”Tale yazısı, dost dünyası”

Bu günlərdə Beynəlxalq Elmlər Akademiyası (Avstriya, İnnsbruq) Azərbaycan Bölməsinin akademiki, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Afət Sadıqoğlunun ”Red N Line” MMC-nin nəşriyyatında yüksək texnologiya, rəngli fotolarla, nəfis şəkildə çap edilmiş ”Tale yazısı, dost dünyası” (Poetik təəssüratlar) kitabı çapdan çıxmışdır. Bu, müəllifin nəzm və şeirlə yazılmış ilk kitabıdır. Bu, həmçinin Afət Sadıqoğlunun “Gəmiqaya – Ulu məskən”, ”Naxçıvan qədim diyardır”, “Azərbaycan-Norveç əlaqələri”, ”Tur Heyerdal Azərbaycanda”, “Beynəlxalq Mühəndislər Akademiyasının Azərbaycan Bölməsi”, ”Azərbaycan-Hindistan əlaqələri” (Azərbaycan və ingilis dillərində), ”Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri”, ”Hindistan dünyası”, ”Türk dünyasının Kıbrısı”, “Bakının qardaşı İzmir” və digər beynəlxalq münasibətlər tarixi və bədii mövzularda yazdığı sayca on beşinci kitabıdır. Afət Sadıqoğlu “Şərq qapısı“, “Nuh yurdu”, ”İki sahil”, “Respublika”, “Xalq qəzeti” qəzetlərində, AzərTAC Dövlət İnformasiya Agentliyində çaşlışdığı illərdə beynəlxalq siyasət və ölkəmizin tarixi əlaqələri mövzusunda çoxsayılı məqalələr yazaraq geniş araşdırmalar aparmış və nəticədə geostrateji mövzularda əsərləri ərsəyə gətirmişdir.

Qeyd olnumalıdır ki, A.Sadıqoğlu indiyədək nəşr olunan beynəlxalq münasibətlər tarixinə aid əsərlərində Türkiyə, Hindistan, Quzey Kıbrıs kimi ölkələrə olan səfərlərindən aldığı təəssüratları həm nəsr, həm də nəzmlə-şeirlə vəsf etmişdir.

Kitabın redaktoru, şair-publisist Muxtar Qasımzadənin qeydlərində oxuyuruq ki, Afət Sadıqoğlu (Məmmədov) Azərbaycan jurnalistikasında dəsti-xətti ilə seçilən qələm sahiblərindəndir. Onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir. Peşəkar qəzet işçisi, publisist kimi tanıdığımız Afət Sadıqoğlunun qəlbində, sən demə, coşqun poeziya bulağı da çağlayırmış. O, sonsuz könül məhəbbətini qardaş ölkələrdə dostlarına, doğmalarına şeirlə ifadə etmək ehtiyacı duymuş, içindən keçənləri misralara çevirmişdir. İnanıram ki, onun mənzum duyğuları oxucular tərəfindən səmimiyyətlə qarşılanacaqdır.

Müəllifin ön söz yerinə yazdığı “Vətən, yurd sevgisi” adlı bölmədə qeyd etdiyi kimi, poeziya sahəsində bu şeirləri və poetik təəssüratları ilkin addımlar hesab edərək oxuculara təqdim edirəm:

Heç bimirdim nəsr əsəri yazanda

Qəlbimdə şairlik duyğusu varmış.

Nəzmə çəkib, qələmi sınayanda

Yazdığım şeirlər dastan olarmış...

“Tale yazısı, dost dünyası” kitabında toplanan şeirlər ulu Vətənimiz, Odlar yurdumuz Azərbaycana, onun ayrılmaz, gözəl və dilbər guşəsi Naxçıvan Muxtar Respublikasına, diyarın saf və təmiz duyğularla yaşayan insanlarına, Ümummilli Liderimiz Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının Vətən müharibəsində Zəfər qazandığı misilsiz qələbəyə, Qarabağın erməni işğalından azad edilməsi yolunda şanlı tarix yazan qəhrəman Milli Ordumuza, müzəffər Azərbaycan əsgərinə, Vətən naminə döyüşlərə sinə gərib, canlarını fəda edən Şəhidlərimizə, Qazilərimizə, ADNA-da terror zamanı şəhid olmuş müəllim və tələbələrimizin unudulmaz xatirəsinə həsr edilmişdir.

“Əzis Şuşa, sən, azadsan!”, “Azərbaycan”, ”Gözün aydın, Azərbaycan!, “Azərbaycan dünyası”, “Müzəffər xalqımın Ulu Öndəri”, ”Qüdrətli ölkəmin Lideri İlham!”, ”Azərbaycan əsgəri”, ”Qarabağ Azərbaycandır!” və digər şeirlərdə Vətən yurd sevgisi, doğma, əzəmətli Azərbaycana bağlılıq, azad, gözəl yudumuzun, Azərbaycan dünyasının vəsfi, Ulu Öndərimiz Heydər Əliyevin ideyaları, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci və 2023-cü illərdə Azərbaycan xalqının ən böyük Zəfərləri, Milli Ordumuzun tarixi qələbələri müəllifin qəlbində böyük sədaqət, çağlayan, sönməyən coşqun həvəs, səmimi, mehriban duyğular, mehr-məhəbbət yaratmışdır.

Kitabın “Poetik təəssüratlar” fəslində Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin akademikləri, respublikamızın elm, mədəniyyət, incəsənət xadimləri, müğənni, jurnalist, həkim, müəllim və ziyalı insanlarından bəhs edilir. Müəllif coşqun həvəslə Beynəlxalq Elmlər Akademiyası (BEA) Azərbaycan Bölməsinin (AB) prezidenti, geologiya-minerologiya elmləri doktoru, professor, BEA akdemiki, Elçin Xəlilova həsr olunan ”Fədakar alimin arzuları”, Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor, BEA AB-nin vitse-prezidenti, BEA-nın akademiki Məhbubə Vəliyevanın həyat və fəaliyyətindən bəhs edən “Əczaçılıq elminin ilk qadın doktoru”, ”Prant” şirkətinin prezidenti, Beynəlxalq mükafatlar laureatı, BEA AB-nin Fəxri akademiki Yusif Ələkbərovun həyat və fəalyyətinə həsr olunan ”Vətən, torpaq bölünməz”, Bakı şəhəri 1 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi, Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor, BEA-nın akademiki Yavər Şixəliyevdən bəhs edən “İnsan həyata qayıdır”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor, Avropa Arxeoloqlar Assosasiasının üzvü (Praqa, Çexiya) BEA-nın akademiki Abbas Seyidova həsr edilən ”Tarixin qəlbində yaşayan izlər” poetik təəssüratlarında müstəqil Azərbaycan elminin inkişafını, alimlərimizin tarixi nailiyyətlərini, keçdikləri həyat və yaradıcılıq yollarını, Vətən qarşısında arzularını, xalqa xidmətdə niyyət və istəklərini böyük yaradıcılıq duyğuları ilə tərənnüm edir.

Şair-publisist Afət Sadıqoğlunun Azərbaycan Milli Konservatoriyasının tərkibində Musuqi kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor, Əmək ordenli Nazim Kazımova həsr etdiyi poetik təəssürat: “Yaşa, yarat əziz dostum, qardaşım!” adlanır. Burada yaradıcılıq yolu gənclərə örnək, nümunə olan Nazim müəllimin həyat və fəaliyyətindən bəhs edilir.

Afət Sadıqoğlunun dostları çoxdur. Kitabda onların hər birinə poetik təəssüratlarını həsr etmişdir. Türkiyənin Afyon Qocatəpə Universitetinin İncəsənət fakültəsinin professoru, UNESCO-nun Plastik Sənət Akademiyasının üzvü, rəssam Məmməd Şirzadova həsr edilmiş “Vətənini dünyaya tanıdan rəssam”, Azərbaycan Respublikasının Təbii Sərvətlər və Ekolgiya İşçiləri Həmkarlar İttifaqının sədri Telman Quliyevin həyat və fəaliyyətindən bəhs edən ”Vətən eşqi, xalq məhəbbəti”, Finlandiya Respublikası Tampere Şəhəri Yazıçılar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı-tərcüməçi Tahirə Cəfərovanın həyat və fəaliyyətinə həsr olunan ”Ayrıla bilməyir könlüm vətəndən”, müəllim-tərcüməçi Əli Tağıyevə həsr olunan ”Dostluqda bu insan nə bəxtiyardır”, AzərTAC-ın Fransa Respublikasında uzun illər xüsusi müxbiri olmuş, filologiya elmləri namizədi Əsgər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Fransaya bağlı həyat”, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Həsənbəy Zərdabi mükafatı laureatı, ”İki sahil“ qəzetinin şöbə müdiri, müəllifin ömür-gün yoldaşı Xuraman İsmayılqızı Məmmədovaya həsr olunmuş “Həyatda qalan izlər”, Azərbaycan Respublikasının Əməkdar artisti İdris Mehdiyevin əziz xatirəsinə ithaf olunmuş “Mahnılarda yaşayan məhəbbət”, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, rəssam, yazıçı, tədqiqatçı Arif Qədimovun əziz xatirəsinə ithaf etdiyi “Vətən, millət sevgisi”, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Aydın İldırım oğlu Tarverdiyevə həsr olunan ”Könüldə çağlayan duyğular”, şair-publisist Muxtar Əziz oğlu Qasımzadəyə həsr olunan “Naxçıvanın şair oğlu”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, muxtar respublikanın Əməkdar jurnalisti Fərəc Fərəcova həsr olunan “Hər yazıçı öz həyatını yazır” və digərlərinə həsr edilən poetik təəssüratlarda müəllif dostları ilə bağlı duyğularını şeirlərlə ifadə edir, həyat yollarında onlara yeni uğurlar diləyir.

Kitabda verilmiş “Bəşəriyyətin beşiyi Naxçıvan”, “Möminə-Xatın türbəsi”, “Ordubadım”, ”Gəmiqaya”, “Araz sahilində düşüncələr”, ”Bakının ən qədim məhəlləsində” və digər şeirlərdə müəllif həyatının müxtəlif dövrləri ilə bağlı təəssüratlarını qələmə almışdır.

Kitabın “Nəğmələr” bölməsində müəllifin şeirlərinə xalq artisti Nəriman Məmmədovun, Əməkdar incəsənət xadimi Nazim Paşa Quliyevin bəstələdiyi mahnılar, digər sevgi, Azərbaycan musiqisinə aid şeirlər də yer almışdır.

“Həsrət illəri” başlığı altında toplanmış şeirlərdə müəllif “Günəşə boylanan məzarlar” poetik təəssüratında 30 aprel 2009-cu ildə ADNA-da terrora qurban gedən nakamların əziz xatirəsindən bəhs edir. ”Bu gecə yuxuda görmüşəm səni”, “Bu şəhərdə axtarıram qızımı”, ”Sənsiz yaşaya bimirik”, “Nakam talelər”, “Kəpənək dolanır məzar başında”, “Qızım bir gün gələcək”, ”Bu qan yerdə qalan deyil” və digər şeirləri Afət Sadıqoğlu həyatdan vaxtsız getmiş, amansız faciəyə, ölümə düçar edilmiş terror qurbanlarına, 18 günün gəlini olmuş qızı Şəfa Məmmədovanın əziz xatirəsinə ithaf etmişdir. Müəllifin həsrətlə, həyacanla, ürək döyüntüləri, ağrıları, dözümsüzlük, hiss və titrək duyğularla qələımə aldığı nəzm parçaları qəlbimizi riqqətə gətirir.

Kitabın sonuncu bölməsində verilmiş şeirlər qəlbimizdə nikbin duyğular yaradır. “Səfərlər, təəssüratlar” bölməsində “Ulu türküm, Türkiyəm ”, ”Azərbaycan səfirliyi. Səfir Faiq Bağırova həsr edirəm”, ”Ərzurumlu qardaşlarım”, “Egey sahilində çağlayır İzmir”, “Kibrıs haqqında nəğmə”, “Azərbaycan vətənimdir”, ”Tac–Mahal” və digər şeirlərini Türkiyə, Hindistan, Quzey Kıbrıs və digər ölkələrə səfərlərdən aldığı təəssüratları müəllif oxucularla bölüşür.

Əminliklə deyə bilərik ki, tanınmış jurnalist Afət Sadıqoğlunun yeni ərsəyə gətirdiyi “Tale yazısı, dost dünyası” kitabı oxucular tərəfindən seviləcək və rəğbətlə qarşılanacaqdır.

Abbas Seyidov

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri,

tarix elmləri doktoru, professor,

BEA AB-nin akademiki, Avropa Arxeoloqlar Assosiasiyasının

(Çexiya, Praqa) və Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə