Oleq Starikov: "Azərbaycan Kremlin vasitəsi ilə Ermənistana yumşaq güc tətbiq etməlidir" - MÜSAHİBƏ

Hərbi ekspert: “Regionda həlledici səsə sahib olan 3 ölkə - Rusiya, Türkiyə və İran arasında müdaxilə etməmək barədə razılıq əldə edildikdən sonra Azərbaycan 44 günlük müharibədə qeyd-şərtsiz qələbə qazandı”

Hərbi ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda yaranmış vəziyyət və gedən proseslər haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımza təqdim edirik.

- Sizcə, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsini həll etmək cəhdləri niyə uğursuzluqla nəticələndi?

- Bunu deyəcəm: müharibə, Karl von Klauzevitsin dediyi kimi, siyasətin davamıdır, ancaq başqa vasitələrlə. ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin bu münaqişənin siyasi yollarla həll edilməsində maraqlı olmadığını nəzərə alaraq, bu məsələni uzatmağı üstün tutdular. Hər bir ölkənin öz maraqları var idi, buna görə də 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsi heç bir şəkildə bitmədi. Bölgədə həlledici səsə sahib olan 3 ölkə- Rusiya, Türkiyə və İran arasında müdaxilə etməmək barədə razılıq əldə edildikdən sonra Azərbaycan 44 günlük müharibədə qeyd-şərtsiz qələbə qazandı.

Bütün müharibələr həm siyasətçilərlə başlayır, həm də onlarla sona çatır, orduisə , onlara verilən vəzifələri yerinə yetirir, yəni ən yüksək hərbi-siyasi rəhbərliyin əmrlərini yerinə yetirir. Azərbaycan ordusu bu vəzifəyə daha yaxşı hazırlaşmışdı. Və bu, Prezident İlham Əliyevin böyük xidmətidir. Qarabağı qaytaran İlham Əliyev Azərbaycan tarixinə böyük dövlət xadimi kimi düşdü.

Amma Ermənistan ordusu əslində müharibəyə hazır deyildi. Gözümüzün qarşısındakı nəticə, Azərbaycan ərazilərinin azad edilməsi və yavaş templə də olsa, həyata keçirilən üçtərəfli bir bəyanatın imzalanmasıdır.

- Amma Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir ...

- Əlbəttə, başa düşürəm ki, Azərbaycan tərəfi bu bəyanatın müddəalarını daha sürətli həyata keçirmək istəyir. Hərbi toqquşmaların bitməsinə baxmayaraq, siyasi həll tədricən baş tutacaq, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin demarkasiyası və delimitasiyası lazımdır.

Müharibədə uduzduqdan sonra heç bir lider hakimiyyətdə qalmır. Amma baş nazir Paşinyan müharibədə bu qədər ağır məğlubiyyətə baxmayaraq hakimiyyəti saxlaya bildi. Sual budur ki, niyə? Hər şey çox sadədir- çünki Rusiya Federasiyası və İran üçün onun hakimiyyətdə qalması faydalı idi. Siyasi cəhətdən Moskva, Tehran və Ankara onun hakimiyyətdə qalmasına icazə verdi.

Bu münaqişənin siyasi yolla həllinin tez bir həlli yoxdur. Üçtərəfli bəyanatda nəzərdə tutulan məqamlar yavaş-yavaş həyata keçiriləcək.

İndi isə Zəngəzur dəhlizinin açılışı ilə əlaqədar fikirlərimi deyim. Üçtərəfli bəyanatın bu bəndinin icrası başlayar-başlamaz dərhal Ermənistan tərəfindən və İrandan bir çox suallar ortaya çıxacaq, çünki müharibədən əvvəlki vəziyyət dəyişəcək və hər şey Azərbaycanın maraqları istiqamətində inkişaf edəcək.

- Hərbi ekspert və bölgəmizi yaxşı bilən bir adam olaraq müharibənin qaçılmaz olduğunu anlayırdınızmı?

- Sentyabrın 27-də hərbi toqquşmalar başlayanda, bunları şərh etmək şansım oldu. Proqnozlarımda və təhlilimdə səhv etdiyim yeganə məqam vaxt idi. Hərbi qarşıdurmanın bir həftə içində bitəcəyinə əmin idim, bəzi məqamları daha ətraflı bilmirdim. Şərq incə bir məsələdir, belə deyirlər.

Unutmayın ki, erməni diasporu gücünə və yaxşı işləyən maliyyələşməsinə görə dünyada yəhudilərdən sonra 2-ci böyük gücə malikdir. Soruşursunuz ki, erməni tərəfi niyə uduzdu? Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni həll edən Azərbaycan hərbi elitasını yaratdı.

Azərbaycandan fərqli olaraq, ermənilər hətta böyük pullarını və resurslarını nəzərə alaraq hara gəldi qaçdılar, nəticə göz qabağındadır - Ermənistan tərəfi uduzdu. Bu günə qədər erməni diasporasında ermənilərin baş verənləri və bundan sonra nə etməli olduqlarını anlamağa çalışdıqları çətin mübahisələr davam edir.

Hər şey tədricən həyata keçirildiyindən Azərbaycan üçtərəfli bəyanatı həyata keçirməyə tələsməməlidir. Rusiya sülhməramlı kontingenti, Türkiyə nümayəndələri Qarabağdadır- vəziyyətə tam nəzarət var, hər kəs bir-birinin nəzarətindədir - bu, etibarlı təminat deməkdir.

Azərbaycan təbii ki, buna çoxdan hazırlaşır. İndi Ermənistana Kreml vasitəsilə yumşaq güc tətbiq etməyə dəyər ki, bəyanatdakı bütün razılaşmalar yerinə yetirilsin və münaqişə tamamilə bitsin. Şükürlər olsun ki, İlham Əliyev peşəkar diplomatdır, bunu onun təhsili də sübut edir.

- Lakin Ermənistan uduzsa da, qisas almaq arzusundadır. Azərbaycanla Ermənistan arasında yeni hərbi qarşıdurma mümkündürmü?

- İntiqam? İstisna edilir. İntiqam almaq üçün müharibəyə diqqətlə hazırlaşmaq lazımdır. Əvvəlcə bunu açıq elan etməli və geniş miqyaslı bir müharibə ilə rəqib tərəfə keçilməli, döyüşmək üçün dünyanın hər yerindən olan erməniləri Ermənistana çağırmalıdırlar. Erməni diasporasının milli xarakteri və işgüzar maraqları nəzərə alınsa, bu baş verməyəcək. Ermənistan tərəfi üçtərəfli bəyannaməni imzaladı və Rusiya (eləcə də Türkiyə) onun pozulmasına icazə verməyəcək.

- Sizcə, Azərbaycanın hərbi təcrübəsi Ukrayna üçün faydalı ola bilərmi?

- Bəli. Şübhəsiz. 44 günlük müharibədə Azərbaycanın hərbi təcrübəsinin lehinə bir neçə nəticə çıxaracağam. Əsas cəhət yuxarıda qeyd etdiyim kimi milli siyasi elitanı yaradan liderin siyasi iradəsidir. İlham Əliyevin etdikləri böyük hörmətə layiqdir. Onun adı artıq dünya tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan ordusu kimi ordu qurmaq üçün onun inşasına ÜDM-in müəyyən faizini ayırmaq lazımdır ki, bunu da Azərbaycan edirdi.

Bundan əlavə, bütün əhalinin hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olmaq və zabitlərdən generallara qədər hərbi elitanı hazırlamaq lazımdır. Azərbaycan ordusunun hərbi qulluqçuları təkcə daxili hərbi universitetlərdə təhsil almırdı. Azərbaycan hərbçiləri NATO-nun təlim mərkəzlərinə, Türkiyə və Pakistandakı hərbi universitetlərə də göndərilirdi.

Bundan əlavə, Azərbaycan ən müasir və güclü silah növlərini almağa başladı. Bakı baxışlarını PUA-lara çevirdi. Buna görə də, müharibə zamanı ABŞ-ın İraqdakı “Səhrada Fırtına” əməliyyatında istifadə etdiyi, belə desək, şəbəkə mərkəzli müharibənin elementlərindən istifadə edildi. Rəqəmsal texnologiyalar tətbiq edildi – xüsusən də, dronların idarə edilməsində. Azərbaycan ordusu ən yaxşı silahlarla təchiz edilmiş və son döyüş üsullarından istifadə etmişdir. PUA-lar qurudan hücum təyyarəsi olaraq istifadə edildi. Erməni tərəfi buna tamamilə hazır deyildi.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...