Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL

Hər dəfə dünyanın haqsız, ədalətsiz yanaşmasını müşahidə etdikcə, ələlxüsus da əsassızcasına erməni təəssübkeşliyinin şahidi olduqca, ikili yanaşmanın, hətta ikiüzlülüyün hələ də davam etdiyinə bir daha əmin oluruq. Reallıqları görməməzliyə vurmaq, haqqın, ədalətin tərəfində olmamaq, terrorçunu dəstəkləmək dünyada ənənə halını almış kimi görünür. Bu dırnaqarası ənənə bəzən elə bir həddə davam etdirilir ki, hətta görüntü, şou xarakteri daşıdığı da dərhal bəlli olur.

Terrorizmi dəstəkləyənin Nobel Sülh Mükafatına namizəd göstərilməsi absurddur

Ruben Vardanyan kimi terrorizmə dəstək verən birinin guya “xeyriyyəçilik və humanitar fəaliyyətinə” görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilməsi qətiyyən qəbuledilən və haqq qazandırılan ola bilməz. Sülhə mane olan, təhlükəsizliyə təhdid yaradan, terroru dəstəkləyən, maliyyələşdirən birinə belə bir mükafat barədə düşünmək belə simasızlıqdır. Belə simasızlığa, yəni, terrorçunun təbliğat kampaniyasına yenidən başlanılmasına çox təəssüf ki, dünyanın məşhur PR şirkətləri də qoşulublar. Həmin şirkətlərin yaratdıqları şou məhz Vardanyanın azadlığa buraxılması və “qəhrəmanlaşdırılması” məqsədi ilədir. Onun məhz qəhrəman kimi göstərilməsi kampaniyası heç də ilk dəfə deyil və Rubenin hələ Qarabağda olduğu dövrdə də barəsində belə şou xarakterli kampaniya təşkil edilmişdi. İndi həmin o şouya yenə də start verilib və nəzərə alsaq ki, fərli nə isə yoxdur, deməli, bunlara elə “Vardanyan şou” desək daha doğru olar.

Bir sıra nüfuzlu şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən Ruben Vardanyanın namizədliyinin təklif olunması həqiqətən də çox böyük təəccüb, təəssüf, hətta ikrah hissi belə doğurur. Diqqətə çatdıraq ki, terrorizmi maliyyələşdirən, dəstəkləyən biri haqda belə bir şou təşkil edilməsi Ermənistan mediasında bir müddətdir müzakirə mövzusuna çevrilib. Onun “humanist və xeyriyyəçi” kimi təqdim olunması da şounun, yəni, “Vardanyan şou”-nun sadəcə elementləri hesab oluna bilər. Amma terrorizmi dəstəkləyənin belə təqdimatı onu deməyə əsas verir ki, deməli, həmin şounu təşkil edənlər Azərbaycan ərazisində separatizmi dəstəklənməkdədirlər. Belə çıxır ki, onlar Vardanyanın ölkəmizin Qarabağ bölgəsində etdikləri bəd əməllər, terrorçuluq hərəkətlərini “yaxşı işlər” kimi təqdim edirlər, hansıki bu, qətiyyən qəbuledilməzdir. Bir sözlə, terrorizmi dəstəkləyənin, terrorçunun özünün Nobel Sülh Mükafatına namizəd göstərilməsi absurddur.

Cinayətkarın Nobel Sülh Mükafatına namizəd göstərilməsi belə Nobel ailəsinin ünvanına təhqirdir

Doğrudur, kiminsə hər hansı bir mükafata namizədliyini irəli sürmək, hələ onu, yəni həmin mükadatı alması, yaxud ona layiq olması demək deyil. Amma Nobel Sülh Mükafatı uğrunda məhz Azərbaycana qarşı törədilmiş külli miqdarda cinayət hadisələrinin iştirakçısının üzünü ağartmaq cəhdinin özü Nobel ailəsinin ünvanına bir təhqirdir. Ruben Vardanyan Bakı İstintaq Təcridxanasında olan və bir sıra ağır ittihamlarla təqsirləndirilən biridir. Daha dəqiq desək, o, Cinayət Məcəlləsinin 214.1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət əməlləri törədib. Buna görə də Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinib. Çünki Ruben Vardanyan terror və təxribat xarakterli əməllər törətmək məqsədi ilə Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, Rusiya Sülhməramlı Qüvvələrinin məhz Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdiyi əraziyə daxil olub, silahlı birləşmələrin formalaşmasında və təşkilində iştirak edib, bu dəstələri silah-sursatla təmin edib. Həmin silah-sursatın çoxu hələ də Qarabağda aşkar edilməkdədir. Yəni, Vardanyanın cinayətlərinə dair sübut bazası geniş şəkildə toplanıb və əldə kifayət qədər faktlar var. Əslində, onun özü belə heç vaxt təxribat missiyasının olduğunu da inkar etməyib. “Biz özümüzü Azərbaycanın bir parçası olduğumuzu təsəvvür edə bilmərik. Biz ayrı bir ölkəyik. Mən “Artsax”dan danışıram. “Artsax Azərbaycanın bir hissəsi olmaq istəmir”, deyə BBC-nin “Hard Talk with Stephen Sackur” proqramında o bunu öz dili ilə açıq şəkildə təsdiq də edib. Bundan əlavə, o, “Forbes” jurnalına müsahibəsində mifik və qondarma “Artsax xalqı” barədə uydurmalar danışıb. “Bunu hərbi yolla həll etmək cəhdi birbaşa itkilər baxımından Azərbaycana çox baha başa gələcək”, deyən Ruben Vardanyan açıq şəkildə hətta Azərbaycanı hədələyib də. İndi belə biri haqqında danışarkən sülh sözünü işlətməyin özü belə ikiüzlülük və riyakarlıqdır. Belə bir şou onu təşkil edənlər üçün çox böyük bir rüsvayçılıq deməkdir.

Dünyanın istənilən ölkəsində bu cür təhdid və hədələrin müəllifi uzun illər həbsxanaya göndərilir

Onu da xatırladaq ki, Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən belə tanınan Azərbaycanın ərazi bütövlüyü barədə danışarkən bunu açıq-aşkar inkar edib, həm də ölkəmizin qanuni hüquqlarının müdafiəsi prosesində hansı “fədakarlıqları” gözü qarşısına alaraq da yenə hədə kəsib. Dünyanın istənilən ölkəsində təkcə bu fakt kifayət edərdi ki, bu cür hədələrin müəllifi uzun illər həbsxanaya göndərilsin. “Humanist və xeyriyyəçi” Osmanlı İmperiyasının keçmiş Daxili İşlər Naziri Təlat Paşanın, Osmanlı İmperiyasının keçmiş Dəniz Donanması Naziri Cemal Paşanın və başqalarının öldürülməsi ilə nəticələnən “Nemesis” əməliyyatını təşkil edən erməni terrorçularını açıq-aşkar tərənnüm və təbliğ edən birindən söhbət gedir. Eyni zamanda, “hər şey ola bilər”, deyərək, ölkəmizə qarşı terror təhdidi edən biri müzakirə mövzusudur. Hazırda Vardanyanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən hər kəs terror aktlarının tərəfdarını, Nemesis əməliyyatını həyata keçirənlərin davamçısını dəstəkləməklə nə qədər rüsvayçı, nə dərəcədə biabırçı göründüyünü heç düşünürmü?! Bu görüntüyə, bu şouya, məhz süni şəkildə yaradılan “Vardanyan şou”-ya nə şəkildə haqq qazandırmaq olar? Həmin bu şounu təşkil edənlər məhz öz ölkələrində belə bir terrorçuluq fəaliyyəti ilə məşğul olan birini qəbul edə və hətta ona Nobel Sülh Mükafatı da vermək bardə diskusiyalara, spekulyasiyalara belə yol verərlərdilərmi? Verməzdilər, birbaşa həbs etdirərdilər. Eyni şəkildə onunla davranılıb və burada qara-qışqırıq salmaq yersizdir, şounu da çox bayağı göstərir.

Vardanyanın keçmişi ilə bağlı çox maraqlı faktlar

Diqqətə çatdıraq ki, 2014-cü ildə Donbassda təxribat əməliyyatlarına rəhbərlik edən keçmiş Baş Kəşfiyyat İdarəsinin polkovniki İqor Strelkov vaxtilə Vardanyanın keçmişi ilə bağlı çox maraqlı faktlar barədə etiraflar etmişdi. Onun sözlərinə görə, Vardanyan qondarma Donetsk Xalq Respublikasının keçmiş rəhbəri, hazırda isə Rusiya Dövlət Dumasının deputatı, Donbass və Krımda separatizmi qızışdırmaqda məsul olan ukraynalı əməkdaşlardan biri olan Aleksandr Borodayın sponsorlarından biridir. Ona görə də təəccüblü deyil ki, Ukraynanın “Sülhməramlı” mərkəzi Vardanyanı öz siyahısına daxil edib və onun Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin təhlükəsizliyinə və beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər etdiyini, habelə digər qanun pozuntuları törətdiyini bəyan edib. Fəaliyyəti araşdırıldıqca çox çirkli faktlar ortaya çıxan və qanunsuzluq etdiyi, qanun pozuntuları törətdiyi, beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər etdiyi Qərbin özünün belə dəstəklədiyi Ukrayna tərəfindən qeyd olunan birini ABŞ və Avropa necə dəstəkləyə, onun üçün necə “şou” təşkil edə, yarada bilər axı? Sülh ilə onun heç bir əlaqəsi olmadığı hər dəfə, hər yerdə öz təsdiqini tapırsa, bu nə görüntüdür, nə şoudur yaradılır? Bu şounu təşkil edən Qərb guya bilmirmi ki, terrorçu olaraq qəbul edilən və hazırda cinayət əməlləri sübut edilərək, həbsdə saxlanılan cinayətkar Ruben Ukrayna tərəfindən də sanksiyaya məruz qalıb? Bilmirmi ki, ukraynalı deputatlar Nobel Komitəsinə etiraz məktubu belə göndəriblər? Bu barədə Qərb də, Avropa da yaxşı bilir, amma özünü bilməməzliyə, görməməzliyə, qanmamazlığa vurur ki, bunun özü də elə göstərmə, şou sayılır...

Qərb bilmirmi ki, Vardanyan məhz gizli şəkildə Xankəndini rus sülhməramlılarının maşınında çirkli pal-paltar altında gizlənərək tərk edib? Bilir. Elə isə, çirkli alt paltarları arasında gizlənməyi, çox rüsvayıçı şəkildə qaçıb aradan çıxmağı özünə rəva bilən personaj indi kimlərsə tərəfindən Nobel Sülh Mükafatına namizəd hesab olunurmu? Bunu da Qərb bilmirmi ki, Xankəndindən həmin o rüsvayçı şəkildə qaçışdan sonra Ruben Ermənistanda qalsaydı, bəlkə də hələ də azad şəkildə yaşaya bilərdi, amma o yenə də öz çirkin fəaliyyətini, terrorçuluğa dəstəyini dayandıra bilməyib, yenə də Xankəndinə qayıdıb, təxribatçı fəaliyyətini davam etdirməyə başlayıb və nəticədə də tutularaq Bakıya gətirilib? Qeyd edək ki, o, yəni kimlərsə tərəfindən axmaqcasına və absurd olaraq, Nobel Sülh Mükafatına layiq bilinən Ruben yenə də Xankəndindən qaçmaq istəyib və bu dəfə çirkli alt paltarlarının altında gizlənə bilməyib və tutulub. Yəni, Vardanyanın hər dəfə rüsvayçı şəkildə qaçış etməsi onun özünün belə cinayət törətdiyini başa düşməsindən irəli gəlir və belə olan halda Qərbə nə düşüb ki, onun müdafiəsi və “qəhrəmanlaşdırılması” üçün şou yaratmağı məqbul hesab edib? “Vardanyan şou” indi bəs Qərbin nəyinə lazımdır axı? Onun keçmişi ilə bağlı faktlar kimliyini, mahiyyətini ortaya qoyduğu halda yaradılan şou ancaq çirkin niyyətə xidmət edə bilər və heç Ruben üçün də nəzərdə tutulduğu belə şübhə doğurur.

Vardanyanın pulu müqabilində onun “qəhrıman” obrazında təqdim edilməsi Qərb demokratiyasına ciddi bir ləkədir

“Vardanyan şou”-nun məhz ABŞ mediası və PR şirkətlərinin iştirakı ilə aparıldığı da bir sıra suallar ortaya çıxarır. Axı ABŞ-da yaxşı bilirlər ki, Ruben Vardanyan məhz Rusiya təhlükəsizlik orqanlarının agentidir. Belə olan halda USAİD, Samanda Pauer kimi yüksək çinli amerikalı, ABŞ-ın EDELMAN PR şirkəti və digərləri kimi Qərbin bəzi dairələri rusların agentinə nə adla dəstək verməyə qalxıblar? İstənilən bir ABŞ şirkətinin axı Ukraynada separatizmə birbaşa dəstək verən rusiyalı oliqarxı dəstəkləməsi heç bir məntiqə sığışmır. Pauer kimi yüksək çinli amerikalı məmurun məhz rusiyalı oliqarxa dəstək verməsi də heç bir şəkildə başa düşülmür. Dünyaya demokratiya, söz azadlığı, azad mətbuat barədə ağız dolusu öyüd verməyə, özünü nümunə kimi göstərməyə çalışan ABŞ-da CNN kimi telekanalların Vardanyanın pulu müqabilində onun “qəhrıman” obrazında təqdim edilməsi elə Amerikanın demokratiya dediyinə də, söz azadlığı barədə pafoslu ifadələrinə də, ümumilikdə, Qərb demokratiyasına ciddi bir ləkədir.

Guya ABŞ tədqiqat və təhlükəsizlik orqanlarına bəlli deyildimi ki, Vardanyan Qarabağa Rusiyanın müvafiq orqanları tərəfindən göndərilmişdi? Bəlkə onun məhz hazırki erməni baş nazir Nikol Paşinyanın yerinə Rusiya tərəfindən hazırlandığını və göndərildiyini də amerikalılar bilmirdilər? Bilirdilər. Yaxşı bəs, Nikol Paşinyan Qərbin özünün “kadrı” olduğu halda, Vardanyan da onu devirmək üçün göndərildiyi halda niyə ayrı-ayrı ABŞ şirkətləri, rəsmiləri, nəhəng media imperiyaları həmin o çevriliş üçün göndərilən birini indi müdafiə etməyə, dəstəkləməyə qalxıblar? Maraqlıdır, Qərbin dəstəklədiyi, Ermənistanda hakimiyyət kürsüsünə oturtduğu Nikol Paşinyana rəqib kimi ortaya atılan rusiyalı oliqarxın, Ruben Vardanyanın təbliğatı, onun “qəhrəmanlaşdırılması” kimi bir şou, “Vardanyan şou” Qərbin nəyinə lazımdır? Belə çıxır ki, Qərb hər nə yolla olursa olsun, düşmənini belə qəbul edərək də olsa, Azərbaycana qarşı hansısa çirkin əməllərin reallaşdırılması üçün əlindən gələni etməyi özünə rəva bilir ki, bu, artıq rəzalətdir, rüsvayçılıqdır. Hər halda, “Vardanyan şou” kimi bir rüsvayçılığı qəbul etməklər Qərb öz mahiyyətini növbəti dəfə ortaya qomuş oldu...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə