Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Dünya musiqi tarixinin kommersiya baxımından ən uğurlu ifaçılarından biri olan Uitni Hyustonun ən məşhur kompozisiyaları Bakıdakı Kamera və orqan musiqisi zalında səsləndirilib. Ginnesin Rekordlar Kitabına görə, Uitni Hyuston həm də ən tanınmış və titullu müğənnilərdən biridir. O, 415 mükafat, o cümlədən 6 “Qremmi” mükafatı, 30 “Billboard” Musiqi Mükafatı, 22 Amerika Musiqi Mükafatı laureatıdır və “Rolling Stone” jurnalına görə, 100 ən böyük ifaçıların siyahısında 34-cü yeri tutur. SİA xəbər verir ki, konsert Azərbaycan, Rusiya, Böyük Britaniya və digər Avropa ölkələrindəki qədim və şamla işıqlandırılan malikanələrdə, çardaqlarda, istixanalarda, planetariyalarda və digər müvafiq yerlərdə mədəni tədbirlərin təqdim edilməsini həyata keçirən “RED EVENTS & Distribution ltd.” yaradıcılıq agentliyi tərəfindən təşkil olunub.

“Mystery Ensemble” beynəlxalq musiqi layihəsi, öz musiqiçilərinin Uitni Hyustonun məşhur mahnılarını yeni ifa tərzi ilə tamaşaçılara canlı duyğular bəxş edən və dinləyiciləri “soul” və “ritm-end-blyuz” musiqilərinin ecazkar ab-havasına qərq edən məhdudiyyətsiz imkanlarını bir daha nümayiş etdirib. İstedadlı müğənninin xatirəsini yad edən və ona heyranlığını ifadə edən musiqiçilər sanki Uitninin özünün bir zamanlar etdiyi etirafı dilə gətiriblər: “Ən yaxşısı, danışmayım, mənim vəzifəm oxumaqdır”. Sanki solo skripka, alt və köməkçi violonçel də onun səsi ilə ifa ediblər.

Romantik ab-havada, yüzlərlə şamın yandığı bənzərsiz musiqi salonunun divarları arasında, böyük müğənninin yaradıcılığının pərəstişkarları onun sevimli mahnılarından zövq alıblar. Vaxtilə müğənninin ifasında səslənmiş “Could I have this kiss forever”, “I wanna dance with somebody”, “My love is your love”, “I have a nothing”, “I will always love you”, “Queen of the Night”, “Step by step”, “I’m your baby tonight”, “Higher love”, “How will I know”, “It's not right but it's okay” və digər mahnıları dinləyiciləri Uitni Hyustonun musiqi dünyasına dəvət ediblər, klassik musiqi alətlərinin, perkussiyanın və basın vəhdəti füsunkar və təkrarolunmaz ahəng yaradıb.

“Mystery Ensemble”, ən aktual musiqiləri ifa edən unikal kollektivdir. Akustik simli alətlərin canlı ifası, bənzərsiz aranjımanlar, virtuoz klavişli alətlər, həmçinin artistizm və ecazkar ab-hava konsertin sonunda dinləyicilərin gur və sürəkli alqışlarının sədaları altında öz layiqli qiymətini ala bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə