Ağrıların, acıların şəxsiyyət kimi yetişdirdiyi insan (Portret cizgiləri)

Əlimusa Musayev: “Yaxşı təhsil alan adam, həyatı daha yaxşı dərk eləyir”.

Bizim başqa millətlər arasında uduzmağımızın əsas səbəblərindən biri də öz həmvətənlərimizi başqa millətlər arasında layiqincə təbliğ etməməyimizdir. Ona görə də tarixlər boyu xalqımzın nəinki adi insanları, az-çox xidməti olan həmvətənlərimiz və hətta ən məşhur insanlarımız belə çox vaxt kölgədə qalıblar. Amma qonşularımız olan və bizim tarixi düşmənlərimiz ermənilər hətta özlərinin heç bir xidməti olmayan adamlarını tarixlər boyu təbliğ ediblər. Hətta yadımdadır gavurlar Sovetlərin vaxtında özlərinin bəsit ədəbiyyatını, incəsənətini elə yüksək səviyyədə təbliğ edirdilər ki, başqa millətləri də bütün bunları təbliğ etmək üçün “mükafatlandırırdılar”. Mən Moskvada oxuduğum vaxtı bunun dəfələrlə şahidi olmuşam... Hətta onların qastrola gəlib, Moskvada göstərdiyi tamaşaların çoxu zəif olsa da moskvalı teatrşünaslar onları çox tərifləyirdilər. Çünki ermənilər onları “yaxşı mükafatlandırırdılar”.

Ona görə də başımıza gələn bütün bu dəhşətli hadisələrdən sonra heç olmasa indi biz də kini, küdürəti, paxıllığı bir kənara qoyub, xalqımızın ən kiçik nümayəndələrindən tutmuş, ən məşhurlarına qədər hamısını təbliğ edək. Onları dünya mətbuatına çıxaraq. Bu, ilk öncə indiki yazarlarımızdan çox asılıdır...

Mən bu portret yazımda siz oxuculara məşhur alim, tanınmış şair, tibb üzrə böyük uğurlara imza atmış insan haqqında yox, maliyyə, mühasibatlıq üzrə öz işinin çox böyük bilicisi, həddindən artıq vətənpərvər, millətini öz canından daha çox sevən, dəyərli ziyalı olan bir şəxsiyyət haqqında məlumat verəcəm. İlk baxışdan adi görünən bu insanın həyatı çox maraqlı kitabların mövzusu ola bilər. Sadəcə bu insanı diqqətlə dinləmək lazımdır. Elə təkcə 02-04 aprel 2016-cı il tarixlərində cəbhə bölgəsində əsgərlərimizin şücaətindən, qəhərəmanlığından qürur duyan bu insanın həmin vaxtdan özünün əmək haqqının 50 faizini Müdafiə Nazirliyin hesabına köçürməsi məgər bu özü böyük təqdirə layiq iş deyilmi? Ordumuzun həmin vaxtı göstərdiyi rəşadət sübut elədi ki, Azərbaycan xalqını qoruyan qüdrətli ordusu var. Deməli, bu ordu istədiyi vaxt düşmənlərimizi diz çökdürə bilər. Bax Əlimusa müəllim də bu orduya inandığına görə öz əmək haqqının 50 faizini Müdafiə Nazirliyinin hesabına köçürürür. Hətta söhbətimiz əsnasında Əlimusa Musayev deyir: “Baxmayaraq ki, təqaüdə çıxmışam, amma hələ canım suludur. Hərbiyə getmək, ön cəbhədə olmaq istəyirəm. Bu haqda müraciət etsəm də məni yaş senzinə görə orduya qəbul etmirlər. Müdafiə Nazirliyindən bildirdilər ki, bu gün bizim qüdrətli ordumuz istənilən düşmənə layiqli cavab verməyə hazırdır və ona görə də sizlərə ehtiyyac yoxdur. Belə ordusu olan xalq, onlarla qürur duymalıdır”.

O, bu sözləri hələ 2016-cı ildə qəzetə verdiyi müsahibəsində də demişdi və o vaxtı onun bu vətənpərvər sözləri çoxminli oxucularda böyük maraq yaratmışdı. Deməli, elə bu sözləri əsas məqsəd kimi qəbul edib, Əlimusa Musayev haqqında silsilə yazılar yazmaq olar. Bu yazıları oxuyan düşmənlərimiz də bizim necə vətənpərvər oğullarımzın olduğunu görə bilərlər. Və bir daha dərk edərlər ki, 68 yaşlı azərbaycanlı bu gün döyüşə girib, ermənilərlə vuruşub, öz torpaqlarını geri almaq istəyirsə, deməli, cavanlar da ondan nümunə götürüb, erməni gavurlarını tezliklə Qarabağdan çıxara bilərlər. Hətta onları və dünya ictimaiyyətini məcbur eləyə bilərlər ki, gavurların zəbt etdiyi Qərbi Azərbaycanı da tezliklə boşaltsınlar və həmvətənlərimiz oradakı Vətənlərinə qayıtsınlar. Mən qətiyyətlə inanıram ki, bizim Əlimusa müəllim kimi ağsaqqallarımız çoxdur. Sadəcə biz yazarlar onlarla həmsöhbət olmalıyıq. Mən də Əlimusa Musayevlə həmsöhbət oldum.

Qısa arayış: Əlimusa Əyyub oğlu Musayev 01 iyul 1952-ci ildə Azərbaycanın ən gözəl, dilbər guşələrindən biri olan Lerik rayonunun Qosmalian kəndində anadan olub. Ailə üzvləri böyük olub. 8 illik məktəbi Qosmalian kəndində bitirib və Bakıya gəlib. Burada texniki-peşə məktəbinə daxil olub. Həmin məktəbi qırmızı dipolomla bitirib. Həm də paralel olaraq keçmiş “Sovetski”dəki 64 nömrəli fəhlə-gənclər orta məktəbində də təhsil alıb. Sonra orduda xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun axşam şöbəsinə qəbul olub. Gündüz isə tikintidə fəhlə işləyib. Ali təhsili başa vurandan sonra həmin tikintin idarəsində mühasib vəzifəsinə keçirilib. Orada işlədiyi vaxt ona iki otaqlı mənzil də veriblər. Sonra İnşaatçıların Respublika Həmkarlar Komitəsində büdcə üzrə təlimatçı işləyib. 10 il orada işləyəndən sonra Balıqçılıq idarəsində baş mühasib işləyib. İndi də Səhiyyə Nazirliyinin İnformatika və Statistika idarəsində baş mühasib vəzifəsində çalışır və oradan da təqaüdə çıxıb. Yuxarıda yazdığım kimi aldığı əmək haqqının da 50 faizini Müdafiə Nazirliyinin hesabına köçürür. Söz düşəndə də deyir ki, “Vətənə xidmət edirəm”. Belə bir deyim də var ki, əzəmətli dağların qoynunda doğulanlar dağ vüqarlı, saf, təmiz olurlar. Bax, bu cəhətələr Əlimusa Musayevdə də var. Ona görə də o, özünün təmkinli olması, mehribançılığı, səxavəti ilə bütün dostlarından seçilir və fərqlənir.

- Əlimusa müəllim, sizinlə apardığım söhbətlərdən bilirəm ki, böyük külfət olmusunuz və uşaqlıq illəriniz də çox sarsıntılı və acınacaqlı keçib. Həmin illərdən nələr yadınızda qalıb?

- O vaxt atam kənd dəyirmanında işləyirdi və həm də ruhani savadı vardı. O vaxtlar da molla olmadığına görə həm də kəndin mollası idi. Ailədə 8 uşaq idik. Bu gün hələ vəziyyətin yaxşı bir vaxtında 3-4 nəfərlik ailəni dolandırmaq çətin olduğu bir vaxtda o zaman 10 nəfərlik ailəni dağ kəndində dolandırmaq doğrudan da çox çətin olduğundan biz də valideyinlərimizə bütün işlərdə və kolxozda işləməklə ailəyə köməklik edirdik. Səmimi etiraf edim ki, mən insanların bir-birinə pislik etdiyini, imkanlı adamların imkansızları adam yerinə qoymadığını, onları hər an təhqir etdiyini, alçaltdığını, kölə kimi işlətməyini lap kiçik yaşlarımdan görmüşəm və bax bu da mənə elə həmin vaxtlardan əzab verib. O vaxtlar bizim kənddə bir-iki nəfər imkanlı adam vardı. Bunlar kolxozun sədri, kənd sovetinin sədri, partkom, mühasib və bir neçə nəfər də onların əlaltıları, qulbeçələri olanlar idi. İnanın onlar kənd camaatına qan uddururdular. Həmin illərlə bağlı bir neçə kitabın mövzusu olan çoxlu acılı-şirinli xatirələrim var...

- Bəli. Hər bir insanın həyatı qalaq-qalaq kitabların mövzusudur. Sadəcə həmin insanlarla həmsöhbət olmaq lazımdır. Siz həmin hadisəlrdən hansılarısa danışa bilərsinizmi?

- Belə hadisələr çox olub. Onlardan ikisini danışım. Yadıma gəlir ki, atam mənə 16 kalibr ov tüfəngi almışdı. O vaxt da 12 yaşım vardı. Bir gün gördüm ki, bir göyərçin gəlib qondu bizim həyətdən bir qədər aralı olan uca çinar ağacına. Mən başa düşdüm ki, bu çöl göyərçinidi. Çünki ev göyərçini ağaca qonmur. Fikirləşdim ki, bunu vurum, anam heç olmasa nə isə hazırlayar və bizim kasıb ailə də içində ət olan nə isə dadlı bir yemək yeyər. Tez gedib evdən tüfəngi götürüb, içinə patron qoyub atdım. Allahdan güllə göyərçinə dəydi və o yerə düşdü. Mən tez bıçağı çıxarıb, göyərçinin üzünü qibləyə tutub kəsdim. Bu vaxt gördüm ki, tüfəngin səsinə bir adam bizim çəpərin yanındakı yoncalıqdan göründü. Bu kənd sovetinin sədri idi. Mənə dedi ki, “nə vurmusan”? Dedim ki, göyərçin. Dedi: “Ay köpək oğlu, kolxozun göyərçinini niyə vurubsan? Tez onu mənə ver!” Dedim ki, bu kolxozun deyil, çöl göyərçinidir. Göynən uçub və gəlib ağaca qonub. O dedi ki, “məgər sən bilmirsən ki, burada hər şey kolxoza məxsusdur. Tez göyərçini mənə ver”. Mən də tərs uşaq idim. O, nə qədər zəhimli adam olsa da mən ondan qorxmadım. Gördüm üstümə gəlir tez tüfəngə patron qoyub ona tuşladım və dedim: “Əgər sən göyərçini məndən almaq istəsən səni vuracam!”. Mənim ucadan, hirslə və inamla dediyim bu sözlərdən o, həqiqətən də qorxdu və geri çəkildi. Tez göyərçini də götürüb, evimiz tərəfə qaçdım. Sonra geri baxdım və gördüm ki, o, ardımca gəlmir. İnanın həmin gün evimizdə toy-bayram oldu. Anam həmin göyərçinin ətindən sulu yemək bişirdi. Hamımız doyunca yedik. O dad indi də mənim damağımdadır... Başqa bir acı əhvalat da tez-tez yadıma düşür. 8-ci sinifi qurtarana qədər mənə doğum şəhadətnaməsi almamışdılar. Atam məni götürüb, rayon mərkəzi olan Lerik qəsəbəsinə gətirdi. Mən o vaxt Leriki ilk dəfə idi ki, görürdüm. Çox xoşuma gəldi. Atam məni milis idarəsindəki pasport şöbəsinə gətirdi. Özü bir otağa girdi. Qapı açıq qaldı. Gördüm həmin kişi atamı tanıdı. Çünki o, otağa girəndə həmin kişi ona müraciətlə və dolamaqla belə dedi: “Mollayev, xeyir ola bura gəlməkdə?”. Atam da dedi ki, “uşağı gətirmişəm, ona metirka almaq istəyirəm”. Sonra da atam məni həmin otağa çağırdı. Gördüm həmin adan yekəpər, bazburutlu, qara bir kişidir. Məni görəndə gülümsündü və dedi: “Uşaq budur? Bu ki, yekə kişidir. Niyə bu vaxta qədər ona metirka almamısan?” Atam da dedi ki, “nəçənnik kənd yeridi, heç kim istəməyib, ona görə də almamışam. Həm də bizim kənddən rayon mərkəzinə xeyli yoldur”. Gördüm ki, həmin adam mənə metirka vermək istəmir. Dedi ki, “bunun xərci var”. Atam cibindən bir dəsmal çıxartdı. Onun belə bir şakəri vardı. Pulları dəsmala bağlayıb cibinə qoyardı. Kağız pulları ayrı və qəpikləri də ayrı. Həmin dəsmalı açıb, içindəki pulları yekəpər kişinin qarşısına qoydu. Gördüm kişinin sifəti dəyişdi və başladı gülümsünməyə. Pulları saydı. Orada 27 manat və nə qədərsə qəpik vardı. Atam günahkarcasına dedi ki, “vallah olan pulum budur”. O adam pulların 25 manatını götürüb, stolun siyirməsini açıb və lineyka ilə pulları ora tökdü və yerdə qalan 2 manat və neçə qəpiyi də lineyka ilə atama sarı itələyib dedi: “Kəndə qayıtmağa sizə bəs eləyər”. O nainsaf heç 5 manat da vermədi ki, atam heç olmasa kəndə qayıdanda rayon mərkəzindən uşaqlara bir toyuq, yavanlıq ala bilsin. Həmin gün mənə metirka, yəni şahadətnamə yazıb verdilər. Amma şəhadətnaməni alanda mən sevinmədim. Çünki həmin yekəpər kişinin hərəkəti mənə çox pis təsir eləmişdi. O kişinin adını yadımda saxladım. İllər boyu onu unutmadım. Bakıda artıq vəzifədə işlədiyim vaxt Lerik rayonundan bir oğlan işlə bağlı mənə müraciət elədi. Soruşdum kimlərdənsən? Dedi ki, filankəsin oğluyam. Atamdan metirka üçün rüşvət alan kişini deyirdi. Əvvəlcə ona köməklik etmək istəmədim və atasını tanıdığımı da bildirmədim. Amma fikirləşdim ki, həmin kişinin bizim ailəyə etdiyi pisliyin əvəzini necə çıxım və oğlana dedim: “Sənin işini həll edə bilərəm. Amma bu işin 150 manat xərci var”. Oğlan heç nə demədi, 150 manatı çıxarıb stolun üstünə qoydu. Mən də tezliklə onun məsələsini həll elədim. O vaxt da həmin 150 manat yekəpər kişinin atamdan aldığı pulun üç misli həcmindən də çox idi. Bax o yekəpər kiçidən “hayıfımı” beləcə aldım. (Acı-acı gülümsündü).

- Rayondan gələn 15 yaşlı Musa, Bakı mühitinə düşdü və şəhərdə də sizin heç bir qohumunuz yox idi. Texniki-peşə məktəbində və “Sovetski” deyilən yerdə təhsil aldınız. Bəs həmin illəri necə xatırlayırsınız?

- Mən gündüz texniki-peşə məktəbində, axşam isə 64 nömrəli fəhlə-gənclər məktəbində təhsil alırdım. Həm də klassik güləşlə və rəqslə məşğul olurdum. Boş vaxtım demək olar ki, yox idi. Amma dərslərimi yaxşı oxuyurdum. Çünki fikirləşirdim ki, ailəmizə gələcəkdə köməklik etmək üçün mən hökmən yaxşı oxumalıyam. Texniki-peşə məktəbini qırmızı diplomla, orta məktəbi də demək olar ki, əla qiymətlərlə bitirdim. 64 nömrəli fəhlə-gənclər məktəbi “Sovetski”də idi. Orada da uşaqların oxumağa marağı yox idi. Onlar hamısı bakılı idi və kənddən olan yeganə uşaq da mən idim. Ona görə də məcbur eləyirdilər ki, elə hamının əvəzinə dərsləri hər gün mən danışım. Çünki mən dərsləri danışıb, sinif yoldaşlarımı çətin vəziyyətdən çıxarmasaydım, sonra onlar məni döyə bilərdilər. Mən də istəsəm də-istəməsəm də məcburən dərslərimi yaxşı öyrənirdim. Bax sinif yoldaşlarım tərəfindən döyülməmək də mənə həyatda çox köməklik elədi. Çünki dərslərimi yaxşı oxuyub, həyatda istədiyim bütün arzularıma çatdım. Öz sənətim sayəsində yaxşı mütəxəssis oldum. Amma həmin vaxtı mənimlə oxuyanların çoxu sonralar həbs olundu. Qalanları da həyatda heç nə əldə eləyə bilmədilər. Deməli, oxumaq, təhsil almaq insan üçün həyatda ən əsas və müqəddəs şeydir. Çünki yaxşı təhsil alan adam, həyatı daha yaxşı dərk eləyir. (Gülümsünür.)

- Ali məktəb illərini necə xatırlayırsınız. Orada oxuduğunuz illərdən bu günə kimi kiminlə yoldaşlıq, dostluq edirsiniz?

- Ali məktəbi biz axşam şöbəsində oxuyurduq. Gündüz isə hərəmiz bir yerdə işləyirdik. Ona görə də söhbət etməyə, təmasda olmağa vaxtımız az olurdu. Amma onların bəziləri ilə indi də təmasda oluram, amma təkcə yaxşı maliyyəçi, iqtisadçı yox, həm də maraqlı şair olan Tahir Ələkbərli ilə (Ələkbərovla), düz 46 ildir ki, dostluq edirik. Tahirlə təkcə dostluq etmirik, həm də uzun illər də bir yerdə işləmişik.

- O vaxtlar tikintidə mühasib işləyən Əlimusaya 2 otaqlı mənzil verdilər. Bax bu hadisəni necə xatırlayırsınız?

-Həmin vaxtı ev almaq çətin idi. Baxmayaraq ki, adamlar növbəyə götürülürdü, amma pullu, imkanlı adamları növbədə qabağa çəkib, onlara daha tez ev verirdilər. Bax həmin vaxtı da çoxlu haqsızlıqlarla qarşılaşmışam. Amma xasiyyətim sanqvinik olduğundan, həmişə haqqımı tələb eləməyi bacarmışam. Döyüşlədə olsa, mübarizə ilə də olsa haqqımı əldə eləmişəm. Mən də o vaxtı çox böyük döyüşlə, haqqımı tələb etməklə mənzil aldım. Ona görə də həmin vaxtı heç vaxt unutmuram. Bir daha deyirəm. Ümumiyyətlə mən nəyə nail olmuşamsa çox böyük zəhmətin, mübarizliyin nəticəsində nail olmuşam. Mənə elə gəlir ki, hansı insan daha mübarizdirsə, məqsədyönlü hərəkət edirsə o, gec-tez öz istəyinə nail olacaq. Mən bu fikrimi yanımda işləyən gənclərə də deyirəm və istəyirəm ki, onlar həyatda mübariz olsunlar. Onlara deyirəm ki, “özünüzdən bədgüman olub deməyin ki, qaraçuxam yatıb, bəxtim gətirmir. Həmişə çalışın ki, bəxtinizi sınamaq, arzularınıza çatmaq üçün ciddi-cəhdlə hərəkət edin. Öz mühakimələrinizi vacib məsələlər ətrafında cəmləşdirməyi bacarın. Bunu bacaran insan, çox şeyləri əldə edir”.

- Öz mühakimələrini vacib məsələr ətrafinda cəmləşdirməyi bacaran Əlimusa müəllim İnşaatçıların Respublika Həmkarlar Komitəsində işləməyə dəvət olundu. Əlbəttə, hər mütəxəssisi ora işləməyə dəvət etmirdilər. Necə oldu ki, sizi ora işə dəvət etdilər?

- Mən əvvəldə dedim ki, orta məktəb illərində və texniki-peşə məktəbində yaxşı oxumuşam. Ali məktəbdə də əla qiymətlərlə oxumuşam ki, yaxşı mütəxəssis olum. Ona görə də deyirəm ki, savadlı insan, hökmən yaxşı mütəxəssis olur. Əlbəttə, belə adamları yaxşı işlərə də cəlb edirlər. İşlədiyim İnşaatçıların Respublika Həmkarlar Komitəsində dostum Tahir Ələkbərli ilə birlikdə işləyirdik.Tahir indi özü də burdadır və bizim səhbətimizə qulaq asır. Bizim işlədiyimiz sahə 633 təşkilatı əhatə edirdi. Bu təşkilatlarda da 122 mindən çox insan çalışırdı. Bu təşkilatların içərisində 5 tikinti nazirliyi, 12 Layihə institutları, çoxlu elmi idarə və başqa təşkilatlar da vardı. Bu adamların içərisində nazirlər, elmlər doktorları və başqa peşə sahibləri işləyirdi. Bu iş həm çətin idi və həm də insan belə şəxsiyyətlərin arasında istəsə də-istəməsə də püxtələşirdi. Çünki bizə tez-tez nazirdən, alimdən tutmuş adi işçilərə qədər yüzlərlə adamlar müraciət edirdi və biz də onların hamısı ilə dil tapmalıydıq. Onların arzularını, istəklərini müsbət həll etməliydik. Yəqin Tahir müəllim də təsdiq edər ki, orada işlədiyimiz dövr bizim həyatımızda, gələcək işlərimizdə bir təkanverici rol oynadı. Yəni həmkarlar təşkilatının çoxşaxəli olması elə bil ki, bizi həyatda sonralar böyük uğurlar qazanmağa hazırladı. Biz orada 10 il işlədik. Bu 10 il də Tahir müəllimlə mənim dostluğumun bir körpüsü oldu. Bu dostluq da əvvəldə dediyim kimi 46 ildir ki, davam edir.

- Siz sonra daha cavabdehli bir işə gəldiniz. Səhiyyə Nazirliyinin İnformatika və Statistika idarəsinin baş mühasibi oldunuz. Bəs bu necə oldu?

- Dövlət həmişə gələcək planlarını satatistika üzərində qurur. Bunsuz da mümkün deyil. Statistika məlumatını da heç kimə vermək olmaz. Statistika çox cavabdehli sahədir və insandan böyük cavabdehlik tələb olunur. Səhiyyə üzrə bütün məlumatlar da bizim idarədən keçir. Buna görə də bizim idarə çox cavabdehli idarədir. Biz də çalışırıq ki, bu işin öhdəsindən layiqincə gələk. Ölkəmizə də öz işimizlə layiqincə xidmət edək.

- Əlimusa müəllim 50 ildən çoxdur ki, dövlətə və dövlətçiliyə xidmət edir. Bu haqda nə deyə bilərsiniz?

- Ölkə başçımız cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti mən yüksək səviyyədə dəstəkləyirəm. Onun bu siyasətini də hər yerdə təbliğ edirəm. Ümumiyyətlə ümumxalq məhəbbəti qazanmaq hər prezidentə, hər şəxsiyyətə müyəssər olmur. Çox zaman bu taledən və ciddi cəhtdən asılı olur. Birinci əsasını qoyur, ikinci də bu uğuru davam etdirir. İnanıram ki, tezliklə torpaqlarımızı da azad edəcəyik. İnsanlarımız daha da firavan yaşayacaq. Həmin günlər heç də uzaqda deyil. Atalarımız da deyib ki, “ səbr eləməyi bacaran insan heç vaxt tələskənliyə yol verməz”. Səbr ağacı da elə uca olur ki, hər bağda bitmir. Belə ağacı ərsəyə gətirmək üçün də insana məhz böyük səbr lazımdır. Deməli, biz bir millət olaraq, səbrli olmaqla həyatda daha çox şeylər əldə edə bilərik.

-İyul ayının 1-də sizin 68 yaşınız tamam olur. Bu haqda nə deyə bilərsiniz?

- Mənim ad günümü, dostum, istedadlı şair Tahir Ələkbərli maraqlı bir şeirlə təbrik eləyib. Əgər mümkünsə bu şeiri elə mənə təbrik kimi yazın. Tahir müəllimdən də xahiş edək həmin şeiri desin və siz də diktafonunuza yazın.

Biz, Tahir Ələkbərlidən xahiş elədim və o da yazdığı “Əziz, doğma, ay Musa” şeirini özünəməxsus avazla dedi:

- Tanrı gülsün bəxtinə,

Əziz, doğma, ay Musa.

Günəş doğsun taxtına,

Əziz, doğma ay Musa.

Sən Allaha şükr elə,

Gecə-gündüz zikr elə.

Yaşayasan, bax belə,

Əziz, doğma ay Musa.

Oğlun, qızın yanında,

Qorxu olmaz canında.

Türk qanıdır qanın da,

Əziz, doğma ay Musa.

Tanrı sənə yar olsun,

Qohum, qardaş var olsun.

Kəm baxanın xar olsun,

Əziz, doğma ay Musa.

Ucal, yaşa, yarat da,

Bu möhtəşəm həyatda.

Hər an toyda,busatda,

Əziz, doğma ay Musa.

Çatılmasın qoy qaşın,

Ağrımasın heç başın.

Yüzə çatsın qoy yaşın,

Əziz, doğma ay Musa.

P.S. Mən də bir daha Əlimusa Əyyub oğlu Musayevi ad günü münasibətilə çoxminli oxucularımız adından təbrik etdim. Və bir daha ona da sevindim ki, belə ziyalı, vətənpərvər, xeyirxah eloğlumuzu çoxminli oxucularla yaxından tanış elədim.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə