Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə görüşüb

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasından məmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrin inkişafına xüsusi təkan verdiyi bildirilib.

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli təsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə önəm verdiyi bildirilib.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29-un yaşıl enerji sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə