Abşeron Milli Parkında ekoloji aksiya

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bir qrup tələbəsi Abşeron Milli Parkında "Biz irəlidəyik" şüarı altında ekoloji aksiya keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, universitetdən bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin cəmiyyətimiz üçün dəyərini çatdırmaq və ətraf mühitin mühafizəsinə kömək məqsədi daşıyan tədbir Abşeron Milli Parkının dəstəyi, BDU-nun Biologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub.

Aksiya çərçivəsində gənc bioloqlar iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə mübarizədə sağlam həyatı və karbon emissiyalarının azaldılmasını təşviq edən veloyürüşə qoşulublar.

Tələbələr antropogen təsirlər, iqlim dəyişmələrinin yaratdığı fəsadlar nəticəsində azalma riski ilə üzləşən növlərə diqqəti cəlb etmək üçün Abşeron Milli Parkında qorunan Bakı cuzqunu və Bakı gəvəni bitkilərinə baxış keçirib, mühafizəsinin vəziyyəti ilə tanış olublar.

Tələbələrin təbiətə qarşı həssas və qayğıkeş münasibətinin formalaşmasında ekoloji turizmin inkişafının vacibliyi vurğulanıb. Gənclər Şahdili burnuna yürüş ediblər.

"Biz irəlidəyik" aksiyası "Yaşıl dünya naminə həmrəylik ili"ndə digər milli parklarda da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə