"Bölünmə dərsləri ilə bağlı qoyulan məhdudiyyətlər ciddi narahatlıq yaradır" - EKSPERT DANIŞDI
"Hər yeni tədris ili başlayanda ilk növbədə gündəmdə olan məsələlər tədris planlarının təsdiqi və dərs bölgüsüdür. Artıq bir neçə ildir ki, tədris planları iyunun sonu, iyulun əvvəllərində təsdiq olunmalı olduğu halda, biz onları yalnız avqustun sonunda görürük. Bu isə məktəblərin yeni tədris ilinə hazırlığında ciddi problemlər yaradır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Onun sözlərinə görə, xüsusilə vakant yerlərin tam olaraq doldurulmaması əsas çətinliklərdən biridir: "Bu səbəbdən bir çox məktəbdə müəllim çatışmazlığı müşahidə olunur. Digər bir məsələ dərs bölgüsündə fiziki tərbiyə, texnologiya və xarici dillər kimi bölünən fənlərlə bağlıdır. Fiziki tərbiyə dərslərinin bölünməsinə qadağa qoyulması əlavə problemlər yaradıb.
Əslində, təhsil idarəetmə orqanları elə bir mühit yaratmalıdırlar ki, məktəblər tədris ilinə adekvat və rahat şəkildə başlaya bilsinlər. Təəssüf ki, son illərdə bu orqanların verdiyi xaotik qərarlar əks effekt verir. Hazırda bir çox məktəbdə ya dərs bölgüsü aparılmayıb, ya da aparılsa belə, bölünmə dərsləri ilə bağlı qoyulan məhdudiyyətlər ciddi narahatlıq yaradır. Bundan əlavə, Bakı məktəblərinin "Rəqəmsal Məktəb" platformasına keçidlə bağlı qərarın son anda verilməsi və müəllimlərin təlimlərə cəlb olunmaması da prosesə mənfi təsir göstərir. Bütün bu çətinliklərə baxmayaraq, məktəblərin və pedaqoji kollektivlərin səyi nəticəsində tədris ilinə uğurla başlamaq mümkün olacaq.
Qeyd edim ki, Laçın, Gədəbəy və Daşkəsən bölgələrində artıq qar yağması bu il qışın erkən gələcəyindən xəbər verir və istilik sistemləri ilə bağlı məsələlər də təcili şəkildə həll olunmalıdır. Ümid edirik ki, bütün bu çətinliklərə baxmayaraq, yeni tədris ili uğurla başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə