Bir ananın iki oğlu, ikisi də şəhid...

...Biri özünə "Qisas" ləqəbini seçmişdi

Məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim. Məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim.

Bir ana düşünün, iki oğul vardı, hər ikisini də Vətən uğrunda qurban verib. Amma qürurlu və mətindir. Yazı Masallı rayonu Viləş kənd sakini Ziba Əsgərova haqqındadır.

Ziba ananın kiçik oğlu Nurlan Əsgərli Aprel döyüşlərində, böyük oğlu İntiqam Əsgərli isə Vətən Müharibəsində şəhadətə ucalıb. Şəhid anası Ziba xanım Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət zamanı qəhrəman övladlarından bəhs edib.

Söhbətə "şəhid qardaşlar öz arzularına çatdılar" deyə başlayır.

"İntiqamım uşaq vaxtlarından hamıya örnək olacaq dərəcədə övlad idi. Ondan sonra dünyaya gələn övladlarımız, özünü İntiqama bənzətmək istəyirdi. İntiqamdan sonra Nurlanım dünyaya gəlmişdi. O böyüdükcə, qardaşına baxdı və onu özünə ideal seçdi. Hər iki oğlumun Allaha inamı və idmana sevgiləri güclü idi. Bir də hər ikisi evdə qazi görmüşdülər. Qayınım 1-ci Qarabağ müharibəsində yaralanmışdı. Oğullarım da uşaqlıqdan ayağını itirən əmilərini görüb, "əmi, böyüyüb ermənilərdən sənin qisasını alacağıq" deyərdilər. Ona görə də İntiqam da, Nurlan da uşaqlıqdan hərbçi olmağı arzu edirdilər", - deyə oğullarını şəhidliyə aparan yoldan bəhs edir.

İntiqam Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunsa da, "bura mənlik deyil, mən hərbçi olacağam!" deyir, universitetdə qeydiyyatdan keçmir. Əsgərliyini Xüsusi Təyinatlı Qüvvələrdə keçir. Hərbi xidmətini bitirəndən təxminən 1 il sonra - 2011-ci ilin aprel ayında Gizirlik kursuna sənədlərini təqdim edir. Gizirlik kursunda 3-cü yerə kimi uğurla bitirənlər azad təyinat ala bilirdilər və o, kursunu bitirəndən sonra öz istəyi ilə Murov istiqamətində xidmətə təyinat aldı. 2014-cü ilin avqust ayına qədər Murovdağ istiqamətində xidmət etdi. Ardınca isə Xüsusi Təyinatlıların kursuna yazıldı və bu kursu da müvəffəqiyyətlə oxuyub bitirdi.

Ananın sözlərinə görə, Nurlan da özünü həmişə qardaşına bənzətmək istəyirdi: "Nurlanım 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollandı, İntiqam isə artıq Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edirdi. Nurlan da hərbi hissədə Kəşfiyyat bölüyünün Baş istehkamçısı kimi xidmət edirdi. İntiqam Türkiyəyə Dağçılıq kursunu oxumağa gedəndə, Nurlan öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil oldu. Hər iki qardaş sevinərək və yorulmadan hərbçi sənətinə yiyələnirdilər. Hər iki oğlum bu sənəti seçməklə mənim arzularımı gerçəkləşdirdilər. İntiqam Türkiyədə Dağçılıq kursunu bitirib gələndə qardaşı üçün üzərində "Hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmış köynək gətirib. Qardaşının yolunu davam etdirən Nurlan da Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra hər iki qardaş eyni hərbi hissədə xidmət etməyə başladılar".

Aprel döyüşlərinin həm şahidi, həm də şəhidi olan qardaşlar

Ziba ananın dediyinə görə, hər iki oğlu 2016-cı il Aprel döyüşlərində iştirak edib. Nurlan sonuncu dəfə evlə danışanda telefonunu söndürəcəyini bildirib:

"Aprel döyüşləri artıq 3 gün idi başlamışdı və hər iki oğlumdan heç bir xəbər yox idi. Həmin döyüşlərdə hər ikisi Tərtərin Talış kəndi istiqamətində vuruşublar, sadəcə ayrı-ayrı mövqelərdə yerləşiblər. İntiqam həmin döyüşlərdən danışanda deyirdi ki, "mənə dedilər, Nurlangil olan tərəfə mərmi düşdü və uşaqlardan şəhid olan var. Özümü önə atdım ki, görüm kimlər şəhid olub?". İntiqam tez qardaşının olduğu posta gedib. Həmin yerə çatanda isə Nurlanın hələ döyüşdüyünü görüb. Elə bir anın içində Nurlan qardaşını qorumaq üçün önə atılıb".

"Mənim ailəmdə Aprel döyüşlərinin həm şahidi, həm də şəhidi oldu", - deyən dərdli ana qardaşların kiçiyinin şəhadətə ucaldığını belə anladır:

"Həmin postda Nurlanım şəhadətə ucaldı. İntiqam döyüş meydanından qardaşı Nurlan və daha 3 şəhidi, eləcə də 2 yaralını çıxarmışdı. İntiqam şəhidləri təhvil verəndə onlardan birinin qardaşı olduğunu deyib, yenidən döyüşə qayıdıb. Aprel döyüşlərindən sonra İntiqamım çox ağır vəziyyətə düşmüşdü. Çünki o, ən yaxın dostunu, qardaşını itirmişdi. İntiqamım həmişə qisas hissi ilə yaşayırdı. O, qardaşının dəfninə gələ bilmədi, amma həmin gündən İntiqam nə məni, nə də atasını ağlayan görmədi. Ən böyük dəhşəti orada İntiqam yaşayıb. Özü Aprel döyüşlərinin şahidi, qardaşı isə şəhidi oldu. Mən də oğluma təsəlli olum deyə, bu yolu seçdim və İntiqam məni heç vaxt ağlayan görmədi. Nurlanım şəhid olandan sonra İntiqam özünə "Qisas" ləqəbini götürmüşdü. Bir məqsədi var idi, qardaşının qisasını almaq".

Vətən müharibəsi şəhidi İntiqam qardaşına çox bağlı olduğu üçün öz qızına qardaşının adına uyğun Nur adını qoyub.

Vətən müharibəsi və Şuşanın fəthi

"İntiqam Vətən müharibəsi ərzində cəmi 2 dəfə bizimlə əlaqə saxlayıb. Sonuncu dəfə ötən il oktyabrın 18-də bizimlə danışdı, amma harada olduqlarını demədi. "Ana elə sevinirəm ki, həm qardaşımın, həm digər döyüş yoldaşlarımın və həm də Xocalı qurbanlarının qisasını alırıq", "İnşallah, tezliklə qələbə ilə qayıdacağıq!", "Ana burada elə igid oğullarımız var ki!", - deyirdi. İntiqam öz döyüş yoldaşlarına elə güclü ruh yüksəkliyi vermişdi ki, onlar bir-birilərinə qardaşdan da artıq bağlı idilər. Həm Xüsusi Təyinatlı Qüvvələrin birliyi və əzmi, həm də ordumuzun digər bölmələrinin rəşadəti bizə qələbəni gətirdi. Müharibənin ilk günlərində İntiqam məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim", - deyən şəhid anası dastana dönmüş balalarının hekayəsini danışır.

Onun sözlərinə görə, İntiqam xidmət etdiyi dövlərdə Dağçılıq kursu üzrə təlimatçı idi: "O, heç vaxt öz döyüş yoldaşlarını irəli buraxıb özü arxada qalan oğul deyildi. O, fürsət gəzirdi ki, Ali Baş Komandan əmr versin və bizim Ordumuz öz qüvvəsini göstərib şəhidlərimizin intiqamını alsınlar. Müharibə gedən dövrdə kimsə narahat olurdusa, mən deyərdim ki, dua edin. Mənim qələbəyə inamım böyük idi. İntiqam qardaşı Nurlanın arzusunu tez-tez deyərdi ki, "Şuşaya bayrağımızı sancıb sonra dünyamı dəyişsəm, arzuma çatmış olardım!" Mən bir onu bilirəm ki, İntiqam həm öz arzusunu, həm də qardaşının arzusunu yerinə yetirdi. Şuşamız işğaldan azad olunandan bir gün sonra mənfur düşmənin əks hücumunü dəf edərkən İntiqamım şəhadətə ucalıb".

Yuxu

Ana deyir ki, oğlunun şəhid olduğunu hiss edib: "Noyabrın 9-u, 10-na keçən gecə yuxuda gördüm ki, İntiqamla mən yüksək dağın zirvəsindəyik. Sonradan televiziyada Şuşanı göstərəndə həmin ərazinin Cıdır düzü olduğunu anladım. Həmin zirvədə İntiqamla mən namaz qılırdıq. İntiqam namazını məndən öncə qılıb qurtardı. Sonra mənə sıldırımlı qayanı göstərdi. Mən baxdım ki, qayalıq boyunca ucalan ağacların budaqları da şəffafdır. Həmin ağacların üstündə meyvəsi var idi. Alma böyüklüyündə gilas idi. İntiqam onu mənə göstərdi: "Ana, bax hələ, bu gilasdır, buralarda indi yetişir". İntiqam o gilasdan dərib bir dişləm götürdü. Mənə də "dər!" dedi, mən dərib əlimdə tutub "anan qurban, bundan kim bir dənə yesə, doyar" dedim. Birdən yuxudan ayıldım. Balamın başına nəsə bir iş gəldiyini hiss etdim. Yuxuda gilas görmək göz yaşına işarədir deyirlər. Mənim oğlum o meyvədən dadmışdı".

Ziba ana İntiqam şəhid olandan sonra döyüş yoldaşlarının həmişə ona baş çəkdiklərini deyir: "İntiqamın yaralı döyüş yoldaşını çiyninə ataraq düşmənlə əlbəyaxa vuruşduğunu və süngü bıçağı ilə düşməni məhv etdiyini dedilər. Həm də İntiqam PUA idarə edən olub. PUA idarə etdiyi üçün, həm də qardaşı şəhid olduğu üçün İntiqama komandanlıq geridə qalmağı əmr edib. Əvvəlcə razı olsa da, sonra döyüşə girmək üçün xahiş edib. Şuşaya ilk girən İntiqamın dəstəsi olub. İntiqam bir neçə xarici dili sərbəst bilirdi, hətta mənfur düşmənimiz ermənilərin dilini də. O, dağçılıq kursu üzrə təlimatçı idi. Əsgərlərə elə təlim keçib ki, qayadan enən zaman düşmən elə bilirmiş qayalıqdan daş tökülür. Ona görə də özlərini qoruyan zaman kəşfiyyatçılarımız onları məhv ediblər. Şuşa belə azad edilib".

Döyüş yoldaşlarının dediklərinə görə, İntiqama deyilib ki, "getmə, sənin bir qardaşın da şəhid olub, sənə bir şey olsa, valideynlərinə nə deyəcəyik?" O da deyib ki, "mən qisasımı almasam, valideynlərim məni bağışlamaz, qismətimdə yaşamaq varsa, qayıdacam".

Ölümün uca zirvəsi - şəhadət

"İntiqam həmişə mənimlə danışanda deyərdi: "Ana, sən bilirsən şəhidlik necə ən yüksək, ali mərtəbədir?" O, bunu bilirdi və heç vaxt narahat deyildi. Mən Kərbəlaya ziyarətə gedəndə Nurlanımın məqamını hiss eləmişdim. İntiqamla da danışanda dedim ki, "anan qurban, Nurlan sarıdan o qədər rahatam". Övladının məqamını hiss etmək hər valideynə qismət olmur, Allah onu mənə qismət elədi", - deyə dərdli ana özünü ovudur.

İntiqam ona deyirmiş ki, əgər ona bir şey olsa, dövlət ailəsini, uşaqlarını tək qoymayacaq.

"Mən bunun sübutunu nəvəm İntiqam dünyaya gələndə gördüm. İlk gündən kəndimizin İcra nümayəndəliyi, rayon icra başçısı, deputatlarımız və Yaşat Fondu bizi tək qoymadılar", - Ziba ana əlavə edir.

Şəhid anasına qürur yaraşır

"Mənim bir ana kimi ayaq üstə durmağımın bir səbəbi oğlanlarımın igidliyidir. Mən həm öz övladlarımın, həm də xalqımızın igid balalarının şücaəti qarşısında baş əyirəm. Bir şəhid anası kimi bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimiz bizim qürurumuz, and yerimizdir. Hazırda İntiqam və Nurlanın xatirə muzeyi inşa edilir. Həmin muzeydə təkcə İntiqam və Nurlanın deyil, digər şəhidlərimizin də şəkilləri və onlar haqqında informasiyalar yer alacaq. Hər bir şəhidin ailəsi və doğmaları bu muzeyə gələndə öz şəhidlərini orada görəcəklər. Düşmən biz şəhid analarını ağlayan görməməlidir. Bizim üçün nə qədər ağır olsa da, başımızı dik tuturuq. Nə qədər çətin vəziyyətə düşmüş olsaq belə, ayağımızı yerə bərk basmağı bacarmışıq. Sonuna qədər də belə gedəcək. Düşmənə heç vaxt fürsət verməməliyik", - şəhid anası vurğulayıb.

Məlumat üçün bildirək ki, Əsgərovların kiçik oğlu, Aprel şəhidi Nurlan Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Vətən müharibəsi şəhidi İntiqam Əsgərli isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Xüsusi Təyinatlı Qüvvələrin giziri İntiqam Əsgərlinin ölümündən sonra bir oğlu dünyaya gəlib. Əsgərovlar ailəsi şəhid oğullarının xatirəsini yaşatmaq üçün körpəyə atasının adını qoyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...