Almaniya Milli Kitabxanasında Qarabağa aid hansı nəşrlər var? - UNEC araşdırması

UNEC Kitabxana İnformasiya Mərkəzinin başladığı "Qarabağ mövzusu dünya kitabxanalarında" layihəsinin növbəti sayında Almaniya Milli Kitabxanası araşdırılıb. Axtarış parametrləri alman dilində olan kitabxana kataloqunda 191 biblioqrafik yazı tapılıb ki, bunların arasında jurnallar/seriyalı nəşrlər (1), xəritələr (2), kitablar (81), audio nəşr (3), onlayn resurslar (85), məqalələr (13) vardır.

Bu nəşrlərin ən qədimi 1890-ci ildə alman dilində nəşr olunan Qustav Ferdinand Riçard Raddenin "Karabagh" əsəridir. Q.Radde (1831-1903) alman naturalisti və Sibir üzrə tədqiqatçıdır. Qustav Radde 1864-cü ildən Qafqaz bölgəsinin bitki və heyvanat aləmini tədqiq etmək məqsədilə 35 illik ekspedisiyalara başlayıb. "Karabagh" əsəri 1890-cı ilin yayında Qustav Radde və dr. Jan Valentinin Qarabağa etdikləri səfər haqqında Rusiya Elmlər Akademiyasında verdikləri hesabatı əhatə edir. Kitaba Qarabağın xəritəsi də əlavə olunub. Onu da qeyd edək ki, bu nəşr layihənin bundan əvvəlki saylarında tədqiq olunan digər kitabxanaların (ABŞ Konqres Kitabxanası, Britaniya Milli Kitabxanası və Fransa Milli Kitabxanası) hər birinin fondunda mövcud idi.

Almaniya Milli Kitabxanasının elektron kataloqunda olan xəritələrdən biri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Xəritə 48x60 sm ölçüdə və alman dilindədir.

Ümumilikdə kitabxanada Azərbaycana aid 44 xəritə mövcuddur ki, bunun da 42-si “Zweiwerstkarte von Azerbeidschân” – “Azərbaycanın ikitərəfli xəritəsi” başlığı ilə müxtəlif hissələrlə çap olunub, 2 hissəsi sırf Qarabağa aiddir:

[Zweiwerstkarte von Azerbeidschân / XXII-18. Kara Bagh, 1918, Hrsg. 1912-1913, Nachdr. 1918, Nachdr. d. d. Kartogr. Abt. d. Kgl. Preuss. Landesaufnahme, 1:84 000]

[Zweiwerstkarte von Azerbeidschân / XVIII-17. Ararat, 1918, Aufnahme 1896/1899, hrsg. 1912-1913, Nachdr. 1918, Nachdr. d. d. Kartogr. Abt. d. Kgl. Preuss. Landesaufnahme, 1:84 000]

Bu xəritələrdən biri “Ararat”, Azərbaycanın İrəvan quberniyasının 1912-1913-cü illərə aid rusca xəritəsinin 1918-ci ildə Berlində təkrar nəşr olunan variantdır.

Kitabxananın elektron kataloqunda bu mövzuda ümumilikdə 5 dissertasiyanın (2-si onlayn nəşr, 3-ü çap nəşri) biblioqrafik təsviri mövcuddur.

Onlardan 2-si azərbaycanlı, 3-ü xarici müəlliflərə aiddir və hər biri Almaniyada müdafiə olunub.

Kitabxanada bu mövzuda daha bir dissertasiya mövcuddur ki, bu da "Ərazi bütövlüyü ilə öz milli müqəddəratını təyinetmə arasında: Rusiyanın özünə yaxın ərazi münaqişələrində rolu (Dnestryanı - Abxaziya - Cənubi Osetiya - Dağlıq Qarabağ)" adlı magistr dissertasiyasıdır və coğrafiyaşünas Kristian Kolter tərəfindən 2018-ci ildə Leypsiqdə müdafiə olunub.

Kitabxananın onlayn resursları arasında 44 günlük Vətən Müharibəsinə aid geniş təhlili özündə əks etdirən 2021 -ci ildə Berlində Təhlükəsizlik Siyasəti üzrə Federal Akademiyada Franz-Stefan Gady tərəfindən nəşr etdirilən "Dağlıq Qarabağ uğrunda müharibə-2020: Güc strukturlarından gözləntilənlər və Silahlı Qüvvələrin imkanları" adlı 6 səhifədən ibarət alman dilində məqalənin tam mətni öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə