Xuraman Muradovanın “Əsrə bərabər 20 il” əsəri haqqında təəssüratlar - (Resenziya)

Xuraman xanım Muradova ilk öncə Müasir Azərbaycan səhiyyəsinin öncüllərindən, aparıcı səhiyyə ocaqlarından olan “Vip Milan” Hospitalının təsisçi direktorudur. O, uzun illərdir, səhiyyə, tibbi xidmətləri sahəsində çox böyük fədakarlıqla, əzmkarlıqla xalqımıza, millətimizə, Azərbaycanımıza xidmət etməkdədir. Səhiyyə və sahibkarlıq sahəsindəki xidmətlərinə görə də çoxlu mükafatlara layiq görülüb.

Bütün bu işgüzar fəaliyyəti ilə bərabər Xuraman xanım həm də uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. O, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür. Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru və Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. II Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında “Türk dünyası Onur” medalına, 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Humay Milli Mükafatı”na layiq görülüb. Xuraman xanım 2023-cü ilin oktyabr ayında Türkiyənin Elağız şəhərində keçirilən Beynəlxalq “Xəzər şeir axşamları” şeir festivalında Azərbaycanı təmsil edərək Türk Ədəbiyyatı Vəqfinin “Türk ədəbiyyatına üstün hizmət” beratına layiq görülüb. Eləcə də İraq Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Hizmət ödülü”, Kərkük Kültür Dərnəyinin “Türk şeirinə hizmət” ödülü və Türkiyə Elmlər Akademiyasının “Altun yıldız madalyası” ilə təltif olunub.

Xuraman xanım Muradova uzun illər şeirlər, hekayələr, esselər yazsa da, mətbuatda çap etdirmək istəməyib. Artıq beş ildir ki, onun şeirləri mətbuatda çap olunur. Və elə ilk şeirlərilə böyük oxucu marağına səbəb olub. Onun 2021-ci ildə “Sənə məktub yazacam” ilk şeirlər kitabı çap olunub və çox maraqla qarşılanıb. Bundan sevinən və bədii yaradıcılığa marağı artan Xuraman xanım, 2023-cü ildə Türkiyənin Ankara şəhərində türk dilində “Ay Laçın, can Laçın” adlı ikinci kitabını çap etdirib və bu kitab türk oxucularının böyük marağına səbəb olub. Artıq onun “Özbəkistanım mənim! Sən də ana Vətənim!” adlı kitabı Özbəkistanda, “Salam olsun Qarabağdan Tanrıdağa” kitabı isə Qırğızıstanda çapa hazırlanır. Beləliklə, “Əsrə bərabər 20 il” kitabı Xuraman xanım Muradovanın beşinci kitabıdır.

Bu kitabı demək olar ki, bir günə oxudum. Əslində belə siyasi mövzulu əsərlər çox çətin oxunur. Əksər müəlliflər çox vaxt sənədli fikirləri bir-birinə calaşdırıb yazırlar. Çox vaxt da siyasi həyatda baş verən hadisələr, qəzetlərdə yazılan məqalələr, oçerklər, politoloqların, siyasi şərhçilərin dediyi fikirlər “qolu-qanadı” sındırılaraq öz fikirləri kimi oxuculara “sırıyırlar”. Məhz ona görə də bu səpkili kitablar yazıldığı vaxtdan cəmi dörd-beş ay keçməmiş unudulurlar və tarixinn arxivinə atılırlar.

Xuraman xanım Muradovanın Azərbaycan dövlətinin 1969-cu ildən başçısı olmuş, Sovetlərin vaxtında Azərbaycanı SSRİ-nin on beş respublikası arasında ən ön sıralara çıxarmış, On beş dəfə SSRİ-nin "Keçici Qırmızı Bayrağ"ını almış, məmləkətimizin sənayesini, kənd təsərrüfatını və ümumiyyətlə bütün sahələrini yüksək səviyyədə dirçəltmiş, Azərbaycan vıtındaşlarının yüksək səviyyədə rifah halını yaxşılaşdırmış dahi Heydər Əliyevdən başlayaraq və onun ikinci hakimiyyəti illərində müstəqil Azərbaycanın ideya müəllifi, memarı, qurucusu olmuş Ulu Öndərin keçdiyi çox keçməkeşli illəri bir yazıçı kimi maraqlı cümlələrlə, məzmunlu və bədii formalı fikirlərlə qələmə almış və bizim hətta bilmədiyimiz, bu vaxta qədər oxumadığımız çox maraqlı faktları ortaya çıxartmışdır. Müəllif bu maraqlı fikirləri ilə ümummilli lider Heydər Əliyevin müstəqillik ilərində on ildə təməl daşını, bünövrəsini çox möhkəm səviyyədə qoyduğu Azərbaycan dövlətinin iyirmi ildə cənab Prezidentimiz İlham Əliyev tərəfindən necə pillə-pillə tikildiyini çox maraqlı bədii cümlələrlə elə maraqla işləmişdir ki, oxucu bu kitabı oxuyanda yorulmur. Buradan bu vaxta qədər bilmədiyi fikirləri, mənbələri öyrənir. Əslində sonrakı fikirləri oxuyur ki, görsün kitab necə bitəcək.

X.Muradova “Əsrə bərabər 20 il” kitabında 2003-cü ildən cənab İlham Əliyevin Azərbaycanın inkişafı, iqtisadi, sənaye, kənd təsərrüfatı potensialının yüksəlişi, insanlarımızın rifah halının yaxşılaşdırılması, sahibkarlara lazım olan bütün şəraitlərin yaxşılaşdırılması üçün gördüyü işləri ən kiçik detallarına, faktlarına kimi yüksək səviyyədə, ustalıqla, bir salnamə kimi, çox oxunaqlı dildə qələmə alıb. Ən maraqlısı da odur ki, kitabdakı hər fəsildə cənab İlham Əliyevin sitatlarından, aforizmə çevrilmiş cümlələrindən, beynəlxalq səviyyəli fikirlərindən çox ustalıqla istifadə eləyir. Bunlar da kitabı daha oxunaqlı və maraqlı edir.

Bu kitabda müəllif Xuraman xanım Muradova, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın da respublikamız üçün gördüyü işləri çox ustalıqla, esse formasında qələmə alıb. Bu kitabı və əsasən də bu bölümü oxuduqca yadıma xalqımızın iftixarı, böyük sərkərdəmiz, dahi şairimiz Şah İsmayıl Xətai və onun xanımı Taclı bəyim düşdü. Taclı bəyim də bütün döyüşlərində Şah İsmayılın yanında olub və döyüşlərdə də vuruşub. Deməli, tarix təkrarlandı. Mehriban xanım Əliyeva da Qarabağ döyüşlərində həmişə cənab İlham Əliyevin yanında oldu. Cənab Prezidentimizlə birlikdə Birinci vitse –prezident kimi əsgərlərimizi döyüşlərə ruhlandırdı və yeri gələndə hətta xarici jurnalistlərə də tutarlı cavablar verib, onları susmağa məcbur elədi. Dünyanın sülhsevər ölkələrini bizi dəstəkləməyə çağırdı və buna, bu çətin işdə də nail oldu.

Xuraman xanım Muradova öz kitabında bütün bunları ən kiçik detallarına qədər çox ustalıqla qələmə alıb. Onun yazdığı bu maraqlı, tutarlı fikirləri oxuduqca, həqiqət də İlham Əliyevin və Mehriban xanım Əliyevanın qüdrətli, məğrur qartalın qoşa qanadı olduğu fikrinə gəlmək olur. Məhz həmin qoşa qanadlı bu Qartal Azərbaycanı həm göydən, həm də yerdən qoruyur. 2020-ci ilin sonunda 44 günə Qarabağ erməni gavurlarından təmizlədi və 2023-cü ilin sentyabr ayının 23-də cəmi 23 saata Ağdərəni, Xocavəndi, Əsgəranı, Xocalını, Xankəndini erməni separatçılarından tam təmizlədi. Azərbaycanın üçrəngli Bayrağı bütövlükdə Qarabağda dalğalandı.

Xuraman xanım “Əsrə bərabər 20 il” kitabında yazdığı fikirlərlə tam sübut eləyir ki, bu qələbədə cənab İlham Əliyevlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidməti var. Və zaman keçəcək onların adı bu qələbə ilə bağlı qoşa qanad kimi tarixlər boyu çəkiləcək, yaşayacaq. Eləcə də Mehriban xanım Əliyevanın YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü çox böyük işlər də Qarabağ müharibəsindəki qələbəmizin qarantlarından biri olduğu təsdiq olunacaq.

Xuraman xanım Qarabağ müharibəsinin təməl daşının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu “Ürəklərdə Ölümsüzləşən Öndər Şəxsiyyət” bölümündə, essesində çox maraqlı fikirlərlə, tutarlı faktlarla kitabda yazır. Və sübut eləyir ki, bir vaxtlar dahi Heydər Əliyev tərəfindən Bakıda Hərbi məktəblərin yaradılması, azərbaycanlıların hərb sahəsində təhsil alması, hərb elminin sirlərinə yiyələnməsi və ikinci hakimiyyəti dövründə hərb sahəsində ali məktəbin yaradılması sübut elədi ki, bizim çox savadlı, bacarıqlı zabitlərimiz var. Onlar qardaş Türkiyə Respublikasında öz təcrübələrini artırmaqla çox az bir vaxtda qüdrətli ordu yarada bildilər. Bax, Ulu Öndərin bu uzaqgörən siyasəti də Qarabağ müharibəsinin bizim xeyrimizə həll olunmasını təmin elədi. Bununla da cənab İlham Əliyev ata vəsiyyətinə tam əməl edərək torpaqlarımızı yağı düşmənlərdən təmizlədi. Bu fikri Şəhidlər Xiyabanında televiziya vasitəsilə xalqa bəyan etməsi hər bir azərbaycanlı tərəfindən böyük alqışlarla qarşılandı və bir daha Ulu Öndərin, cənab İlham Əliyevin heykəllərini uşaqdan böyüyə bütün həmvətənlərimizin ürəklərində, qəlblərində əbədi ucaltdı.

Kitabda “Türk Dünyasına Müzəffər Oğul Bəxş Edən Ana” bölümü, essesi də çox maraqlıdır. Müəllif bu bölümdə dünya şöhrətli akademik, çox böyük ziyalı Zərifə xanım Əliyevanın həyatından da maraqlı detalları yüksək səviyyədə qələmə alıb. Zərifə xanımın bir akademik kimi dünya tibb elmi üçün gördüyü əvəzsiz işlər və ən əsası da İlham Əliyev kimi bir şəxsiyyətin yetişməsində böyük xidmətlərini gözəl formada qələmə alıb. Burada ana-bala münasibəti də zərif və qırmızı xətlərlə oxucuya çatdırılır. Oxucu tam inanır ki, məhz belə bir dünya şöhrətli ana, belə dünya şöhrətli oğul böyütməli idi və böyüdüb. Dahi Heydər Əliyevin və dahi Zərifə xanım Əliyevanın ailəsində tərbiyə alan, böyüyən oğul elə bu səviyyədə igid sərkərdə və uzaqgörən siyasətçi, öz xalqını dərin məhəbbətlə sevən, onun yolunda canından belə keçməyə hazır olan şəxsiyyət olmalı idi və oldu da.

Xuraman xanım Muradova kitabının “Biz hamımız Ali Baş Komandanın əsgərləriyik” bölümünü belə maraqlı bir fikirlə tamamlayır: “Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Xocalı, Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi azaddır. Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” ifadəsi sözün əsl mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qürurla təkrarladığı aksiomaya çevrildi”…

Kitabda “Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlığı Turanın ayaq səsləridir” bölümü də çox maraqla və böyük yazıçı peşəkarlığı ilə yazılıb. Müəllif özünün çox maraqlı, tutarlı fikirlərilə sübut eləyir ki, “Şuşa bəyənnaməsi Çin sərhədlərindən Adriatik hövzəsinə qədər bölgələrdə yaşayan böyük vahid Türk Dövlətləri Birliyinin yaranışı əlamətlərini daşıması baxımından tarixi bir bəyənnamədir”.

Bəli. Artıq biz qətiyyətlə deyə bilərik ki, tezliklə Türk Dövlətləri birləşəcək. Yəni Xuraman xanım öz kitabında yazan kimi: “Turan, Türküstan; bütün türk soylu xalqların birləşdiyi nöqtə Azərbaycan və Qarabağın kilidini açmaq demək idi. Qarabağ kənardan Azərbaycanın problemi kimi görünsə də, əslində türk dünyasının problemi idi. Yenidən doğulmağın, yenidən birləşməyin açarı olan bu problem şükürlər olsun ki, həll olundu. Türk ordusu Cənubi Qafqazda öz sözünü dedi. İki qardaş ölkə əl-ələ verdi, qələbəmiz taleyimizə çevrildi. Türkiyə Qarabağın işğaldan azad olunmasını “Zəfər Günü” kimi qeyd edən Azərbaycanın tərəfində, yanında oldu. Bu tarix də böyük bir ilk oldu. Bir ilkə çevrildi. Bu, həm də Türk gücündən qorxan, onu parçalayan, birləşməsinə mane olan qüvvələrə bir mesaj oldu”. Beləliklə, Bakı-Tibilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tibilisi-Ərzurum Qaz Boru Kəməri, Bakı-Tibilisi-Qars Dəmir Yolu Xətti və TANAP həyata keçdi və reallaşdı. Deməli, türkdilli xalqları bir-birindən ayırmaq daha heç bir dövlətə müyəssər olmayacaq. Əgər əvvəllər Türk fatehləri qılınc gücünə türkdilli xalqları birləşdirmək istəsələr də bu, onlarda alınmadı. Amma dahi Heydər Əliyev atalarımızın bu maraqlı “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur” kəlamına söykənib, türkdilli xalqları iqtisadi cəhəttdən birləşdirdi və bu müqəddəs yolu da cənab İlham Əliyev tez bir zamanda bütövlükdə və tam reallaşdırdı. Bəli. Türkdilli xalqlar artıq birləşib.

Xuraman xanım Muradova ilə mənim apardığım müsahibə - “Xilaskarı dəstəkləmək, Milləti Dəstəkləmək Deməkdir” bölümündə də Xuraman xanım verdiyim suallara elə maraqlı və zərgər dəqiqliyi ilə cavablar verib ki, mən onun ağlına, zəkasına, düşüncəsinə, diplomastiyasına heyran qaldım. Və kitabda bu bölümü yenidən oxuyanda bir daha əmin oldum ki, Xuraman xanımı dövlət səviyyəsində işlərə cəlb eləmək lazımdır və o, xarici ölkələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edə bilər. Xuraman xanım milləti qanunverici orqanda təmsil edə bilər. Bu gün müstəqil Azərbaycan dövlətinə belə yüksək səviyyəli, təfəkkürlü insanlar çox lazımdır. Həmin bölümdə Xuraman xanım belə maraqlı fikirlər deyir: “Mən həmişə Ali Baş Komandanımızın siyasi kursunu əsgər kimi dəstəkləyən bir insan kimi demək istəyirəm ki, bundan sonra da “Dəmir yumruğu”un ətrafında sıx birləşəcəyik. İstər ölkə paytaxtında, istər regionlarda, istər yeni həyat işartıları qoyulan Qarabağımızda tibbi, mədəni-sosial və bütün quruculuq işlərimizdə biz də öz töhfələrimizi verəcəyik, İnşallah!
Allah Azərbaycanımızı qorusun! Allah xalqımızı, millətimizi, dövlətimizi, Ali Baş Komandanımızı və bizim əzizimiz, dəyərli bacımız, Birinci vitse-prezidentimiz Mehriban xanımı və onun övladlarını, nəvələrini qorusun! Allah ölkəmizə əmin-amanlıq bəxş edən Ali Baş Komandanımızı bu xalqa gözüdolusu versin! Allah dövlətimizi, dövlətçiliyimizi, dövlət başçımızı qorusun! Amin inşAllah!”

Yazdığım fikirlərin sonunda bir daha vurğulamaq istəyirəm ki, Xuraman xanım Muradovanın yazdığı “Əsrə bərabər 20 il” kitabı yüksək peşəkar yazıçı təxəyyülü ilə qələmə alınıb. Bu kitab tarixlər boyu yaşayacaq və hər bir azərbaycanlının, xalqımızın tarixini, keçdiyi məşəqqətli yolları, öklə başçılarımız olan dahi Heydər Əliyevin və qüdrətli prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərin çox tutarlı, maraqlı salnaməsini öyrənmək üçün ətraflı, dərin bir mənbədir. Bu, hər bir azərbaycanlının stolüstü kitabı olacaq. Və inanıram ki, bu kitab tezliklə Azərbaycan dövlətinin ən yüksək mükafatlarına layiq görüləcək.

Yazımın bu yerində məşhur ədib Maksim Qorkinin yazıçı haqqında olan bu aforizmi yadıma düşdü: ”Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm”. Bax, Xuraman xanım “Əsərə bərabər 20 il” kitabında Maksim Qorkinin bu kəlamına olduğu kimi əməl eləyib və müstəqil Azərbaycan dövləti, dövlətçiliyi üçün çox maraqlı, tarixdə qalan bir kitab yazıb.


Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

29 - 30 Mart 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə