Valeh Sefiyev
QANIMIZLA YAZMIŞIQ
HƏYAT KODEKSİMİZİ.
(“Zəfər Dastanı” poemasından)
44 günlük o döyüş....
İgidlərin ölümü
Bizi yaman incidir,
Bizi yaman ağrıdır.
...Analar əzizimiz,
Dinimiz, imanımız;
Gözümüzün işığı,
Ürəyimiz, canımız.
Ən çox yanan, qan olan
Qovrulub, büryan olan
Anaların bağrıdır.
Bir gecənin içində
Analar neçə dəfə
Ağır yuxular görür:
Görür, oğlu can verir!-
Yuxusu qara gəlir ;
Öz qara yuxusunda
Analar fikrə gedir,
Yəqinlik hasil edir,
Qəti qərara gəlir :
- Oğulların ölümü
Həqiqidir, doğrudur !
Analar bu yuxuya
İnanmaq istəmirlər.
Tez, hövlnak oyanıb,
Sağa, sola boylanıb,
Oğul da gözləmirlər.
Haldan-hala düşürlər:
Huş aparır, yatırlar.
Analar yuxuda da
Dərdə, qəmə batırlar.
...Bir dərd səni oxşasın,
Əzizləsin ölüncə. –
Insan necə yaşasın?
Bundan artıq işgəncə?!..
Nələrə dözmür insan?!..
Haqdan, haqq dərgahından
Biz daha nə istəyək?
Nə təmənna eləyək?!..
“...Barılar söküləcək,
Saraylar tikiləcək.
Ölməyib, mənim oğlum
Arxayınam gələcək.
Xonça bəzəyəcəyəm,
Onu gözləyəcəyəm.
Mən elçi gedəcəyəm.
Oğlumu nişanlayıb
Toyunu edəcəyəm.
Gəlin gətirəcəyəm.
Mən nəvə görəcəyəm,
Nəvə böyüdəcəyəm.
Bir anda neçə dəfə
Onu bağrıma basib
Oxşayıb öpə-öpə:
“Mübarək qədəminə
Qurbanam!”-deyəcəyəm.
Mən nəvə görəcəyəm,
Oğlum “Ata!” olcaq.
Nəvə böyüdəcəyəm,
Evim nurla dolacaq ...”
... Xəyal edir analar.
Məlal edir analar.
Bu yollarda, izlərdə
Əlimiz çatmır ələ.
Göy gurlayır, ün düşür,
Ömür qurtarmır hələ.
Ovsunlanıb elə bil, -
Günlər, aylar ötüşür,
Dolaşır, düyün düşür,
Saya, hesaba gəlmir.
Damarında qan donur.
Kirpiyinə şeh qonur. –
Analar yasda, toyda
Hey düşünür, daşınır,
Ürəyinə bir an da
Dinclik, toxtaqlıq vermir
Iynənin ucu boyda
Ümid işığı görmür,
Təsəlli tapa bilmir.
...Qış keçib, gəlib bahar,
Ömür sürməyə nə var?!..
Ancaq bizim Analar
Şəhid balalarını
Unuda bilmirlər ki!
Nə üçün ağlayırlar? –
Onu da bilmirlər ki!
Bu gün belə olurlar,
Sabah elə olurlar.
Şirin yuxu bilmirlər,
Oturub dincəlmirlər.
Analar yaşamır ki!..
Onlar ayaq üstədir.
Onların gözü yolda,
Qulağı da səsdədir ...
***
... Çox əzablar çəkmişik,
Büruzə verməmişik,-
Qəlbimizdə ağlayıb,
Qəlbimizdə çökmüşük.
İkibaşlı qartalın
Sinəmizdə oturub
Canımızı diddiyi,
Qanımızı içdiyi
O dəhşətli zamanlar...
Qanlı 20 Yanvar !..
“Şanlı”, “böyük”, “qüdrətli”,
“Möhtəşəm”, “əzəmətli”
İmperiya “işığına” –
Bir bayrağın altında
Ayrı-ayrı millətlər,
Xalqlar “qardaşlığına”
Itən inam, etibar.
Əbədi damğalanan,
Puç olan etiqadlar;
Ürəyimizdən qopan
Nifrət saçan fəryadlar...
Əlacımız nə idi? –
O dar gündə haraya
Əlimiz çatırdı ki ?
Dünya namərdləşmişdi!
Kim yetişdi harya ?
Qanımız batırdı ki!..
Alnımız qırış-qırış,
Başımız aşağıydı.
Kökündən yox olurduq!
Qəzəbdən boğulurduq,
Qisas ala bilmirdik –
Nəfəs ala bilmirdik,
Çatmırdı havamız da;
Şöhrəti, şanı ilə
Dünən öyündüyümüz,
Haqq-ədalət əhdinə
Çox, çox güvəndiyimiz,
Başına döndüyümüz,
Çiyni Ağ göyərçinli
“Qızıl” Moskovamız da
Bu gün qan çanağıydı.
Yaxşı-yaman günlərdə
Qol-qola gəzdiyimiz,
“Can!” deyib, “can!” eşidib
Duz-çörək kəsdiyimiz
Qardaşımız deyildi,
Sirdaşımız deyildi;
Üstümüzə tank sürən,
Qoşun çəkən, yeriyən,
Gözünü qan bürüyən
Qatı düşmən, yağıydı.
Uşaq-böyük bilmirdi,
Yetəni haqlayırdı. –
Günahsız insanları,
Silahsız insanları
Avtomatlar biçirdi,
Tanklar ayaqlayırdı.
Bu necə vicdansızlıq,
Amansız qərar oldu?!..
Bu gen, işıqlı dünya
Başımıza dar oldu
Yaralı Aslan kimi
Yaladıq qanımızı.
Bir yer tapa bilmədik
Qoymağa canımızı.
Gərildi əsəbimiz!..
Qismətimiz beləymiş,
Bu imiş nəsibimiz.
Indi necə barışaq?
Necə qaytarmaq olar
O ruhu, o inamı?!..
Xalqımın haqq səsinə
Bir bayrağın altında
70 illik dostluğun,
Qardaşlığın “sovqatı”,
“Hədiyyəsi”, “ənamı”
Qırğın oldu, qan oldu.
Bakımızın ortası
Şəhidlər Xiyabanı –
Bir məzaristan oldu.
... Köhnə dostlar, qardaşlar!
Silahdaşlar, sirdaşlar! –
Qanımızla yazmışıq
Həyat kodeksmizi.
Yaxamızdan əl çəkin,
Rahat buraxın bizi,
Qolumuza girərək,
Qardaş!.. Sirdaş!.. deyərək
Bizə az tumar vurun,
Az çəkin bu sığalı!
Çəkdiyimiz müsübət
Olmadımı yetərli,
Etmədimi kifayət?!..
Yəni yenə döğranaq,
Ayaqlanaq, budanaq?!..
Bəlkə bir az çəkinək,
Həya edək, utanaq,
Lal olaq, danışmayaq
Bu barədə, bu haqda?!..
Çöx görmüşük bu saxda
Mehri, mehribanlığı,
Nəvazişi, qılığı,
Təşəkkürü, “sağ ol!”u.
...Ruhumuzu sarsıdan
Məhrumiyyətlər dolu
İllər keçib aradan.
Heç ağıla gəlməyən,
Sərhəd, hüdud bilməyən
Erməni barbarlığı...
Erməni murdarlığı...
Xocalıdan bu yana
Yuxum ərşə çəkilib.
Sakit dura bilmirəm,
Dinc otura bilmirəm.
Yuvasız bir qartalam,
Yuva qura bilmirəm -
Qəzəbim aşıb-daşır.
İndi zaman başqadır.
İndi dövran başqadır.
Düşmən üçün qorxudur,
Vahimədir kölgəmiz.
Turan kitabımızda -
Bizim hesabımızda
Hər doğulan körpəmiz
Beşik yaşında belə
Qəhrəman, qədd-qamətli,
Tufanlı, cəsarətli
Qeyrət çəkən kişidir.
Xəbər çatıb mənə də
Qulaqlarım eşidir :
Bizim Turan elində
Çoxdan yada düşməyən,
Köhnəlmiş, unudulmuş
Bir söz-söhbət dolaşır. -
Qızışır, tüğyan edir.
Dünyanı silkələyir. -
Yapışıb yaxasından
Bir dön geri bax deyir.
Gizlin söhbətimiz yox.
Ucuz qeybətimiz yox.
Üz-üzə dayanmışıq,
Göz-gözə dayanmışıq.
Bu elin, bu obanın
Mən də bir yazan əli,
Aydın danışan dili.
Dünya, sözüm sənədir :
- Bizi, özünü tanı !
Etibar, vicdan hanı ?
Bu namərdlik, nankorluq,
Bu kəmfürsətlik nədir ?
Bu biqeyrətlik nədir ?-
Qəzəbim aşıb-daşır.
Bizim Turan elində
Bir söz-söhbət dolaşır.
Qızışır, tüğyan edir,
Silahlı üsyan edir:
- Deyirlər, Əmir Teymur
Buralardan keçəndə,
Dəstəmazını alıb,
Namazını da qılıb,
Kefi kök, damağı çağ
Bulaqdan su içəndə,
Erməni casusundan
Necə murdarlıq görüb,
Bütün ermənilərin
Qətlinə fərman verib.
Əmirin qərarından
Göylər də razı qalıb.
Yer üzünə, dünyaya
Gur işıq, nur ələyib.
Əmirin öz anası
Ordunun qabağında
Ləçək açıb Əmirdən
İnsaf, imdad diləyib.
Türk oğlu anasının
Sözünü, ricasını
Göylərdən, səmalardan
Aşağı endirməyib –
Ananı sındırmayıb.
Bunu öz qüdrətinə,
Şanına, şövkətinə,
Hökmdar qüruruna
Əmir yaraşdırmayıb. -
Murdar ermənilərin
Hamısını qırmayıb
...Avropalı cənablar!..
Yuxumuzda görürük
Yaşadığımız dünya –
Ərz əmin-amanlıqdır!..
Şirindirmi bu xülya?
Avropalı cənablar!
Duyuram, sizin üçün
Çox suala cavablar
Hələ də qaranlıqdır.
Tarixin sərt qanunu
Ilgəyində saxlayıb
Hamımızın boynunu.
Batırıq iynə kimi
O xayin gözünüzə -
Kitablar açıb, sizə
Vicdan dərsi veririk.
Yaşamaq öyrədirik,
Döğru yol göstəririk.
Bəli, o vaxt, o zaman
Mənfur ermənilərin
Kökünü kəsmək üçün
Yaxşı fürsət olubdur,
Əfsus, güzəşt olubdur!..
Unutmayın bir an da :
Kim idiniz siz onda?!..
Avropalı cənablar!
Biz yaxşı tanıyırıq
Kimin kim olduğunu.
Kim dana bilər bunu? –
Eraları titrədən,
Dünyanın bu başından
O başına əzmlə
Qoşun çəkən, yeridən
Əcdadımız, kökümüz;
Aydan arılığımız,
Sudan duruluğumuz,
Dağdan ağırlığımız,
Nüfuzumuz, çəkimiz;
Bu şan, bu şövkət ilə,
Bu güc, bu qüdrət ilə
Namərdlik etmirik biz,
Fitvaya getmirik biz.
Uymayıb cəhalətə, –
Hər xalqa, hər millətə
Xoş günlər diləyirik.
Ancaq bir türk olaraq
Etiraf eləyirik:
- Biz yaranandan bəri, -
Xəlq olunandan bəri
Kin, nifrət bilməmişik,
Ədavət bilməmişik,
Xəyanət bilməmişik.
Olmamışıq nainsaf,
Yaşamışıq təmiz, saf !
Bağışlamaq, rəhm etmək!..
Düşmənlə də dil tapıb,
Yol tapıb yola getmək!..
Xeyrə-şərə yanaşı.
Birgə, qol-qola getmək!..
Bağışlamaq, rəhm etmək!..
...Bu gün özüm özümlə
Haqqım var hesab çəkim.
Bütün varlığımıza,
Mənliyimizə hakim
Könül rahatlığımız,
Bizim ruhumuz budur.
“Bəşəri günahımız” –
Qaranlıq sabahımız,
Sağalmayan yaramız,
Acı, bəd rüzgarımız,
Qara yuxumuz budur.
Söhbət budur, söz budur
Döğru budur, düz budur.
Bu eşq, bu amal ilə
Gedirik bu yol ilə.
Düşsək də min bəlaya,
Şükür sənə, Xudaya! –
Imdadımıza çatıb –
Kömək əli uzadıb
Yapışıb qolumuzdan
Saxlama yolumuzdan,
Çox xahiş eləyirik
Sənin saxavətindən,
Sənin kəramətindən
Bu gün də biz hamımız
Qocamız, cavanımız
Haqqa, firavanlığa,
Bəşərə, insanlığa
Sitayiş eləyirik...
Bütün xəbərlər Facebook səhifəmizdə