"İkinci Qarabağ müharibəsindən sonra başlanmış və həmin müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş 20%-lik ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bu işlərin əsas məqsədi həmin torpaqların tarixi sahibləri olan vətəndaşlarımızın doğma yurdlarına qayıdışını təmin etmək və orada normal həyat şəraitini bərpa etməkdir: "Dövlət bu istiqamətdə ciddi addımlar atır və ötən müddət ərzində, səhv etmirəmsə, təxminən 20 milyard manat vəsait bu sahəyə yönəldilib. Artıq beynəlxalq standartlara uyğun avtomobil və dəmir yolları, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, otellər və əlbəttə ki, yaşayış evləri inşa olunur. Bu işlər dövlət büdcəsi hesabına həyata keçirilir və hər il milyardlarla manat xərclənir. Beynəlxalq dəstək məsələsinə gəlincə, biz bu dəstəyi xüsusilə İkinci Qarabağ müharibəsindən əvvəl gözləyirdik, çünki o ərazilərin azad olunması istiqamətində Azərbaycan uzun müddət diplomatik və siyasi yolla həll axtarırdı. Lakin beynəlxalq aləmdən yetərli dəstək ala bilmədik, ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticəsiz qaldı.
Münaqişə artıq Azərbaycanın öz gücü ilə həll olunub və suverenliyi tam bərpa olunub. İndi Böyük Qayıdış və quruculuq prosesi Azərbaycanın daxili məsələsi kimi icra olunur. Amma buna baxmayaraq, dünya təcrübəsində bu tip münaqişələrdən sonra mütləq ölkələrin və beynəlxalq təşkilatların iştirak etdiyini görürük. Təəssüf ki, Azərbaycanda bu baş vermədi.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi çox ciddi resurs və zaman tələb edir, bu isə qayıdış prosesini ləngidir. Beynəlxalq ictimaiyyət nə mina təmizləmə prosesinə, nə də ümumi quruculuq işlərinə ciddi dəstək göstərmir. Ermənistan tərəfindən düzgün mina xəritələrinin təqdim edilməməsi isə prosesə əlavə maneələr yaradır.
Biz bütün dünyaya sübut edirik ki, təkbaşına, öz gücümüzlə bu quruculuq və qayıdış prosesini uğurla icra edirik. Eyni zamanda beynəlxalq təşkilatların bu məsələdə passiv qalması ikili standartların açıq göstəricisidir. Nəticə etibarilə, Azərbaycan bu problemlərin öhdəsindən gələcək. Bu proses həm də dünyada diskriminativ yanaşmaların və ikili standartların ağır nəticələrə səbəb olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə