu müqavilənin alt komponentlərinə nəzər saldıqda görünür ki, o, təhlükəsizlik, terrorla mübarizə, ticarət, iqtisadiyyat, transsərhəd sular və təhsil kimi sahələrdən ibarətdir. Bütün bu aktual mövzular üzrə texniki danışıqların davam etməsi üçün birgə daimi komissiyaların yaradılacağı bildirildi.

İraqın baş naziri Məhəmməd Şia Sudani çıxışında dedi: "İraq ərazisindən başqa bir ölkəyə hücuma icazə verə bilmərik. Türkiyə və İraqın təhlükəsizliyi bölünməz. İraq və Türkiyənin sabitliyini təmin edəcək təhlükəsizlik əməkdaşlığı mövzusunda razılaşdıq”.

Türkiyənin İraqdan tələb etdiyi PKK terroru ilə mübarizədə ciddi sürətlənmənin olacağı görünür. Hazırda Türkiyənin xarici işlər naziri Hakan Fidan, ölkənin milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Təhlükəsizlik Təşkilatı – MİT-in sədri İbrahim Kalının səfərləri və ondan sonra keçirilən Təhlükəsizlik Mexanizmi Görüşləri prosesi təşmilləşdirib və PKK-ya İraq tərəfindən “qadağan olunmuş təşkilat” adı verilib.

İraq və Türkiyə arasında daimi təhlükəsizlik mexanizmi də quruldu. R.T.Ərdoğanın səfəri və M.Ş.Sudanın müvafiq açıqlamaları ilə bu proses irəli getməkdədir.

Terrorla mübarizə ilə yanaşı, hər iki ölkənin böyük əhəmiyyət verdiyi “İnkişaf yolu” strateji layihəsinin konkretləşdirilməsinə dair anlaşma memorandumunun imzalanması çox mühüm hadisə oldu. Maraqları birləşdirən yanaşmanın məhsulu olan bu layihə Fars körfəzindən Türkiyəyə qədər avtomobil və dəmir yolu şəbəkəsini əhatə edəcək. “İnkişaf yolu” layihəsi regional təchizat və nəqliyyat zənciri baxımından mühüm alternativ təmin edəcək və iki ölkənin strateji dəyərini artıracaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdakı bütün etnik və məzhəb qruplarına qarşı eyni məsafədə olduğunu və hamısını bacı-qardaş kimi gördüyünü ifadə etdi. Bununla Türkiyə etnik və məzhəb tarazlığının qorunub saxlanacağı sabit İraq axtarışında olduğunu bir daha göstərdi. Prezident Ərdoğan həmçinin İraqın sabitliyi üçün rəsmi Bağdadla İraq Kürd Regional İdarəçiliyi arasında əlaqələrin yolunda olmasının və türkmənlərin layiq olduqları mövqeyə çatmasının vacibliyini qeyd etdi və Türkiyənin bu kontekstdə mövqeyini açıq şəkildə bildirdi.

R.T.Ərdoğanın ikinci dayanacağı Ərbil oldu. Türkiyə prezidentini hava limanında Nəçirvan Bərzani və Məsrur Bərzani qarşıladı. Ərdoğan N.Bərzani, M.Bərzani və Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani ilə görüşlər keçirdi. Tərəflər 2016-cı ildən bəri ilk dəfə görüşdülər. Səfər KDP-nin Kürdüstan Yurdsevərlər Birliyi (KYB), terror təşkilatı PKK və Bağdaddakı bəzi mövqelər tərəfindən təzyiqi altında olduğu bir vaxtda Türkiyənin Kürdüstan Demokratik Partiyaya dəstəyini göstərmək baxımından xüsusilə əhəmiyyətli oldu. Bununla Türkiyə terror təşkilatı PKK-ya qarşı böyük quru əməliyyatına hazırlaşarkən KDP-nin ona dəstəyini artıracağını gözləyir.

Rəcəb Tayyib Ərdoğanın İraq səfəri zamanı KYB-PKK münasibətləri də müzakirə olundu. KYB-nin terror təşkilatı PKK ilə əlaqəsi davam edərsə, Türkiyə bu təşkilata qarşı da hərbi variantlarını müstəviyə çıxardı.

Nəticə etibarilə Türkiyə prezidentinin İraqa səfəri çox gərgin vaxta təsadüf etdi və iki ölkə üçün yeni dönüş nöqtəsi yaratdı. Ortaq maraqlar, regional görüşlər iki ölkəni birlikdə hərəkət etməyə təşviq edən əsas amillər olsa da, terrorla mübarizə, “İnkişaf yolu” layihəsi, ticarət həcminin artırılması və iqtisadiyyatın inkişafı kimi əsas mövzularda mühüm irəliləyişlər olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə