Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır ŞƏRH

Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri də iki ölkə arasındakı dostluq münasibətlərinin daha bir ifadəsi oldu."Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır", - deyə görüşdə dövlət başçısı İlham Əliyevin diqqətə çatdırdığı kimi, hazırda Rusiya ilə Azərbaycan arasında hərtərəfli yüksəksəviyyəli əlaqələr mövcuddur və bu, günbəgün daha da inkişaf edir.Bu gün Azərbaycan-Rusiya dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir.

Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır.Hazırda iki dövlət arasında qarşılıqlı fəaliyyət və dostluq möhkəmlənməkdə davam edir. Bu da xalqlarımızın davamlılığına və inkişafına töhfə verir.Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunda Rusiya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verilir. Bunu dövlət başçısının Rusiyaya mütəmadi işgüzar səfərləri, orada keçirdiyi görüşlər də sübut edir.

Dövlətimizin başçısının aprelin 22-də Rusiyaya səfəri də bu baxımdan əlamətdar oldu. Bu səfər həm də Rusiya sülhməramlı kontingentinin hər iki ölkənin ali rəhbərliklərinin qərarı ilə Azərbaycandan çıxarılması kimi mühüm tarixi zamanla üst-üstə düşdü. Ölkəmizin Qarabağda separatizmin kökünü kəsməsi ilə Rusiya sülhməramlılarının da Azərbaycanda qalmasına lüzum qalmamışdı.

Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündəki çıxışında Vladimir Putin vurğuladı ki, Heydər Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb.Rusiya ilə Azərbaycan arasında 32 il əvvəl - 1992-ci il aprelin 4-də qurulan diplomatik əlaqələr ötən illər ərzində uğurla davam edir. Bu münasibətlər Ümummilli Lider Heydər Əliyevin xüsusi səyləri ilə ən yüksək səviyyədə inkişaf etdirilməyə başlanılıb.

Cənab Prezident çıxışında Rusiyada Ulu öndər Heydər Əliyevin xatirəsinə və fəaliyyətinə verilən dəyəri yüksək qiymətləndirib. “Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib”.

İki dövlətin Prezidentlərinin siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaradır. Buna görə də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələr strateji səviyyədədir.

Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Həqiqətdir ki, Azərbaycan ilə Rusiya arasında olan münasibətlər sülhməramlıların ərazilərimizdən çıxarılmasından sonra daha da inkişaf edəcək. Münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə