Adı və soyadı bir-birini tamamlayan maraqlı insan - (Portret cizgiləri)

Adil Poladov- 50

Adil Poladov: “Hər bir insanın qiyməti onun Vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür”

Onunla tanışlığımın tarixi iki ildən bir az çoxdur. Amma mənə elə gəlir ki, biz onunla uzun illərin tanışı, dostuyuq. Onu mənimlə və Sumqayıt Dostlar Klubunun idarə heyyətinin başqa üzvlərilə yazıçı-publisist, ictimai xadim Hümbət Həsənoğlu tanış eləyib. Və deyib ki, “ mən çox istəyirəm ki, Adil Poladov da bizim Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvü olsun. Çünki cavan olmasına baxmayaraq, böyük ziyalı, çox istedadlı və savadlı insandır. Biz, onunla birlikdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində bir yerdə işləmişik. Dövlətə, dövlətçiliyə çox sadiq insandır”. Sonra Hümbət Həsənoğlu onun haqqında yenə də maraqlı fikirlər dedi. Və məlum oldu ki, Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərindən bir neçəsi də Adil müəllimi yaxşı tanıyır.

Beləliklə, həmin gündən bizim yaxın tanışlığımız başladı. Biz Dostlar Klubunun idarə heyyətinin üzvləri dəfələrlə yol-yoldaşı olduq. Məmələkətimizin ayrı-ayrı bölgələrinə bir yerdə getdik. Yol boyu, eləcə də həmin yerlərdə olanda maraqlı söhbətlərimiz oldu. Bu söhbətlərimizdə mən həmişə görürdüm ki, Adil Poladov elə orijinal, məntiqli fikirlər deyir ki, hamımız onun söhbətinə maraqla qulaq asırdıq. Baxmayaraq ki, Dostlar Klubunun idarə heyyətinin üzvlərinin hamısı böyük həyat təcrübəsi olan, yüksək savada malik insanlardır və çoxu da ayrı-ayrı müəssislərdə rəhbər vəzifədə işləyiblər, fəxri adları, elmi dərəcələri var, amma onlardan yaşca iyirmi yaşdan da çox cavan olan Adil Poladovun fikirlərilə tam razılaşırdılar. Hamımız da fəxarətlə ona baxırdıq ki, belə bacarıqlı, savadlı insan dövlətin çox mühüm sahələrindən birində aparıcı vəzifədə işləyir və dövlətə, xalqına yüksək səviyyədə xidmət eləyir. Elə həmin vaxtı İohan Hötenin bu kəlamı yadıma düşürdü: “ Təkcə bilik azdır, onu tətbiq etmək lazımdır, istəmək azdır, fəaliyyət gösrərmək lazımdır”. Adil Poladov da özünün biliyi və onu lazım olan kimi tətbiq etməsilə böyük uğurlara imza atır.

Bu ilin mart ayının 23-də Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvləri Adil Poladovun 50 illik yubileyini keçirtdik. Bu, çox təmtəraqlı bir yubiley oldu. Hamı Adil müəllimlə bağlı ürək sözlərini dedi. Həmin maraqlı sözlərlə və Adil Poladovun bu fikirlərə aydınlıq gətirməsi bir daha onun necə böyük savada, yüksək məntiqi düşüncəyə malik olduğunu bizə göstərdi…

Həmin tədbirdə belə qərara gəldim ki, bu maraqlı şəxsiyyətlə, yüksək ixtisaslı mütəxəssislə, çox savadlı insanla, maraqlı şairlə çoxminli oxucuları da yaxından tanış eləyim. Düzdü əvvəlcə Adil Poladov razılıq vermədi, amma mən fikrimdə israrlı olduğuma görə razılaşdı.

Ona görə də ilk öncə çoxminli oxuculara onun qısa tarixçəsi haqqında məlumat vermək istəyirəm: Adil Məmməd oğlu Poladov 23 mart 1974- cü ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini də bu şəhərdə 1981-1991-cu illərdə alıb.

1991-1995-ci illərdə Azərbaycan Tenxiki Universitetində təhsil alıb və mühəndis ixtisasına yiyələnib. O, bu təhsillə öz işini bitmiş hesab eləməyib və məhz ona görə də 2003-2005-ci illərdə ikinci ali təhsil alıb. Belə ki, Azərbaycan İqtisad Universitetinin beynəlxalq iqtisadiyyat fakültəsini bitirib. Bununla birlikdə hərbi təhsili da var. Artileriya Kəşfiyyatçısıdır və zabitdir. Əlli yaşa kimi bu qədər uğurlara imza atmaq doğrudan da həsəd aparasıdır. Adil Poladovun dörd övladı var. O, iki qız, iki oğlan atasıdır.

-Siz uzun illər ayrı-ayrı yerlərdə işləyibsiniz. Həmişə də hamı sizin gördüyünüz işlərdən razı qalıb. Həm də hansı bir işlə məşğul olubsunuzsa az bir vaxtda həmin işin yaxşı mütəxəssisi olubsuz. Bu inamı və insanların sevgisini necə qazanıbsız?
-Artıq 50 yaşına çatmışam. Geriyə dönüb baxanda insan özü – özünə bir hesabat verməlidir: “Mən bu qədər ömür sürdüm. Yaşadığım müddət ərzində nə işlər gördüm? Həyatımı necə yaşadım?” Mən demək olar ki, hər gün bu sualları özümə verirəm. Dahi şairimiz Bəxtiyar Vahabzadənin sözü olmasın: “Bir şeydən razıyam ki, özümdən narazıyam”. Açığı universiteti bitirdikdən sonra insan hara gedəcəyini, harda işləyəcəyini bilmir. Çünki ayrı-ayrı suallar arasında qalır və çox vaxt da bu suallara dəqiq cavab tapa bilmir...
Bir gün evdə idim. Evə qonaq gəlmişdi. Anam dedi ki, evdə çörək var, amma birdən azlıq edər. Get yenə də çörək al .

Magazaya gedərkən yolda sinif yoldaşımı gördüm. Dedi ki, “gəl gedək Hərbi Komissarlığa. Hərbi bileti verirlər. Alıb qayıdaq”. Fikirləşdim ki qonaqlar təzə gəlib. Mən də fürsətdən istifadə edib, hərbi bileti və çörək alıb tez qayıdaram. Evdəkilər də sevinər ki, hərbi biletimi almışam. Hərbi Komissarlığa çatdıq . Adımızı soruşdular və siyahılara baxdılar. Və bizi maşınlara mindirib apardılar hərbi hissəyə. Düzü çox narahat oldum ki, evdə qonaqlar var . Çörək almaq lazımdır. Anam məni axtaracaq . Hərbi hissəyə iki saatdan çox yol getdik. O vaxt mobil telefonlar yox idi. Maşından enən kimi bir təhər evlə əlaqə yarada bildim. Ev telefonuna zəng elədim. Telefonun dəstəyini anam götürmüşdü. Təlaşlı idi və soruşdu: “ Ay bala hardasan?” Başa saldım ki, narahat olmasın...

O vaxtdan mənim hərbi həyatım başladı. Bir çox hərbi hissələrdə, hərbi birləşmələrdə muxtəlif vəzifələrdə xidmət elədim. Hərbidə işlədiyim vaxtlarda da çox insanlarla tanışlığımız başladı. Bəziləri ilə tanışlığımız, dostluğumuz hələ də davam eləyir. Hərbi sahədə çalışmaq həm məsuliyyətdir, həm də şərəf. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməlisən. Bu tapşırıqlar həyatın bahasına da olsa icra olunmalıdır. Ən əsası isə düşünürsən ki, “mən hardayam və məndən sonra nə dayanır?” Anlayan insan üçün bunun məsuliyyəti çox böyükdür. Mən dahi insanların maraqlı fikirlərini, kəlamlarını, aforizmlərini çox sevirəm və onlar mənim həmişə oxuduğum qızıldan qiymətli sözlərdir. İohan Hötenin belə bir maraqlı fikiri var: “Özünü mühakimə etməyi öyrənməyən adam, başqalarını mühakimə eləyə bilməz”. Ona görə də mən həmişə ən çətin məqamlarda özümü mühakimdən başlayıram. Bax, onda yaşamaq mənə maraqlı gəlir.

- Hərbi hissədə xidmət elədiyiniz vaxtı hansı maraqlı hadisələrlə rastlaşıbsınız?
- Hərbidə çalışdığım müddətdə çox hadisələr olub. Onlardan birini qısa olaraq sizə deyim. Bir dəfə rabitəçi icazə istəyib məruzə elədi . Dedi ki, “sabah bizim hərbi hissəyə xarici ölkədən qonaqlar gələcək”. Mən də tapşırıq verdim. Hazırlıq görsünlər. Qış ayları idi. Səhər açıldı. Altı nəfər xarici yüksək rütbəli zabit heyyəti gəlmişdi. Yanlarında bir nəfər tərcuməçi də vardı. Mən təlimata uyğun qonaqları lazım olan yerlərlə tanış elədim. Gedəcəyimiz yerlər meşə və dağlıq ərazilər idi. Yerlərə baxdıqdan sonra biz, yavaş- yavaş aşağı enməyə başladıq. Maşın yolu olmadığından maşınlara qədər piyada üç kilometr məsafə qət etməli idik. Qarlı cığırlarla aşağı enirdik. Yolun ortasında baxdiq ki, bir əsgər kürəyində yemək termosu (20 litrlik), əllərində iki 10 litr su çəlləyi uzü yuxari qalxır. Ayagında da arxası kəsilmiş qaloş var idi. Əsgər bizi görüncə kənara çəkilib əsgəri salam verdi. Gələn qonaqlardan biri digərinə əsgəri göstərib, nə isə dedi. Maşınlara qədər qonaqlari müşayiət elədim. Yolda tərcüməçidən düşündüklərimin təsdiqini almaq üçün bir də soruşdum ki, “o zabit bizim əsgəri göstərib nə soruşurdu?” Dedi ki, “bu təminatla, qarlı havada belə geyimlə əsgərlər hər şeyə dözə bilərsə, bu ordu dünyani alar”. Mən qonaqları yola salıb geri qayıtdım. Əsgərdən çəkmələrinin harda oldugunu və niyə qaloş geyindiyini soruşdum. Səbəbini oyrəndikdən sonra, onu yeni çəkmələrlə təmin etdik. Çox sonralar gördüm ki, həqiqətən də bizim ordu yenilməzdir. Bizim orduya ancaq zəfər, qələbə yaraşır. Necə ki, 44 günlük Vətən müharibəsində biz, bunu sübut elədik və 2023-cü ilin sentyabr ayının 23-də bir günlük lokal xarakterli antiterror əməliyyatı ilə, bizim ordunun peşəkar gücünü bütün dünyaya bəyan elədik. Qarabağ torpaqlarımızı düşməndən tam təmizlədik. Sevinirəm ki, bu işdə mənim də az da olsa xidmətlərim olub...
Daha sonralar mən başqa idarələrdə, fərqli peşələrdə , fərqli ixtisaslarda çalışdım və çalışıram. Həmişə də özüm-özümə deyirəm: “Hansı yerdə çalışmağından asılı olmayaraq sən gördüyün işi sevərək etməlisən. Bu olmasa o işın heç bir nəticəsini ala bilməyəcəksən. Əgər sən rəhbərsənsə mütləq o işin ilkinini sən etməlisən və hər zaman işçilərinin yaninda olmalısan. Belə olmazsa onda o işdən həqiqətən də istədiyin nəticəni ala bilməyəcəksən. Bir sözlə işini sevməlisən”. Axı dahi Nizami Gəncəvi gözəl söz deyib: “Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

-Sizin üçün Vətən sevgisi nə deməkdir? Dövlətçiliyə belə bağlanmağınız və sevginiz haradan gəlir?
-Vətənini sevmək, onun uğrunda gözünü qırpmadan mübarizə aparmaq, canından keçməyə hazır olmaqdır. Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.Vətən sevgisi, vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir insanın qiyməti onun Vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətənpərvərlik hissi hər bir insana körpə yaşlarında aşılanmalıdır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “xəmirimiz” Vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”. Vətənpərvərlik, Vətənə məhəbbət, öz şəxsi mənafelərini Vətən yolunda qurban verməyə əsaslanan hiss və mənəvi bağlılıqdır. Bu bağlılıq, həmçinin mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərini özündə birləşdirən milli hissiyyat, milli qürür kimi də dəyərləndirilir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət- ənənələrinə bağlanmış dövlətçilik durur. O dövlətdə ki, ədalət güclüdürsə, orada hər şey eləmək olar. Alman publisisti Lüdviq Broyul deyir ki, “Ədalət insan həyatı üçün çörək qədər zəngindir”. Həzrəti Əli isə bu kəlamdan daha qabağa gedərək deyib ki, “Dövlətin dini ədalətdir. Ədalət olmayan dövlər dinsizdir”. Dövlətçiliklə bağlı dahi rəhbərimiz, ümummili liderimiz Heydər Əliyev daha tutarlı fikir deyib: “Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır. Cəmiyyət dünyəvi qanunlara zaman-zaman uyğunlaşır, amma milli əxlaqa, milli ənənəyə və milli davranışa zidd olmayan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır. Bəzən "yazılmamış qanunlar" ifadəsi işlədilir. Bu, əslində etnik ictimai davranış və milli əxlaq normasının müasir qanunlarda öz əksini tapmayan hissəsidir. Bu həm də ənənədə formalaşmış xalq demokratiyasının müasir hüquqdan və qanundan genişliyi və üstünlüyüdür.
Xalqımız milli müstəqil, hüquqi, demokratik dövlət quruculuğu prosesini yaşayır. Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli dövlətçilik ənənəmizin tarixinə və onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təsvirinə və təhlilinə də diqqət artırılmalıdır. Tarixdən bizə türklərin qurduğu böyük Hun imperatorluğu, Xəzər xaqanlığı, Göytürk imperatorluğu, Oğuz-Səlcuq imperatorluğu, Osmanlı imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti, Uyğur dövləti və başqaları məlumdur. Türk xalqlarından biri kimi, biz bu dövlətlərin, onların yaratdığı zəngin dövlətçilik mədəniyyətinin varisləriyik. Bununla yanaşı Şirvanşahlar dövləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi dövləti kimi Azərbaycan dövlətləri də mövcud olub. Özü də qüdrətli dövlətlər olublar. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub. Mən milli adət ənənələrimizi hər zaman sevərək təbliğ edirəm. Getdiyim digər dövlətlərdə millətimizə xas olan milli əxlaqi dəyərlərə üstünlük verirəm . Bu, insanin içindən gəlməlidir. Böyük sərkərdə Napaleon Bonapart deyib: “ Dövlət, adamının ürəyinin başında olmalıdır”. Görün necə maraqlı bir kəlamdır.

-Siz, Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvüsünüz. Bu klub haqqında nə deyə bilərsiniz?
-Bir gün işlədiyim idarələrin birində bir nəfərlə taniş oldum. Və sonralar o insanla bir yerdə işləməli olduq. O, insandan mən çox şey öyrəndim və hələ də öyrənirəm. Ən əsası o insandan mən dövlət tərbiyəsi necə olmalıdır, hardan başlamalıdır , harda necə davranmalısan onları öyrəndim. O, insan Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, uzun illər Almaniya Demokratik Respublikasında Sovetlər ordusunun Hospitalında Oftolmologiya şöbəsinin müdiri, yüksək ixtisaslı göz həkimi işləmiş, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, Sumqayıt Dostlar Klubunun sədri Hümbət Həsən oğlu Quliyevdir. Onun rəhbərliyi altında Sumqayıt Dostlar Klubuna ən dəyərli insanlar toplaşıb. Klubda üzv olan insanların hər biri ayrı- ayrılıqda bir dəryadır. Hərəsi bir dünyadır. Bu insanlar dölətimiz, dövlətçiliyimiz üçün xeyli işlər görüblər, yeniliklər ediblər və etməkdə də davam edirlər. Mən çox sevinirəm ki, bu unikal insanlarla bir klubdayam və onlardan çox şey öyrənirəm. Allahdan onların hər birinə can sağlığı arzulayıram. Dahi filosof Sokrat deyib ki, “Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin”. Dahi Emerson isə daha maraqlı belə bir fikir deyib: “ Dost qazanmağın tək yolu dost ola bilməkdir”.
Bax, bugünkü zamanda yaxşı dost qazanmaq və yaxşı dost olmaq çox çətindir.

-Adil müəllim siz təkcə yaxşı mütəxəssis yox, həm də bədii yaradıcılıqla məşğul olursunuz. Bədii yaradıcılığa nə vaxtdan başlayıbsız?
-Açığı mən şair, nasir deyiləm. Sadəcə lap cavanlıq illərindən şeirlər, esselər, nəsr əsərləri yazıram. Yazdığım bədii yazılar da sadəcə ürəyimdə, beynimdə yığılan fikirlərdir və onları yazıya köçürürəm. Onları da hələ ki, çap etdirmək fikirim yoxdur. Amma yaxşı oxucuyam. Çoxlu kitablar oxuyuram. Həm Azərbaycan ədəbiyyatından, həm də dünya ədəbiyyatından. Məşhur Frans Bekonun belə bir kəlamı var: “Mütaliə adamı bilikli, söhbətcil və hazırcavab edir”. Ona görə də bütün yeniyetmələrə, cavanlara məsləhətim budur ki, çoxlu bədii əsərlər oxusunlar. Bax, ona heyifislənirəm ki, indi məmləkətimizdə bədii kitablar oxuyan çox azdır. Mobil telefonlar, internet, tik-tok insanlarımıza çox böyük problemlər yaradır. Zaman gələcək biz, bədii əsərlər oxumamağın acı nəticələrini görəcəyik. Daha doğrusu artıq görməyə başlamışıq...

- Artıq ömürünüzün əlli ilini arxada qoydunuz. Keçmiş illər yada düşəndə nələrə sevinir, nələrə heyifislənirsiz? Həyatınızın ikinci əlli illiyində qarşınızda hansı planlar var?
-Bəli. Mən artıq ömrümün 50 ilini geridə qoymuşam. Həyatda səhvlər də eləmişəm. Yeri gələndə onlara heyifislənirəm də. Amma çalışıram ki, bir səhvi elədimsə, daha onu ikinci dəfə təkrar eləməyim. Həm də ətrafımda olan ağsaqqallradan, müdrik insanlardan həyatla, onun çətinliklərilə bağlı çox şeyləri öyrənirəm. Yaşadığım illər ərzində çox dövlətlərdə olmuşam. Çox millətlərlərin nümayəndələri ilə tanışlıq qurmuşam. Açığını deyim ki, mən öz millətimi çox sevirəm. Yaşadığım illər ərzində çox yaxşı ətraf və etibarli dostlar qazanmışam . Yaşadığım bu əlli il ərzində onun şahidi oldum ki, dövlətimiz 1991-ci ildə öz müstəqilliyini elan etdi. Deməli, mən, bunu da gördüm. Ən böyük sevincim isə o oldu ki, şükürlər olsun itirilmış torpaqlarımızı geri ala bildik . Çox sevinirəm ki, hərbi, rabitə, elektrik, digər sahələrdə həm təcrübə qazanmışam, həm də yeniliklər etmişəm. Allah ömür verərsə yerdə qalan ömrümü də dövlətimiz, xalqımız və millətimiz üçün çalışacam. İnsan, ilk öncə rəhimli, xeyirxah olmalıdır və əlindən gələn köməklikləri başqaları üçün etməlidir. Məşhur İtalyan astranomu Covanni Donatinin bu kəlamı da hələ tələbəlik illərimdən mənim gündəliyimdədir: “Rəhimdil olmasaq, ədalətli ola bilmərik”.

Ağlar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

05-06 aprel- 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə