"Səndə elə xoşbəxtəm ki..." ŞEİR

Ürəyim əlimdən tutub,

balaca bir uşaq kimi

çimdikləyə-çimdikləyə

Sənə gətirib məni...

Qarnım ac, qəlbim qırıq

Ayağımda köhnə çarıq,

kirli şalvar, yırtıq köynək

sənə gəlib çıxanadək,

bu zavallı, yazıq ürək

min dəfə itirib məni.

Səni görəndən dəyişib-dünyanın ağı-qarası

Halvalarım şirinləşib, sularım da sərinləşib...

Qəribədir, axı nədən

Qüssəsi, dərdi üzündən,

Hər gün ölümün diləyən,

Həyatımdan bezikən mən,

Səni tanıyandan bəri

Daha heç ölməyim gəlmir...?!

Səndə elə xoşbəxtəm ki,

Vallah min il keçsə belə

Özümə "gəlməyim" gəlmir...

Yalvarıram

Qoyma qayıdım geriyə,

Dönüm həmənki sürüyə...

Qapınızda yatım, qalım,

İstərsən lap döy, vur məni.

Geri dönə bilməməkçün

Küçənizdə azdır məni...

Axı neynəyim mən yazıq?

Belə şip-şirin röyanı

Yarıda bölməyim gəlmir.

Səndə elə xoşbəxtəm ki,

Səni tərk edib, getməyim,

Özümə "gəlməyim" gəlmir…

İlqar Kamil

Bütün xəbərlər Facebook səhifəmizdə