O, ƏZİZ ŞƏRİFƏ SÖZ VERMİŞDİ… - FOTOLAR

Psixoloqların dili ilə desək, hər arzunu, istəyi beynimizə əkirik. Əgər əkdiyimiz niyyət, arzu haqqımızdırsa, o arzuya çatır və həmin arzumuzu yaşayırıq. Bu düşüncələrə məni aparan səbəbkarla üz-üzə oturmuşam. Onun aram-aram danışığı, illəri bir-birinə calayan üz cizgiləri, alnında, gözlərinin ətrafında xətt salan qırışlar çatdığı arzulara aparan yollardan danışır mənə. Ədəbiyyat adamı, sözlərdən xalça toxuyan bir sənətkar, 86 yaşlı Sadıq Xanəliyevlə üz-üzə oturmuşam. Belə insanları dinləmək, onların həyat hekayələrini öz təsvirlərində duymaq insana xüsusi bir bilgi maraq, həvəs verir. Onun həyat yolunun hər addımını bilmək, öyrənmək istəyi yaranır insanda. 55 il müəllimlik etmiş, əməkdar müəllim, publisist, yazıçı, SSRİ maarif əlaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı, 8 kitab müəllifi, zəngin mənəviyyat sahibi olan Sadıq Xanəliyev. Sadıq müəllimi dinlədikcə məşhur atalar sözümüz olan “Niyyətin hara, mənzilin ora” deyimini xatırladım.

“O zamanlar bizim sinif otaqlarımız indiki kimi deyildi. Bir sinifdə bir kitab olurdu, hamı o kitabdan oxuyurdu. Sinif otaqlarında odun, kömür, təzək yandıraraq isinərdik. Heç güzəranımız da yaxşı deyildi. Məktəbimizin dəhlizində Lomonosov univerisitetinin şəkli vardı. Hər dəfə o şəkli görəndə yoldaşlarıma göstərib deyirdim ki, “Mən oraya gedəcəyəm” Yoldaşlarım mənə gülürdülər və deyirdilər ki, “sən ora gedə bilməzsən”. Lakin mən hər zaman özümü orada hiss edirdim və içimdən bir səs “sən ora gedəcəksən”,- deyirdi. Sadıq müəllim 7-ci sinfi Bist kənd məktəbində bitirib. Sonra Naxçıvan Kənd Təssərüfatı Texnikumuna qəbul olub. Həmin vaxtlardan qəzetlərdə məqalələri ilə tanınmağa başlayıb. 1956-1959-cu illərdə hərbi xidmətdə olduğu vaxtlarda hərbi muxbir kimi fəaliyyət göstərib. Hərbi xidməti bitirdikdən sonra 1964-1970-ci illərdə Azərbaycan Dövlət Univerisitetinin Filologiya fakultəsinə qəbul olub. Artıq Sadıq müəllimin ürəyində əkdiyi arzunun yolları açılmaqda, istəkləri gerçəkləşməkdə idi. Onun məqsədi bütün çətinliklərə rəğmən yazmaq, yaratmaq, araşdıraraq yeni məlumatlar əldə etmək idi. Universitetdə oxuduğu vaxtlarda görkəmli ədəbiyyatçı Əziz Şərifə dəfələrlə məktublar yazır, Moskvaya gəlmək, orada oxumaq istədiyini bildirir.

Əziz Şərif: “Mən məsləhət görürəm ki, biliyini öz universitetində sınayasan. Əgər alınmasa, gələrsən Moskvaya”. Sadıq müəllim bu məktubdan sonra diplom işini “Əziz Şərifin həyatı və biblioqrafiyası” mövzusunda götürür.Artıq məqsədini qarşısına qoyan Sadıq müəllim böyük zəhmət və səy göstərərək qətiyyətlə hədəfə doğru irəliləyirdi. Diplom işini yazmaq, hazırlamaq üçün Moskvaya, Lomonosov adına Universitetə, Əziz Şərifin yanına gedir. O zaman Əziz Şərif M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsində müəllim işləyirdi. Sadıq müəllim həmin universitetə gedir və Əziz Şəriflə görüşür. Gəlişinin səbəbini söyləyir və diplom işinin adını deyəndə Əziz Şərif soruşur: Bilirsənmi biblioqrafiya nədir? Sənə mənim biblioqrafiyamı veriblər. 6 ay oturub imla desəm, yazsan, qurtara bilmərsən. Sən bir sahəni götür və o sahəni işlə. Sadıq müəllim diqqətlə Əziz Şərifi dinləyir və deyir; Atalar sözü var, “Çıraq öz dibinə işıq sala bilməz”. Əziz Şərif Sadıq Xanəliyevin qətiyyətli, savadlı, zəhmətkeş gənc olduğunu görüb deyir; İndi mən sənin üçün nə edim? Sadıq müəllim Əziz Şərifdən xahiş edir ki, onun universitet kitabxanalarından istifadəsi üçün bir “icazə sənədi” versin. Əziz Şərif universitetin rektoru Petrovskiyə zəng edir və Sadıq müəllimin istəyini gerçəkləşdirir. Bu zəngdən sonra Sadıq müəllim təkcə universitet kitabxanasından deyil, bütün kitabxanalardan istifadə etmək hüququ alır. Əziz Şərif Sadıq müəllimə deyir ki, “bu gundən harada olursan-ol, hər həftənin şənbə günü mənim evimdə ol ki, daha yaxşı çalışa biləsən”.

Sadıq müəllim təəccüb və təlaş icində sevinirdi. O, artıq məqsədinə, arzusuna çatmışdı. İndi yoldaşlarının “sən ora gedə bilmızsən!” kəlmələri, Əziz Şərifin ilk günlərdə tərəddüdlə baxdığı diplom işi, bəlkə də, hələ indiyə qədər heç kimə açıb söyləmədiyi nə çox məqamlar vardı ki, indi onların hər birinə qalib gəlmişdi. Böyük həvəs və sevgiylə araşdırmalarını aparıb, qeydlərini, məqalələrini yazır və Bakıya qayıdır. Diplom işini uğurla müdafiə edir. Həmin dövrdə diplom müdafiəsi işindən 100 nəfərdən “əla” qiymət alırdı. Onlaran biri Sadıq Xanəliyev idi. Artıq o, çox istedadlı, bacarıqlı, zəhmətkeş, qabiliyyətli və qətiyyətli bir tələbə kimi elmi rəhbəri, akademik Məmməd Cəfər müəllimin yanına gəlir. Artıq Məmməd Cəfər müəllim də onun istedad və bacarığına şübhə ilə baxmırdı. O, Sadıq müəllimə Bakıda qalıb fəliyyətini davam etdirməyi təklif edir. Lakin Sadıq müəllim doğma Bist kəndinə qayıdır. Bist kənd məktəbində müəllim işləməyə başlayır. Onun ruhu, düşüncəsi isə Əziz Şərifin evində gördüyü kitabxanada idi. Sadıq müəllim ikinci dəfə Moskvaya qayıda bilmir. Lakin öz yaradıcılığını davam etdirir. Çünki onun fikri, düşüncəsi yazıb-yaratmaq, xalqına, millətinə töhfələr vermək idi. Birbirindən maraqlı, könül oxşayan məqalələr, şeirlər yazmaq onun ən sevimli məşğuliyyətinə çevrilmişdi. Düz 30 ildən sonra oğlu Əli atasını Moskvaya aparır və Sadıq müəllim Moskva Dövlət Universitetini ziyarət edir. 2012-ci ildə “Əziz Şərif əsərlərinin biblioqrafiyası” adlı kitabı işıq üzü görür. Sadıq Xanəliyev Əziz Şərifə verdiyi sözü tutur. Onun Əziz Şərif haqqında yazdığı diplom işi indi bir kitab, Əziz Şərif haqqında bir mənbəyə çevrilib. O kitab əsasında Əziz Şərif haqqında neçə-neçə sənədli filmlər çəkilib, məqalələr yazılıb. Bu gün Sadıq Xanəliyev 1000-dən çox məqalənin müəllifi, şeirləri 7 rus şairi tərəfindən tərcümə olunmuş bir ziyalıdır.

“Ədəbiyyatımızın fəxri Əziz Şərif ”, “Ömür yolu”, “Dağlardan baxıram yer kürəsinə” sənədli filmləri də Sadıq Xanəliyev haqqında çəkilmişdir. Onun şeirləri öz axıcılığı, dilə, ürəyə yatımlılığı ilə nəğməyə dönüb neçə-neçə müğənnilərə uğur gətirib. “Ürəyimdəsən” mahnısı Sevda İbrahimovanın ifasında, “Bir dəqiqə bir il kimi” mahnısı Alla Puqaçovanın, Yuri Kovzakın ifasında ürəklərdə yaşayır. Daima vətən sevgisi, təbiət gözəllikləri, yüksək insani keyfiyyətlər aşılayan şeirləri, məqalələri, kitabları ilə hər bir insana bir örnək, bir nümunədir Sadıq müəllim. Hazırda Ordubadın Bist kəndində yaşayır Sadıq müəllim. O deyir ki, bu cənnətməkanda yaşayan insan yazıb-yaratmasa, günah olar. Sadıq müəllimlə çox maraqlı söhbət etdik. Onunla söhbətimi bir məqaləyə sığdıra bilməyəcəyimi düşünürəm. Ümid edirəm ki, Sadıq Xanəliyevdən daha bir maraqlı məqalə yazacağam. Çünki gördüyüm maraq dolu bir otaq var. Orada bir-birindən gözəl kitablar, maraqlı düşüncələr, rəf-rəf ədəbiyyat nəğməsi, nurlu mənəviyyat xəzinəsi var. Əziz oxucum söz verirəm ki, növbəti yazıların birində hər bucağı sirli-sehrli ədəbiyyat nəğməsi olan otaqdan yazacağam.

Ulduz Eyvazqızı

Bütün xəbərlər Facebook səhifəmizdə