"Bizim yeganə problemimiz hal-hazırda mina problemidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

""Böyük Qayıdış"la bağlı dövlət proqramının həyata keçirilməsi intensiv şəkildə davam edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, artıq yay ayları ərzində intensiv köç prosesi sürətlənəcək: "Artıq Şuşaya ilk dəfə olaraq "Böyük Qayıdış" başlayır. Biz bu yay ərzində və ilin sonuna kimi Şuşaya şəhər sakinlərinin işğaldan sonra ilk dəfə daimi yaşayış üçün qayıtmasının şahidi olacağıq. Bildiyiniz kimi Laçın şəhərində artıq əsas məskunlaşma başa çatmışdır. İndi bu prosesin davamı gedir. Laçın gündən-günə gözəlləşir, inkişaf edir. Oturuşmuş "Böyük Qayıdış" və köç prosesi sürətlə davam edir. Eyni zamanda Füzuli şəhəri də bu proqram çərçivəsində müvəffəqiyyətlə sakinlərini qarşılayır. Dövlət proqramı bu istiqamətdə də həyata keçirilir.

Bunlar hamısı davam edən, geniş vüsət almış quruculuq, bərpa işləri ilə birlikdə gedir. İnfrastruktur sistemi, yollar, körpülər, tunellər, hava limanları çox sürətlə tikilməkdədir. Bunu biz hər dəfə Qarabağ iqtisadi zonasına, Şərqi Zəngəzur iqtisadi zonasına səfər edəndə görə bilirik. Dövlətimiz böyük büdcə vəsaitlərini məhz Qarabağ iqtisadiyyatının inkişafı üçün ayırır, insanların geri qayıtması üçün zəmin hazırlayır. Eyni zamanda Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rifah halını yüksəltməsi bu prosesin ətrafında gedən siyasi proseslərlə də məntiqi sonluğunu tapacaq. Çünki Ermənistanla bütün problematik məsələləri həll etdikdən, Azərbaycanın suverenliyi bərpa edildikdən, Qazaxın 4 kəndi qaytarıldıqdan sonra Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiya və demarkasiya prosesi çərçivəsində ilk sərhəd nişanının torpağa basdırıldığı kontekstdə bu məsələyə baxsaq, "Böyük Qayıdış"ın daha təhlükəsiz, daha müvəffəqiyyətlə olacağı göz qabağındadır. Çünki Qarabağ bölgəsi üçün heç bir təhlükə qalmır, beləliklə də, bu prosesi yekunlaşdırmaq daha müvəffəqiyyətli olacaq".

"Bizim yeganə problemimiz hal-hazırda mina problemidir. Bu problem də obyektiv xarakter daşıyır. Minanın sayının çox olması bizdən asılı deyil. Dövlətin əlindən gələni etməsi bu prosesi yekunlaşdıracaq. Ancaq mina problemi dünyanın üzləşdiyi problemdir ki, burada sürət amilinə yox, daha çox minanın təhlükəsiz şəraitdə təmizlənməsi amilinə önəm verilir. Ona görə də biz məsələni də nəzərə almalıyıq. Beləliklə, "Böyük Qayıdış" proqramının əsas hissəsi 2025-2026-cı illərdə başa çatacaq. Azərbaycanın Qarabağ iqtisadi zonası, Şərqi Zəngəzur Azərbaycanın digər bölgələrindən biri kimi inkişaf etmiş yer olacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə