Birinci və İkinci Qarabağ müharibələri: itirdiklərimiz, qazandıqlarımız - TƏHLİL

1988-ci il idi. Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində, yəni böyük imperiyanın buxovlarında əzilməkdəydi. Biz onda məktəbli idik. Ermənilərin xalqımıza qarşı soyqırımları, əzəli torpaqlarımızın vaxtilə onlara verilməsi haqqında çox məlumatımız var idi. Ancaq bizə elə gəlirdi ki, həmin hadisələr tarixin müxtəlif zamanlarında baş verib, bitib, artıq o cür hadisələr təkrarlanmaz. Axı ermənilərlə qonşu idik, gedirdilər, gəlirdilər... Azərbaycanın bütün şəhər, rayon, kəndlərində bizimlə birlikdə yaşayırdılar. Nə bilərdik ki, bu qonşuluqdan kənar olmuşlar yeni planlarla, yeni arzularla yaşayırlar. Elə həmin il sərhədlərimizdən gələn xəbərlər bütün həyatımızı alt-üst etdi. Ermənilər sərhəd rayonlarımızı atəşə tutur, insanlar qorxu, vahimə içərisində yaşayırdılar. Beləliklə, günlər keçdikcə xəbərlər bəzən səngiyir, bəzənsə yenidən gündəmə gəlir, hər kəsin diqqəti sərhədlərimizə yönəlirdi. Sən demə bütün bunlar qarşıda Birinci Qarabağ Müharibəsinin başlanması üçün görülən tədbirlər imiş...

Birinci Qarabağ Müharibəsi: satılmış torpaqlar, ordusuz xalq, böyük itki

Beləliklə Birinci Qarabağ Müharibəsi başladı. Əgər 1988-1990-ci illər dağıntıları, səksəkələri, itkiləri ilə bu müharibənin başlanğıcı idisə, sonrakı iki il isə torpaqlarımızın bir-birinin ardınca ermənilər tərəfindən işğal olunduğu illər oldu. Niyə işğal olunurdu bu əzəli Azərbaycan torpaqları, səbəb nə idi? Bunun bir çox səbəbləri var idi. Birincisi, bu hələ iki əsr öncənin nəsihəti idi ki, ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməli, yerli əhali sıxışdırılıb aradan çıxarılmalıdır. İkincisi, artıq 1918-ci ildə olduğu kimi, xalqın müstəqillik qığılcımlarının alova çevrilməsi SSRİ-ni narahat etməyə başlamışdı. Bu respublikanı əldə, həm də əsarətdə saxlamaq, eyni zamanda ermənilərin “Böyük Ermənistan” yaratmaq arzuları fonunda işğal siyasətindən daha əhəmiyyətlisi ola bilməzdi.

İşğal siyasəti isə çox da çətinliklə başa gəlmədi. Çünki ölkəmizə rəhbərlik edən, xalqını qoyub yadların sözünü dinləyən, xalqını, mənəviyyatını, namus anlamında olan torpağını yox, vəzifəsini düşünən ozamankı Azərbaycan rəhbərləri ilə bu işdə əlbirlik asanlıqla başa gəldi. Qarabağlılar bütün bunlardan xəbərsizcə öz torpaqlarını qorumağa çalışarkən, ölkəmizin digər yerlərindən onlara köməyə gedənlər canlarını bu torpaqlar yolunda qurban verərkən sən demə o torpaqlar çoxdan satılıbmış. Bu səbəbdən də orada döyüşənlərə heç bir yarbdım, köməklik göstərilmirdi. Bütün bunları sonradan torpağından didərgin salınanlar, zorla qovulanlar, köçürülənlər, hansı ki, o döyüşlərdə iştirak etmişlər, etiraf edirdilər. Etiraf edirdilər ki, dəfələrlə yardın edilməsi tələbinə baxmayaraq rəhbərlik susurdu.

Adı var, özü yox orduya sahib idik. SSRİ Azərbaycanda güclü ordunun formalaşmasına əsla maraqlı deyildi. Çünki bizim ordumuzun olması ona sərf etmirdi. Bu, böyük bir siyasətin nəticəsi idi ki, ordumuz o səviyyədə saxlanılırdı. Bunu o dövrlərdə əsgəri xidmətdə olub, fəhlə batalyonlarında xidmətini başa vuran övladlarımızın da simasında yaxşı görmüşdük, öz-özlüyümüzdə təsdiq etmişdik. Ordumuz bizdən tonlarla neft mənimsəyənlərin əvəzində bizə verdikləri müasirlikdən əsər-əlaməti olmayan köhnə silah, sursat, texnika yığnağı idi. Bu isə möhkəm silahlandırıb üstümüzə göndərdikləri qonşu erməninin qarşısında bizi aciz vəziyyətinə salmaqdan başqa bir şey deyildi.

O zaman işğal olunan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Xocalı və bunlar kimi digər rayonlarımızın əhalisi düşmən qarşısına ov silahı, təsərrüfat alətləri ilə çıxırdılar. Nə edəcəkdilər o qədər güclü silahlanmış erməniyə? Bizim rəhbərlik necə? Bilə-bilə ki, torpaqları satıb, heç bir köməklik də göstərməyəcək, ermənilər isə ən müasir silahlarla silahlanıblar, 5 ilə qədər əsgəri xidmətdə saxladığı əsgərləri də, o torpaqların dinc sakinlərini də gözünü belə qırpmadan qırğına verirdi. Bilə-bilə insanlarımızın məhvinə, şəhid olmasına, yaralanmasına şərait yaradırdı.

Elə bu səbəbdən də Birinci Qarabağ Müharibəsində itkilərimizin sayı çox oldu. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib”.

Çünki o müharibə sadəcə insanların öz ata-baba yurdlarını qorumaq müharibəsi idi. Nəticə etibarilə isə o qədər torpağı itirdik, soydaşlarımız bir qərinəyə qədər qaçqın, köçkün, didərgin adlarını daşımalı, ölkənin şəhər və rayonlarına sığınmalı oldular.

30 il Qarabağsız

Bəli, ötən 30 ilin başlanğıcında edilən böyük səhvlə düz otuz il Qarabağsız yaşamalı oldu qarabağlılar. Qurulu evlərini, əzizlərinin məzarlarını, həyət-bacalarını, həyət dolu mal-heyvanlarını, toyuq-cücələrini, bar üstündə saysız-hesabsız ağaclarını, ən əsası isə torpaq ətrini geridə buraxıb didərginə, köçkünə, qaçqına çevrildilər. Müharibədən sonrakı ilk illərdə şəraitsiz evlərdə, çadır şəhərciklərdə olmazın çətinlikləri ilə qarşılaşdılar. Sonrakı illərdə onlar üçün hərtərəfli şərait yaradıldı, problemləri dövlətimiz tərəfindən diqqətdə saxlanıldı. Lakin onların yurd təşnəsi hələ sızlamaqda, torpaqlarına qovuşmaq istəkləri içlərini göynəltməkdə idi. Dünyasını dəyişən yüzlərlə insan oldu 30 ildə. Ürəkləri yurd eşqiylə parça-parça olmuş insan. Bir daha torpağının ətrini duymayan, əzizinin qəbrini ziyarət edə bilməyən, ürəyi nisgilli, qərib məzarlı insanlar...

Qarabağı bir daha görə bilməyən insanlar... O torpaqlara bir daha ayağı dəyməyən insanlar. O bulaqların suyundan içə bilməyən insanlar. Qarabağ yalnız yuxularında onların olan insanlar...

İnsanlar o taleni yaşamağa vadar edilmişdilər. Nə idi onların günahı? Kimlərinsə vəzifə kürsüsünə qurban getmiş, doğma evindən illərlə ayrı düşmüş, sinəsinə dağ çəkilmiş, ata-qardaşını, övladını mürahibənin alovlarına qurban vermiş, ən əsası isə torpağı-namusu, şərəfi əlindən alınmış insanların yaşadığı acıların cavabını kim verəcək? Əlbəttə torpaqları gözüyumulu satanlar verəcək. Həm də tarix qarşısında verəcəklər buna cavab. Dünya durduqca övladları, nəvə-nəticələri, kötücələrinin hər birindən ata-babalarının səhvi soruşulacaq. Onlar buna cavab verməli olacaqlar. Utanacaqlar, xəcalət çəkəcəklər, hansı nəslin davamçıları olduqları üçün hər zaman bu üz qarasını daşıyacaqlar. Qoy tarix və zaman onların qiymətini də, cavabını da özü versin.

İkinci Qarabağ Müharibəsi: dövlət–xalq birliyi, güclü ordu, ZƏFƏR

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra işğalına son qoyulan torpaqlarımızın geri alınması da ötən illərdə hər gün həllini gözləyən məsələ olmuşdu. Torpaqlarımızın geri qaytarılmasının danışıqlar yolu ilə mümkün olmazsa, müharibə yolu ilə olacağını söyləyən ulu öndərin davamçısı, Prezident cənab İlham Əliyevin də ölkəmizə rəhbərlik etdiyi illərdə bu məsələ fəaliyyətinin əsas istiqaməti olmuşdur. 17 il ərzində beynəlxalq təşkilatlara müraciət edilmiş, onlar Azərbaycanın haqq səsinə səs verməyə, ədalətsizliyə son qoymağa çağırılmiış, erməni xisləti, yalanı dünyanın mötəbər kürsülərindən ifşa edilmişdir.

Ötən illər ərzində dövlət-xalq birliyi ölkənin hərtərəfli inkişafına səbəb olmuş, xüsusilə iqtisadiyyatımız güclənmiş, bu isə güclü ordunun yaranması ilə nəticələnmişdir. Hər il dövlət büdcəsindən ordumuzun inkişafına ayrılan vəsait müasir təchizat məsələlərinin həlli olmuşdur ki, bunun 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ Müharibəsində şahidi olduq. Həm də tək biz yox, bütün dünya şahidi oldu ki, Azərbaycan nəyə qadir imiş.

44 günlük müharibədə əldə etdiyimiz Zəfərə gənclərimizin sayəsində nail olduq. Bu isə ötən illərdə ölkəmizdə gənc nəslin düzgün yetişdirilməsinin, onların vətənpərvər ruhda böyüməsinin nəticələri idi. Vətənin harayına səs verən, sinəsini Vətən yolunda sipər edən, ölümün gözünə dik baxan gənclərimiz bu xalqa qələbənin şirinliyini daddırdılar. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək planlı şəkildə-az itkisiz və qısa vaxtda torpaqlarımızı qəsbkarlardan geri aldılar. Dövlətimizin başçısının dediyi kimi: “...İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı”.

Bəli, bütün dünyanın şahidi olduğu həmrəyliyimizlə, yaşından asılı olmayaraq yüksək vətənpərvərliyimizlə, 1990-cı illərlə müqayisəyəgəlməz ordumuzla, ən əsası isə qüdrətli sərkərdəmizlə Qarabağda Zəfər qazandıq.

Zəfərimiz Birinci Qarabağ Müharibəsi ilə

İkinci Qarabağ Müharibəsinin fərqini ortaya qoydu

Bu Zəfər Birinci Qarabağ Müharibəsində niyə uduzduq, niyə o qədər şəhid verdik suallarına cavab oldu. İkinci Qarabağ Müharibəsində qələbəmizin səbəbini izah etdi. Nəticə etibarilə Zəfərimizin əldə olunmasında Vətən sevgisi amilinin dayandığını göstərdi. Bu Zəfərlə o illərdə ölkəmizin rəhbərlərinin sevgisizlikləri fonunda böyük Vətən sevgisini ölkəmizin rəhbərində gördük. Həm də onun sonsuz olduğunu gördük. Bu sevgi bölünüb torpaqlarımıza paylananda isə onların hər birinin azad olunması, anası Azərbaycana qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpasının böyük arzu olduğunu gördük. Gördük ki, ölkəmizin rəhbəri bütün gücü ordu quruculuğuna, dünyanın fikrini Qarabağa yönəltdi. Qarabağın geri alınması üçün illərlə iş apardı. Dünyaya üz tutdu, torpaqlarımızın dinc yolla, qan tökülmədən alınmasına çalışdı. Lakin buna nail olmayanda müharibə yolu ilə düşməni yerində oturtmasını, diz çökdürməsini də gördük.

Əgər Birinci Qarabağ Müharibəsində 15 mindən çox şəhidimiz olmuşdursa, İkinci Qarabağ Müharibəsində 3 minədək şəhidimiz oldu. O qədər şəhidlə əldən gedən torpaqlar geri alındı. Bu, müharibənin planlı şəkildə aparılmasının, güclü ordunun, orduya bacarıqla, səriştə ilə rəhbərliyin göstəricisi, yazılan şanlı tarixdir. O tarix ki, vərəqləndikcə hünərdən, qeyrətdən, namusdan, ləyaqətdən, vətənpərvərlikdən, həmrəylikdən söhbət açacaq. Minlərlə şəhidi olan Birinci Qarabağ Müharibəsi isə bu tarixin səhifələrinə əliyalın insanların hünəri ilə yanaşı, həm də xalqına xəyanət edən rəhbərlərin adı, pis əməlləri ilə yazılıb. Bax, Zəfər bunları ortaya qoydu.

Biz müzəffər xalq kimi yaşayırıq

Bu gün ölkəmizdə həm Birinci, həm də İkinci Qarabağ Müharibəsi şəhidlərinin və qazilərinin qiymətləndirilməsi, adlarının əbədiləşdirilməsi, onların ailələrinə və qazilərə göstərilən diqqət, dövlətimiz tərəfindən onların hər birinin övlad qayğısı ilə əhatə olunması insanda qürur yaradır. Bunun özü də dünyaya bir mesajdır. Mesajdır ki, bizim Vətənimiz, torpağımız nə qədər əzizdirsə, övladlarımız da o qədər dəyərlidir. Həyatını torpaq uğrunda qurban verən, sağlamlığını Vətən üçün fəda edənlər əbədi bir sevgiyə layiqdirlər. Çünki onlar bu sevgiləri ilə yanaşı, həm də böyük bir xalqa müzəffər xalq kimi yaşamağı nəsib ediblər. Prezident cənab İlham Əliyevin dediyi kimi: Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib... Biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə