“Əllidə ələnənlər” kitabı işıq üzü gördü

Qarşımda tanınmış şair, publisist, jurnalist Namiq Dəlidağlının çapdan çıxan "Əllidə ələnənlər" adlı növbəti şeirlər kitabı var. Mən bu kitabı birnəfəsə oxudum. Çünki buradakı şeirlər o qədər maraqlı, mənalı və məzmunludur ki, oxucunu burada yazılanları oxumağa məcbur edir. Namiq Dəlidağlı məmləkətimizdə orta nəsil şairlərimizin arasında ən üzdə olanlarından biridir. İlk öncə bu, onun bir şair, publisist kimi məhsuldarlığından, özünün yaradıcılığına böyük diqqətindən, cavabdehliyindən irəli gəlir. Çox mənalı ömür yolu keçən Namiq Dəlidağlını bir daha oxucularla daha yaxından tanış etmək istəyirəm.

Qısa tanıtma: Namiq Dəlidağlı 01 noyabr 1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca ali təhsilli jurnalist-filoloqdur.

Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. O, 1993-cü ildən kütləvi informasiya vasitələrində çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.

Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla ciddi məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi”, “Azad Azərbaycan” və sairə qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan” və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir çox şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeir kitablarının müəllifidir. “Əllidə ələnənlər” adlı bu növbəti şeirlər kitabı yenicə çapdan çıxıb.

İnanıram ki, müəllifin əvvəlki kitabları kimi bu kitabı da oxucuların marağına səbəb olacaq. Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan, imzası yetərincə tanınan Namiq Dəlidağlı Qarabağ ağrılı, vətən sevdalı, ordu quruculuğu, dövlətimiz və dövlətçiliyimizlə bağlı yazıları, şeir və məqalələri ilə həm respublika mətbuatında, həm də bir sıra xarici ölkələrin mətbu orqanlarında davamlı olaraq çıxış edir, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdırır.

Müəllifin növbəti “Əllidə ələnənlər” kitabı 50 illik ömür yoluna və şair taleyinə bir hesabatdır desək daha düzgün olar. Kitabın adı da simvolik bir məna daşımaqla sözə olan böyük ehtiramın və etiqadın bariz təcəssümüdür. Yeni nəşrə şairin seçilmiş şeirləri və son illərdə qələmə aldığı poetik nümunələr daxil edilib. Qeyd edək ki, kitabın redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədlidir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına, Azərbaycan Yazıçılar Birliyinin xətti ilə verilən Prezident təqaüdünə layiq görülüb.

Namiq Dəlidağlı hazırda “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt. az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarıdır. Ona yeni yaradıcılığında daha böyük uğurlar arzu edirik.

İlhamə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə