Bir ana kədəri göynədir məni,

Bütün ömrüm boyu göynədəcəkdir.

Həyatdan küsdürür, keylədir məni,

Mən ölənə kimi keylədəcəkdir.

Yoluma baxaraq can verən anam,

Dözmək istəyib mən gələnə kimi.

Onu yaşadıbmış hansısa inam,

Məni gözləyibmiş ölənə kimi.

Özüm də bilirəm loğman olsaydım,

Ölümün kökünü kəsə bilməzdim.

Yanında can verən zaman olsaydım,

Ana ölümünə dözə bilməzdim.

Mənimçün ən böyük itki olsa da,

Atam da düz dörd ay mənə yazmamış.

Deyirlər Cəbrayıl arvad olsa da,

Ölən arvadına qəbir qazmamış.

Öz qəlb hıçqırtımda doğma atamçün,

Qəzəbdən bir pöhrə bitirmişəm mən.

On doqquz yaşına yetirdiyim gün,

Qırx bir yaşda ana itirmişəm mən

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə