Şuşa həm də musiqimizin paytaxtıdır - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Azərbaycan Prezidentinin Şuşa işğaldan azad olunduqdan sonra dediyi kimi Şuşa tarixi simasını bərpa edəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bu ilin əsas planı mədəniyyət mərkəzi kimi Şuşanın bərpasıdır: “Burada tarixi siması bərpa olunacaq deyildikdə 18-ci əsrin ortalarında Qarabağ xanlığının paytaxtı və mərkəzi kimi Şuşanın tarixinin də bərpa edilməsi nəzərdə tutulub. Rusiya işğalından sonra burada müəyyən dəyişikliklər olub. İlk növbədə təbii ki, cənab Prezident nəzərdə tutur ki, ilk salınandan bu şəhər xanlıq mərkəzi kimi hansı xüsusiyyətləri daşıyıbsa, hansı arxitektura imkanlarına malik olubsa, onlar da mütləq şəkildə bərpa olunmalıdır. Yenidən Şuşaya o ruh, o əhval-ruhiyyə, arxeoloji, mənəvi-mədəni təəssürat qorunmalıdır. Şuşanın bir muzey materialı kimi qorunub və fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.

Şuşa özünün məktəbləri, görkəmli ziyalıları ilə tanınır. Bu illərdə Şuşanın yeni siması əmələ gəlir. 19-cu əsrin ortalarından, 20-ci əsrin əvvələrinə qədər olan dövrdə yeni bir sima formalaşıb. Həmin sima bərpa olunmalıdır. Bunun üçün isə təbii ki, tədqiqatlar aparılmalıdır. Şuşada çox nüfuzlu məktəblər olub ki, bu məktəblər də böyük sənətkarlar yetişdirib. Əhməd bəy Ağayev kimi siyasətçimiz, ziyalımız da bu cür məktəbləri bitirib. Bir çox musiqiçilərimiz, muğam ustadlarımız oradan çıxıblar. Buna görə də Şuşa həm də bizim musiqimizin paytaxtıdır.

Sovet dövründə ziyalılarımız çox zaman Şuşada yaşayır və dincəlirdilər. O mühit yenidən bərpa olunmalıdır. Burada bir çox sənətkarlarımızın ev muzeyləri yenidən bərpa olunur. Cənab Prezident Şuşada, ümumiyyətlə Azərbaycanda mədəniyyətin və yaşayış məskənlərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində də göstərişlər verib”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə