“Sahibkarlıq olmasa, Azərbaycanın nə gələcəyi, nə də inkişafı ola bilər” - Sahil Babayev

“Sahibkarlığın, özəl sektorun bütün istiqamətlər üzrə inkişafı, biznes mühitinin əlverişli olması hər bir dövlətin ən ali siyasətlərindən biridir. Dövlətin inkişafı məhz sahiblarlığın inkişafı ilə sıx bağlıdır. O cümlədən, sahibkarlıq ölkədə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Azərbaycanda məşğulluq, əmək münasibətlərinin düzgün təməl üzərində qurulması hər zaman siyasətimizin ana xəttini təşkil edib. Məhz məşğulluq və əmək münasibətlərinin düzgün tənzimlənməsi əhalinin sosial rifahının, gəlirlərinin əsas təminat mənbəyinə çevrilir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda keçirilən konfransda deyib.

“Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bütün görülən işlərimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır. Bu rifahın əldə edilməsi üçün ən əsas mexanizmimiz məşğulluqdur. Dövlətimizin sosial dəstək mexanizmləri də genişdir. Lakin ümumi əhatə dairəsinə baxdıqda məşğulluq və əmək münasibətləri ən önəmlisidir. Məşğulluğun təmin olunmasında da əsas məsuliyyət özəl sektorun, sahibkarların üzərinə düşür. Ona görə də bu gün tək sahibkarların deyil, bütün Azərbaycanın doğum günüdür. Çünki sahibkarlıq olmasa, Azərbaycanın nə gələcəyi, nə inkişafı ola bilər”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə