“Azərbaycan-BƏƏ əlaqələri Yaxın Şərq üçün də strateji əhəmiyyət kəsb edir“ - ŞƏRH OLUNDU

“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə dinamik inkişaf xətti üzrə genişləndirilməkdədir”. Bu fikirləri millət vəkili Musa Quliyev SİA-ya açıqlamasında bildirib.

O, qeyd edib ki, iqtisadi, siyasi, diplomatik, mədəni və humanitar sahələrdə əməkdaşlıq hər iki ölkənin ortaq maraqlarına xidmət edir və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə şərait yaradır: "BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini rəsmi olaraq tanıyan bu ölkə, o vaxtdan etibarən Azərbaycan ilə münasibətlərini dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmuşdur. Qarabağ torpaqları işğal altında olduğu dövrdə BƏƏ bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və ölkəmizin ərazi bütövlüyünü tanıdığını daim bəyan etmişdir.

Son dövrdə, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri fonunda Azərbaycan-BƏƏ əlaqələri yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin təşəbbüsü və həyata keçrilən yüksək səviyyəli səfərlər nəticəsində münasibətlər daha da intensivləşmişdir. 2024-2025-ci illərdə dövlət başçıları üç dəfə görüş keçirmiş, iki dəfə Azərbaycan Prezidenti BƏƏ-yə səfər etmiş, həmçinin BƏƏ Prezidenti Azərbaycana rəsmi səfər etmişdir. Qarabağda keçrilən yüksəksəviyyəli qarşılanma mərasimi və imzalanan 13 sənəd, o cümlədən strateji əməkdaşlıq haqqında bəyəmnamə bu münasibətlərin dərinliyini sübut edir.

Əməkdaşlığın iqtisadi aspektləri xüsusilə diqqətəlayiqdir. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Qaradağ rayonunda 230 MVT gücündə bərpa olunan enerji layihəsi uğurla həyata keçrilmiş və hazırda elektrik stansiyası fəaliyyət göstərməkdədir. Bu fakt Azərbaycanın yaşıl enerji strategiyasının realaşdırılmasına əhəmiyyətli töhfə olmaqla yanaşı, iki ölkə arasında investisiya əməkdaşlığının səmərəliliyini nümayiş etdirir.
BƏƏ Yaxın Şərqin və bütövlükdə Avrasiya məkanının iqtisadi potensialı və ən güclü dövlətlərdən biri kimi tanınır. Belə bir ölkə ilə strateji tərəfdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, iqtisadi və siyasi imkanlarını da artırır. Həmçinin, hər iki ölkənin islam dünyasına mənsub olması, birgə mədəni və dini platformalarda eyni mövqedən çıxış etməsi əlaqələrin dərinləşməsinə əlavə stimul verir. Nəticə etibarilə, Azərbaycanla BƏƏ arasındakı əlaqələr həm siyasi-diplomatik, həm də iqtisadi-mədəni müstəvilərdə yüksələn xəttlə inkişaf edir. Bu əməkdaşlıq regionda sabitlik və qarşılıqlı faydanın təmin olunmasına xidmət etməklə yanaşı, hər iki ölkənin beynəlxalq nüfuzunu da gücləndirir.

Azərbaycanın turizm potensialı olduqca genişdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni turizm obyektlərinin tikintisi həm yerli, həm də xarici turistlər üçün cəlbedici imkanlar açır. Bu baxımdan, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayında yaxın illərdə nəzərəçarpacaq artım gözlənilir. İqtisadi əməkdaşlığın digər istiqamətlərindən biri də “Azərbaycan brendi”nin təşviqi və yerli məhsulların ixracıdır. Xüsusilə kənd təsərrüfatı və emal sənayesi məhsullarının BƏƏ bazarına çıxarılması üçün böyük potensial mövcuddur. Bu, həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə töhfə verir. Bundan əlavə, sənaye, ticarət və iqtisadiyyatın digər sahələrində də Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın dərinləşəcəyi proqnozlaşdırılır. İkitərəfli münasibətlərin bu şəkildə inkişafı Azərbaycanın regional və beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi nüfuzunun artmasına da xidmət edir.

Nəticə etibarilə, Azərbaycan–BƏƏ münasibətlərinin hazırkı inkişaf tendensiyaları göstərir ki, bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region və Yaxın Şərq üçün də strateji əhəmiyyət kəsb edir. Əlaqələrin güclənməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan aparıcı dövlətə çevrilməsini sürətləndirən mühüm amillərdən biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə