Sumqayıt Ağsaqqal Şurasının uğurları və layihələri

Təbrik Quliyev: “Ağsaqqalını sevməyən heç vaxt uğur qazana bilməz”

Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar mühəndis, Prezidentin Fərdi Təaqüdçüsü, Kimya elmləri üzrə fəlsəfə doktoru, 1970-ci ildən həyatını Sumqayıt kimyasının inkişafına sərf eləyən, maraqlı şair-nasir, dəyərli ziyalı, Sumqayıt Ağsaqqallar Şurasının sədri Təbrik Quliyevlə həmsöhbət olduq. Təbrik müəllim artıq iki ildir ki, Sumqayıt Ağsaqqallar Şurasına rəhbərlik ediir, amma bu müddətdə bu təşkilatda on ildə görülən iş qədər işlər görüb. Ən əsası isə çoxlu sumqayıtlılar məhz Təbrik müəllimə görə gəlib, Ağsaqqallar Şurasına üzv olublar.

- Salam Təbrik müəllim. Az bir vaxtda bu təşkilatda böyük işlər görürsünüz. Elə bu məqamda dahi Şəhriyarın bu kəlamı yadıma düşdü: “Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”. Keçən il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirdiyiniz tədbirlərə görə Sumqayıt şəhərində yaşayan beş yüz min insandan yalnız dörd nəfəri- Zakir Fərəcov, Sovet Şükürov, Əvəz Mahmud Lələdağ və siz “Heydər Əliyev-100” medalına layiq görüldünüz. Bu, böyük mükafat sayılır. Bu mükafatı sizə hansı işlərinizə görə verdilər?
- Keçən ilin əvvəlində cənab İlham Əliyev sərəncam verdi ki, “2023-cü il Heydər Əliyev ili olsun”. Eşidəndə ki, Ulu Öndərin 100 illik yubilyeni il boyu keçirəcəyik, çox sevindim. Çünki əbədiyaşar Heydər Əliyev dünya səviyyəli bir şəxsiyyətdir. Bunu heç kim dana bilməz. Mənim isə Ulu Öndərə şəxsən böyük hörmətim, məhəbbətim var. Həm də mən onu yaxşı tanıyırdım və dəfələrlə onun keçirdiyi tədbirlərdə iştirak etmişəm. Onunla çox söhbətlərimiz olmuşdu. Həm dahi Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi vaxtda, həm Naxçıvanda işlədiyi illərdə və həm də ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə. Məhz ona görə də ümummili lider Heydər Əliyevlə bağlı deyəcəyim çoxlu fikirlər var və hansılar ki, heç mətbuatda yazılmayıb. Ona görə də keçən ilin əvvəlindən Sumqayıt Ağsaqqallar Şurasında əlavə iş planı tərtib elədik və şəhərin çox yerlərində tədbirlər keçirtdik. Burada çoxlu mövzular olurdu. Həmin tədbirlərdə təkcə mən yox, Ağsaqqallar Şurasının üzvü olan çoxlu insanlar da Ulu Öndərlə bağlı ürək sözlərini dedilər. Bu tədbirlərdə minlərlə sumqayıtlılar iştrak elədi və mətbuatda bununla bağlı çoxlu yazılar yazıldı. Siz də həmin tədbirlərdə iştirak eləyirdiniz və həmin tədbirləri mətbuatda işıqlandırırdınız. Buna görə də sizə Sumqayıt ağsaqqalları adından təşəkkür eləyirəm. Mən həmişə təkrar-təkrar deyirəm ki, Azərbaycanın 1969-cu ilə qədər dövrü haqqlnda və dahi Heydər Əliyevin həmin vaxtı Azərbaycana rəhbırlik etməsi dövründən sonrakı dövr haqqında çox şeyləri ətraflı bilirəm.

Heydər Əliyev Azərbaycana rəhbərliyə gələnə qədər respubliamızda üzümçülük, maldarlıq, pambıqçılıq, ağır sənaye və neft sənəyesi olduqca ağır bir vəziyyətdə idi. Ona görə də SSRİ rəhbərliyi Siyasi Büroda məsələ qaldırmışdı ki, üzümçülüyü bizdən alıb Gürcüstana, Maldovaya versinlər. Pambıqçılıq, maldarlıq Orta Asiya respublikalarına verilsin və neft sənayesinə rəhbərliyi isə Rusiyaya tapşırsınlar. Məhz ölkənin bu ağır vaxtında dahi Heydər Əliyev hakimiyyətə gəldi və cəmi iki ilə bu sahalardə, eləcə də kimya, metallurgiya və sənayenin başqa sahələrində çox böyük dönüş yaratdı və Azərbaycan SSRİ-nin on beş respublikası arasında ən öncüllərdən oldu və on beş dəfə SSRİ-nin keçici qırmızı bayrağını Azərbaycana gətirdi. Həmin vaxtlarda, yəni cənab Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə gələn vaxta qədər mən SSRİ-nin bir sıra kimya zavodlarında olmuşdum. Həmin vaxtlar Azərbaycanı heç kim tanımırdı. Sumqayıt haqqında heç bir anlayışları yox idi. Amma sonrakı illərdə mən həmin zavodlarda olanda görürdüm ki, hamı Azərbaycan və Sumqayıt haqqında çox böyük həvəslə, fəxarətlə yaxşı fikirlər deyir. Ulu Öndər Moskvaya işləməyə gedəndə əfsus ki, onu əvəz eləyən yaxşı kadr olmadı və məhz ona görə də Azərbaycanın başına həmin müsibətlər, faciələr gəldi. Torpaq larımızın iyirmi faizi işğal olundu. Qərbi Azərbaycandan həmvətənlərimizi zorla köçməyə məcbur elədilər. Nə yaxşı ki, xalqımız dahi Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gətirməklə Azərbaycanın bütövlükdə parçalanmasının, vətəndaş qırğının qarşısını aldı. Azərbaycana rəhbərlik etdiyi on ildə də çox böyük işlər gördü. Atəşkəsə nail olmaqla çoxlu həmvətənlərimizin şəhid olmasının qarşısını aldı. XX əsrin ən böyük tarixi hadisəsi və layihəsi olan Bakı-Tiflis-Ceyhan neft kəmərini reallaşdırdı. Bununla da Azərbaycanı düşdüyü bataqlıqdan çıxartdı.

- Əgər dahi Heydər Əliyevdən sonra hakimiyyətə cənab İlham Əliyev gəlməsəydi məmləkətimizin taleyi necə olacaqdı?
- Mən bir mənalı deyirəm ki, çox pis olacaqdı və ölkəmiz parçalanacaqdı. Nə yaxşı ki, Ulu Öndərin məktəbini, siyasi kursunu keçən cənab İlham Əliyev hakimiyyətə gəldi və bu iyirmi ildə onun Azərbaycan üçün gördükləri də göz qabağındadır. Ən əsası isə otuz illik Qarabağ həsrətimizə son qoydu və torpaqlarımızı tam birləşdirdi. Bu qələbə də Nadir şahın qələbəsindən sonra, yəni 200 ildən sonra ən böyük tarixi qələbə sayılır. Həm də cənab İlham Əliyev çox yaxşı kadr siyasəti apardı. Elə onun Sumqayıta cənab Zakir Fərəcovu İcra Hakimyyətinin başçısı təyin etməsi buna tam sübutdur. Zakir müəllim cəmi səkkiz ildə Sumqayıtda on illərlə görülən işlərdən çox iş gördü. Sumqayıt indi özünün ikinci intibah dövrünü yaşayır və dünyanın ən gözəl şəhərlərindən biridir. Cənab İlham Əliyev iyirmi illik hakimiyyəti dövründə 33 dəfə Sumqayıtda olub. Bu, onun Sumqayıta necə böyük sevgisi olmağına tam sübutdur. Dahi Heydər Əliyev də Sumqayıtda 16 dəfə olub və mən də həmin tədbirlərin demək olar ki, çoxunda iştirak etmişəm. Ulu Öndər bu şəhərə gəlişində 45-50 dəqiqə çıxış edirdi və bizə bir illik tapşırıqlar proqramı verirdi. Bu proqramlar elə maraqlı və şəhərin bütün sahələrində inkişafı ilə bağlı olduğuna görə biz də həmin proqramları böyük həvəslə yerinə yetirirdik. Dahi Heydər Əliyevdə çox böyük masştablı, geniş düşüncə tərzi olduğuna görə hər bir planı da zərgər dəqiqliyi ilə verirdi ki, bu şəhərin imkişafına hərtərəfli köməyi olsun. Və Sumqayıt öz məhsulları ilə dünya bazarına çıxa bilsin, şəhərin mədəni həyatı, elmi, təhsili yaxşı inkişaf eləsin.

- Ulu Öndər son dəfə nə vaxt Sumqayıtda olmuşdu?
- Onun bu şəhərə son gəlişi 2003-cü ilin 3 aprel tarixində oldu. Bu şəhərdə rəhbər dəyişikliyi apardı. Bu rəhbər dəyişikliyi də şəhərdə ikitirəliyə son qoydu. Özünün məntiqli, ötkəm çıxışı ilə hamını yerində otuzdurdu və hamıya qəti tapşırdı ki, bundan sonra hamı yeni İcra Hakimiyyəti başçısı cənab Vaqif Əliyevin ətrafında birləşməlidi ki, Sumqayıt yenidən dirçəlsin. Vaqif müəllim də az bir vaxtda Sumqayıt üçün çox işlər gördü. Bu gəliş də ulu öndər Heydər Əliyevin regionlara son səfəri oldu. Blirsiniz ki, aprel ayının 21-də Hərbi məktəblərin tələbələri, məzunları qarşısında çıxış eləyən vaxtı səhhətində problemlər yarandı. Sumqayıtdakı çıxışı vaxtı da bu şəhərdəki Səməd Vurğun adına Mədəniyyət Sarayını və Kimyaçılarım Mədəniyyət Sarayını tam təmir etməyi bizə qəti tapşırdı. Biz də ən qısa vaxtda həmin Mədəniyyət saraylarını təmir etdik. Ulu Öndər dünya səviyyəli çox böyük dahi şəxsiyyət idi və məhz ona görə də dünya xalqlarının ona dərin hörmətləri var. Ulu Öndər həmişə belə deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ona görə də həmişə Azərbaycanın iqtisadiyyatının yüksəlməsinə çalışırdı.

- Bu prezident seçkilərində yenə də sumqayıtlılar başqa bölgələrdən seçildilər və onlar demək olar ki, yekdilliklə cənab İlham Əliyevə səs verdilər. Bu müqəddəs işdə sumqayıtlı ağsaqqalar necə iştirak elədilər?
- Prezident seçkilərilə bağlı Ağsaqqallar Şurası üç dəfə böyük tədbir keçirtdi. Əlbəttə, biz orada birbaşa heç kimə demədik ki, kimə səs versinlər. Amma hamı öz seçimini əvvəlcədən eləmişdi. Axı Qarabağın xilaskarını, Azərbaycanı iyirmi ildə dünya səviyyəsində tanıdan bir şəxsiyyəti qoyub heç kim başqasına səs verməzdi. Mən seçki günü məntəqələri gəzəndə və demək olar ki bütün ağsaqqallarımızın seçkiyə gəldiyini görəndə xoş duyğular keçirtdim. Sumqayıtlılar cənab İlham Əliyevin bu şəhərə necə böyük sevgisinin olduğunu da ona yekdilliklə səs verməklə bildirdilər. Ona görə də Sumqayıtda 70 fazidən çox səsvermə oldu və prezidentimiz 92 faizdən çox səs topladı. Bu, dünya miqyasında çox böyük göstəricidir. Biz hamımız bilir ki, dünyanın aparıcı ölkləri ermənilərin tərəfini saxlayır, amma cənab İlham Əliyev özü tək onlarla vuruşur və Azərbayanın haqq iş uğrunda mübarizə apardığını onlara tutarlı dəlillərlə, məntiqlə sübut eləyir. Bu, elə ölkə başçımızın, Ali Baş Komandanımızın böyük qələbəsidir. Biz bir millət kimi fəxr eləməliyik ki, dahi Heydər Əliyev kimi prezidentimiz olub və onun uğurlu siyasətini layiqli davam etdirən cənab İlham Əliyev kimi Ali Baş Komandanımız var. Mən burada Mehriban xanım Əliyevanın adını çəkməsəm bu, Allaha da xoş getməz. Çünki Mehriban xanım da Birinci vitse-prezident kimi həmişə cənab İlham Əliyevin yanında olub və onunla çiyin-çiyinə döyüşüb. Və bu gün də azad olunmuş torpaqlarımızda onun yanındadır. Mən onları məğrur Qartalın qoşa qanadı hesab eləyirəm. Mən Yeni Azərbaycan Partiyasının iclaslarında nə qədər çıxış eləmişəm, həmişə orada Leyla xanım Əliyevanın da adını çəkmişəm. O, cavan bir xanım Moskva şəhərində, Rusiyanın və başqa ölklərin şəhərlərində keçirilən tədbirlərdə olanda “Xocalıya ədalət” kompaniyası aparıb. Xocalı harayını qaldırıb və Azərbaycanın haqq iş uğrunda vuruşduğunu sübut eləyib. Yaxşı bilirsiniz ki, Rusiyada və xarici ölklərdə erməni lobbiçiliyi, diasporası çox güclüdür. Onların yanında bütün bunları sübut eləmək heç də asan deyil. Deməli, Leyla xanımın mükəmməl düşüncə tərzi var. Leyla xanım həm də maraqlı şairə və rəssamdır. Onun şeirlər kitabı həm rus və həm də Azərbaycan dilində məndə var. Mən də uzun illərdir ki, şeir yazıram və ona görə də şeirin nə olduğunu yaxşı bilirəm və onu təhlil eləməyi də bacarıram. Leyla xanımın şeirləri çox maraqlı və məzmunlu şeirlərdir.

- Təbrik müəllim. Bu il Sumqayıta şəhər adının verilməsinin noyabr ayının 22-də 75 ili tamam olacaq. Bununla bağlı eşitmişəm ki, siz artıq tədbirlər planı hazırlayıbsınız və aprel ayının əvvəllərində bu işə başlamaq istəyirsiniz. Bu işlər necə olacaq?
- Sumqayıtın şəhər kimi 75 illik yubileyi ilə bağlı şəhərin ağsaqqalaları ilə cavanların birlikdə çoxlu görüşlərini keçirməyi planlaşdırırıq. Mən özüm bu şəhərə 1970-ci ildən ali mətkəbi bitirəndən sonra təyinatla gəlmişəm. Həmin vaxtı da burada azərbaycanlı mütəxəssisləri rəhbər vəzifələrə qoymurdular. Rəhbər vəziflərdə əsasən ermənilər, ruslar, yəhudilər və başqa millətlər idi. Ona görə də Sumqayıtın başına oyun açırdılar və çoxlu zərəli maddələri olan müəssisləri burada tikdirirdilər. Mən ali təhsilli mütəxəssis olsam da burada fəhlə kimi işə başlamışam. Baxmayaraq ki, orta məktəbi və ali məktəbi əla qiymətlərlə bitirmişdim, amma məni fəhlə kimi işə götürmüşdülər. Və sonra az bir vaxtda bacarığımı görüb vəzəiflərə işə çəkdilər. Unun illər kimya müəssisələrinin rəhbəri işlədim.

Burada, bu şəhərdə ağasqqallar var ki, lap əvvəldən bu şəhərə gəliblər. Yəni bizim bu şəhərlə bağlı çoxlu xatirələrimiz var və cavanlara danışmaq istəyirik ki, onlar da bu şəhəri bizim kimi sevsinlər. Göz bəbəyi kimi qorusunlar. Narkomaniyadan və başqa bəd əməllərdən, pis vərdişlərdən uzaq olsunlar. Burada əkilən hər bir ağacı, gül kollarını göz bəbəyi kimi qorusunlar. Axı qumsallıda belə bir gözəl, yaraşıqlı şəhər ucalıb. Bu şəhəri ərsəyə gətirmək üçün çox böyük zəhmət çəkilib. Bizim bu gün borcumuzdur ki, cavanların pis əməllərini onlara irad tutaq ki, onlar həmin əməllərdən uzaqlaşsınlar. Bizim millət həmişə ağsaqqala sitayiş eləyib. Çünki onların həyatı elə özü bir müqəddəs məktəbdir. Ağsaqqalını sevməyən heç vaxt uğur qazana bilməz. Dahi Konfustinin ağsaqqal haqqında belə bir maraqlı kəlamı var: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgəsində axtarırlar”. Məşhur Hepellinin isə bu müdrik kəlamı mənim tez-tez işlətdyim sözlərdir: “Sənin şöhrətin sənin kölgən kimidir- o gah səndən qabaqda, gah arxanda gedir və bəzən səndən böyük, bəzən kiçik olur”. Ona görə də ağsaqqal sadə, müdrik, səbərli, sülh tərəfdarı və uzaqgörən olmalıdır. Belə olanda hamı tərəfindən sevilir və qiymətləndirilir.

Bizim Sumqayıtdakı ağsaqqallarımız da çox savadlı, təmkinli və uzaqgörən insanlardır. Onlar ölkədə gedən bütün işləri çox düzgün və maraqla izah eləyə bilirlər. Mən bir məsələni də demək istəyirəm. Əgər imkan olsa yazın. Çox vaxt yazırlar ki, filankəsi ad günü münasibətilə təbrik edirik. Əslində biz bilmirik ki, həmin adama adı hansı gündə veriblər. Bu söz, “doğum günü” münasibətilə yazılmalıdır. Ad günü münasibətilə yox. Bu gün dilin təmizliyinə çox böyük ehtiyac var. Sumqayıtın da təməli hələ 1931-ci ildən başlayır. Amma bu şəhərə ad verilməsi 1949-cu ildə olub. Deməli, biz noyabr ayının 22-də Sumqayıta şəhər statusu verilməsinin 75 illiyini qeyd edəcəyik. Mən bir şeyə sevinirəm ki, sumqayıtlılar öz şəhərlərini çox sevirlər. Bu şəhər onların Vətənidir. Dahi Şah İsmayıl Xətai isə deyib ki, “Vətən sevgisi iman əsəridir. Vətənini, xalqını sevməyəndə iman olmaz”.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

Sumqayıt şəhəri,
03- 07 aprel- 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə