“Azərbaycan Avrasiya Parlamentində prinsipial mövqeyini nümayiş etdirir” - Kamran Bayramov

“Avrasiya Parlament Assambleyası ilk olaraq dövlətlər arasında dialoq və qarşılıqlı etimad platforması kimi yaradılmışdı. Lakin zaman keçdikcə bu qurum bərabərlik və obyektivlik prinsiplərindən uzaqlaşaraq, daha çox siyasi təzyiq rıçaqlarına çevrilmişdir. Avropa Parlamenti xüsusilə Ermənistan-Azərbaycan məsələsində qərəzli və birtərəfli mövqeyi ilə seçilir”. SİA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Kamran Bayramov bildirib.

Deputat vurğulayıb ki, Avropa Parlamenti illərdir Azərbaycanın beynəlxalq hüquqa uyğun addımlarını görməzdən gəlir, əksinə Ermənistanın işğal faktını belə nəzərə almadan qərəzli qətnamələr qəbul edir: “Avropa Parlamenti Qarabağda yaşayan ermənilərin hüquqlarından danışır, amma Ermənistandan deportasiya edilmiş yüz minlərlə azərbaycanlının hüquqlarını tanımaq istəmir. Bu, beynəlxalq hüququn selektiv tətbiqidir”.

Kamran Bayramov qeyd edib ki, buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesi real irəliləyiş mərhələsindədir: “Azərbaycan Ermənistan üçün tranzit və iqtisadi əlaqələrin bərpası ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaqla konstruktiv mövqe nümayiş etdirir. Bu addımlar qarşılıqlı etimadın formalaşmasına xidmət edir”.

Deputat əlavə edib ki, bəzi xarici siyasi dairələr sülh prosesinin dərinləşməsini əngəlləməyə çalışır, regionda köhnə düşmənçilik münasibətlərini yenidən canlandırmağa cəhd edir: “Avropa Parlamenti bu məsələlərə emosional və qərəzli yanaşaraq regionda gərginlik yaratmağa xidmət edir. Bu, nə sülhə, nə də regionun inkişafına töhfə vermir”.

Onun sözlərinə görə, Azərbaycanın Avrasiya Parlament Assambleyasının iclasında iştirakdan imtina etməsi təsadüfi qərar deyil: “Bu qərar Azərbaycanın milli maraqlara əsaslanan, prinsipial və müstəqil siyasətinin göstəricisidir. Biz siyasi populizmə yox, real sülhə, əməkdaşlığa və beynəlxalq hüquqa əsaslanan münasibətlərə üstünlük veririk”.

Kamran Bayramov çıxışının sonunda bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır, lakin qərəz qarşısında susmayacaq: “Dövlətimizin mövqeyi aydındır: bölgədə sülh yalnız real faktlara əsaslanan ədalətli yanaşma ilə mümkündür. Azərbaycana qarşı ikili standartlar son tapmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə