OLA

Deyir ki hamı, yarda gərəkdir, işvə-naz ola!

Qoy olsun, onda zövqümə mənim gərək taraz ola!

Əsəndə qönçə ləbləri, sevib doyunca vəsf edəm,

O qönçəni yaşatmağa duyan könüldə yaz ola!

Yaxınlara, uzaqlara alıb aparsın əqlimi,

Mənim bu dilbərim kimi çətin ki, sehribaz ola!

Axarsa gözlərim mənim, kənara diqqət eyləyə,

Görərsə qeyri bir nəzər, bax onda etiraz ola!

Acıqlana, gah ağlaya, əzizləyib ovunduram,

Küsüb-barışmağ olsa da, ziyandı cana, az ola!

Həzin-həzin qəzəl deyəm, ipək kimi o yumşala,

Müşayət eyləyə məni əlində telli saz ola!

Sevənlərin ürəklərin vüsalə tapşırıb gedən

Ələminin də bayram axşamında keyfi saz ola!

12. 03. 2021-ci il

SƏNSİZ

Getməkdədir, ey gül, daha ömrüm heçə sənsiz!
Oldun niyə razı, belə əzgin keçə sənsiz?

Gün çıxdı, çəmən güldü, gülümsündü o güllər,
Neynim, bu çəmənzar də gəlmir vecə sənsiz!

İstər ürəyim, gizlicə keçsin küçənizdən,
Qəbul eləmir eh, niyə, bilməm, küçə sənsiz!

Hicranına dözmür ürəyim, taqəti çatmır,
Əl tutmadın, ey can, düşür axı gücə sənsiz!

Ruhun ilə vəhdətdəyik, ey yar, bəsinmi?
O - məndə, mən - onda, beləcə iç-içə, sənsiz!

Cismani olaq bir, həmi, söz vermisən, ey şux!
Haqqın evinə qoyma bu yazıq köçə sənsiz!

Dön, gəl, Ələmi badələrə mey süzüb, ey gül,
Al badəni qaldır, daha qoyma içə sənsiz!

27. 11. 2020-ci il


AZADLIĞIN MÜBARƏK, KƏLBƏCƏRİM!

Tazə zəfərlərlə gəlir ordumuz,
Şükr edirik, azad olur yurdumuz!

"Gəl-gəl" edir Kəlbəcərin dağları,
Qaytaracaq el o gözəl çağları!

Tərk edərək düşmən evin yandırır,
Qanmazı tale beləcə qandırır!

Kürkünə bit düşdü, deyirlər hələ,
Çün İrəvanda olacaq zəlzələ!

Başın itirmiş yaxası bitlilər,
"Bir-birini al qana qərq etdilər!"

Səbri tükənməkdə, deyir Kəlbəcər:
Gözləyir öz bağ-bağatın, gəl becər!

Ev-eşiyin qaydaya salsın hərə,
Şükr eləyək orda keçən günlərə.

Bal arısı çöldə qərar tutmayır,
Tez yuva qur, çün soyuyub çöl bayır.

Al sazını köklə Aşıq Şəmşirin,
Sözləri baldır, nə qədər şipşirin!

Saz ilə söz orda verə əl-ələ,
Ruhumuz ordan da göyə yüksələ!

Tez yetişək, çün soyuyar İstisu,
Köksünə sıxmaqdı bizi arzusu!

Dəvət edir dağlara bir dostumuz,
Sinədə dözmür nə qədər tostumuz!

Azad olub güllər açar tazə-tər,
Bəxtəvər olluq, Ələmi, bəxtəvər!

25. 11. 2020-ci il
LAÇIN, AY LAÇIN!

Hopub bayrağıma şəhidin qanı!
Gəl, deyir zirvədə Bayraq meydanı!
Gözləyim nə qədər, taqətim hanı?!
Çəkilin, çəkilin, yolumdan qaçın!..
Al bizi qoynuna, Laçın, ay Laçın!

Mənim ay-ulduzum səmanın gülü,
Günəş dövrəsində sarı bülbülü!
Gətirək Şuşadan xarıbülbülü!
Qızarın, közərin, şəfəqlər saçın!
Al bizi qoynuna, Laçın, ay Laçın!

Necə yenilməzdir Vətən əsgəri,
Xalq ilə bir ikən xalqın rəhbəri!
Qovub, qovacaqdır o namərdləri!
Bağlı qapıları taybatay açın!
Al bizi qoynuna, Laçın, ay Laçın!

Ey mənim sevimli həmvətənlərim,
Ey illər uzunu qəm çəkənlərim,
Çəkib, Ələmi tək yaş tökənlərim,
Laçınlar! Qıy vurun, qanadlar açın:
Al bizi qoynuna, Laçın, ay Laçın!

28. 11. 2020-ci il


KEÇƏR

Çox dedin, dövran mənimdir, bilmədin, dövran keçər?
Öl yerində, hürmə, məl'un, it hürər, karvan keçər!

Arxalı qorxaq köpəklər qurd basar, zənn eylədin,
Qovmuşuq, rədd olmasan, bax, boynuna xaltan keçər!

Qarşısında kimsə durmaz bu müzəffər ordumun,
"Qanə-qan"dır qanmasa kim, qanına qəltan keçər!

Etdim iman sidq ilə, bildim, vüsalım gözləyir,
Şükr Ona, göz qırpımında, izn edər, hicran keçər!

Çox çətin illər keçirdik, zülmə təslim olmadıq,
Gəlsin illər ömrümə, ömrüm, günüm asan keçər!

El bir olsa - əlbir olsa, qalmaz əldən əlli il,
Vaxt alan, baş ağrıdan boş "hərzə və hədyan" keçər!

Ya Ələmi, yummadıq göz, daş atar düşmən bizə,
Qoy, yumum rahət, xəyalımdan görüm canan keçər?

30. 11. 2020-ci il


AY LAÇIN, CAN LAÇIN!

Baxmır mənə sarı gül,
Küsüb, olub sarı gül!
Laçın yanıb, yaxılıb,
Yarı közdür, yarı kül!
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın!
Gözləyir dağlar məni,
O buz bulaqlar məni,
Gedib, könlün almasam,
Yar, deyib ağlar məni.
Ay Laçın, can Laçın,
Yol tapım hardan, Laçın!
Keçib daha, ağlama,
Ürəyimi dağlama!
Gəlirəm qucağına,
Yollarını bağlama!
Ay Laçın, can Laçın,
Qoy, səni alım, qaçım!

01. 12. 2020-ci il

DEDİLƏR

O nazlı yarə məni bildilər yaxın, dedilər!
Rəqibi dərdə salın, yandırıb, yaxın, dedilər!

Axır o zümrüdü gözlər, alıb məni aparır,
O gözlərə, elə bil, qeybdən "axın!" dedilər!

Səmavi eşq ilə sevdim mələklərin mələyin,
Çəkib için o mələklər də, bir baxın, dedilər!

Görüb, vuruldu hər ulduz bu eşqin atəşinə,
O "Süd yolu"yla gəlirlər axın-axın, dedilər.

Nə işdi, bilmirəm heç, görmədən, dedim, sevir o!
İnanmarıq, Ələmi, olmusan yaxın, dedilər!

03. 12. 2020-ci il

OLSUN

Ağ günlərə çıxmış Qarabağım gözəl olsun!
Güllər kimi göyçək və ətirli, özəl olsun!

Dost olsun, əgər istəsə, qoy xar ilə bülbül,
Dost içrə də lazımdı, güvənlik əzəl olsun!

Xainlərə məxsus çiçəklər gözəl olmaz,
Yarpaqları ətrafa tökülsün, xəzəl olsun.

Naz eylə, dedim, şer oxuyum, nazına qurban,
Şirin idi dilbər, dedi, şirin qəzəl olsun!

Neyçün bəs əyildin, dedi, güllərlə sevişdin,
Gül ləblərim, ey pir, bəs olmaz? Düzəl, olsun!

Azadə Qarabağda sevişdik, Ələmi, biz,
Xain əli yetməz bura, istər, yüz əl olsun!

06. 12. 2020-ci il

ŞÜKR EYLƏYİRİK...

Şükr eyləyirik, razıyıq öz qismətimizlə,
Əldə edirik qisməti çün, zəhmətimizlə.

Şirin olar ağzın, dedi ki saqi, şərab iç,
Şirin elədik düz sözümüz, söhbətimizlə.

Qəlbində Vətən sevgisi hər şeydən əzəldir,
Yüksəldi Vətən oğlu bu cür sərvətimizlə!

Süd verdik, həlal etdik, igidlər ki böyütdük,
Namuslu və qeyrətli olub ismətimizlə.

Cənnətlik olub uçdi şəhidim Qarabağda,
Cənnətdir ora, fəxr edirik cənnətimizlə!

Çox rəhmdil, adil yaradıbsan bizi, ya Rəbb,
Xainlərə qalib gəlirik şiddətimizlə!

Oynaq, qələbə marşı çalınsın, igid əsgər,
Addımla yenilməz və mətin cürətimizlə!

Yaxşı adam imiş Ələmi, söyləyə kimsə,
Xatırlanaq öz xalqımıza xidmətimizlə!

08. 12. 2020-ci il

EYLƏMƏ, YA RƏBB!

Bu haqq yolunda bizi xar eyləmə, ya Rəbb!
Mərdi daha namərdə şikar eyləmə, ya Rəbb!

Əmrinlə bahar oldu, gülümsündü xəzanım,
Zalımların ömründə bahar eyləmə, ya Rəbb!

Gülzarə çevir, gül qədəmi kəsmə bu yerdən,
Xain bağına girmə, güzar eyləmə, ya Rəbb!

Öz cildini şeytan dəyişir, bülbülə rəhm et,
Şeytanı, amandı, gülüzar eyləmə, ya Rəbb!

Mənfur yaratdınmı özün düşməni,.. bildik,
Pislik nədi, bildiksə düçar eyləmə, ya Rəbb!

Göylərdə gəzir ruhu şəhidin, onu şad et,
Onsuz qalan övladını zar eyləmə, ya Rəbb!

Əl tut, Ələmi verməsin öz bayrağın əldən,
Nakam onu, bir istəyi var, eyləmə, ya Rəbb!

05. 12. 2020-ci il

GÖZƏLLƏR

Məxsusi gözəlləşdirir hər yanı gözəllər,
Həm qəmzəsi, həm qaməti - hər yanı gözəllər.

Vəsf etməyə gülüzlüləri tapmadım imkan,
İmakan bizə bir vermədi imkanı gözəllər.

Rəhm etmədilər, vermədilər üz bu fəqirə,
Rişxənd elədi gizlicə, pünhani gözəllər.

Tutmuş əl-ələ yar ilə hər kim ki, sevinsin,
Məmnun olub, olsun təki, cananı gözəllər!

Surətdə gözəllik, nə deyim, yaxşıdı, söz yox,
Zəngin edə daxildəki mənanı gözəllər!

Ruhun məni cəzb eylədi, ruhumcasan, ey şux,
Cismani qovuşmur niyə ruhani gözəllər?

Arif Ələmi yaxşı bilir, fanidi dünya,
Cəzb eyləyir indi onu irfani gözəllər!

12.12. 2020-ci il

ATACAN

Çökdürüb düşməni, əzdik, elədik ram, atacan!
Qalmadıq, gözlərin aydın, daha nakam, atacan!

Sülhə dəvət elədik, güldü bizə düşmənimiz!
Etdi azğın bizə rişxənd ilə eyham, atacan!

İncidirdi, bilirəm ki, o, sənin ruhunu da,
Sonadək mən belə mənfur ilə varam, atacan!

Xalqımız, ordumuz, and içdi, səfərbər oldu,
Rəhbəri qalib edir eşq ilə inam, atacan!

Unudaq dərdi, bizim xalqa sevinmək yaraşır,
Xalqa ömrüm boyu etməkdəyəm, ikram, atacan!

Türkiyəm, Azəribaycanım hələ şənlik edir,
Daha Turana yayılmaqdadı bayram, atacan!

İki qardaş - bir ürək, vəcdə gəlib nəğmə dedik,
Belə çin oldu otuz ildəki röyam, atacan!

Ələmi alqış edib, yazdı fərəhlə, bu sözü:
Sənə rəhmət oxudur, övladın İlham, atacan!

13.12. 2020-ci il

YARAŞIR

Xalqıma, Dövlətimə, gör nə, zəfərlər yaraşır!
Tarixə yazdığı cürətlə əsərlər yaraşır!

Ey, ana, xalqa ki qurban elədin övladı,
Hansı xalqa bu qədər ali dəyərlər yaraşır?!

Necə xəlq etmisən, Allah, o şəhidi, bilməm,
Elə nurüzlüyə, məsuma hünərlər yaraşır?!

Ey Vətən qızları, sevdikcə sevin qaziləri,
Ən böyük sevgiyə, eşqə igid ərlər yaraşır!

Bitdi hicran gecəsi, indi, Vətən, azad ol,
Gəl de, ey badi səba, hansı xəbərlər yaraşır!

Ey səhər, boynuna sal, durma, zəfər bayrağımı,
Xəzərim güzgüdü, bax, gör necə zərlər yaraşır!

Günəşim, doğ, dolanar başına daim Ələmi,
Bu səmayə bizitək Şəms-Qəmərlər yaraşır!

11. 12. 2020-ci il


Bütün xəbərlər Facebook səhifəmizdə