Dünyanın hələ də istifadə olunan ən qədim monastırı...

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadolu mozaikasını əks etdirən müqəddəs yerlərdən biri – Türkiyənin Mardin rayonunda yerləşən Mor Qabriel (Müqəddəs Cəbrayıl) monastırından danışırıq... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Anadolu min illər boyu bir-birinin ardınca və fasiləsiz gələn dövlətlər, xalqlar və mədəniyyətlər məskəni olub. Fərqli adət-ənənələr, dillər və inançlar yoğrulub bu coğrafiyada. Bu gün Anadolu o illərin mədəniyyətləri və inançlarına həm də memarlıq abidələri timsalında ev sahibliyi edir. Min illərin ilkləri və dünyanın ən qədimləri var burada.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadolu mozaikasını əks etdirən müqəddəs yerlərdən biri – Türkiyənin Mardin rayonunda yerləşən Mor Qabriel (Müqəddəs Cəbrayıl) monastırından danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

Türkiyənin Mardin rayonunda qərar tutan Mor Qabriel monastırı assuriyalıların müqəddəs və vətən saydıqları Tur Abdin bölgəsində yerləşir. Assuriyalılar Mesopotamiyanın qədim xalqlarından biri və xristianlığı qəbul edən ilk insanlardandırlar. Təxminən 5500 il əvvəldən Anadolu torpaqlarında yaşayırlar.

UNECSO-nun Dünya İrs Siyahısında yer alan Mardinin Midyat ətrafı olan Tur Abdində xristianlığın ilk dövrlərindən başlayaraq son antik zamana və orta əsrlərə qədər bir çox ibadət yeri və monastır tikilib. Öz üslublarına görə bu tikililər assuri pravoslav dininin orijinal memarlıq əsərləri hesab olunur.

Mor Qabriel monastırı bu gün dünyada hələ də istifadə edilən ən qədim assuri pravoslav monastırıdır. Adındakı “mor” sözü Türkiyə türkcəsindəki “bənövşəyi” mənasında deyil, “övliya” və “müqəddəs” anlamındadır: Mor Qabriyel, yəni Müqəddəs Cəbrayıl. 1600 illik monastır həm "Həyat monastırı" və ya assuri dilində "Rahiblərin məskəni" mənasını verən "Deyrulumur" kimi də tanınır.

Mor Qabriel asanlıqla əlçatan olmayan yerlərdə tikilmiş bütün digər monastırlar kimidir. Yüksəklərdə, palıd ağaclarının ortasında, həyat axınından uzaq bir yerdədir. Bölgəyə xas digər tikililər kimi bu monastır da sarı əhəng daşından tikilib. Abidə göz qamaşdıran ölçüsü, usta daş sənətkarlığı və illərə meydan oxuyan görüntüsü ilə diqqət çəkir. Görənlər onun yüz illər əvvəl tikildiyinə inana bilmir.

Dünyanın hələ də istifadə olunan ən qədim monastırı Mor Qabriyeldə Həzrət İsanın qanı və ətinin rəmzləri olan üzüm və üzüm tənəyi freskaları var. Monastır qüllələr, qübbəli tikililər, istirahət otaqları və balkonlarlardan ibarətdir. Dini kompleksin 4 hissəsi ziyarətçilər üçün açıqdır: Böyük kilsə (Büyük Kilise), Məryəm Ana kilsəsi (Meryem Ana Kilisesi), Vaftiz otağı (Vaftiz Odası) və Müqəddəslər evi (Azizler Evi).

Böyük kilsə qızıl mozaika ilə örtülmüş tavanı ilə diqqət çəkir. Dünyanın ən qədim mozaika örtüklərindən biri və Türkiyənin ən qədim tavan mozaikasıdır. Təəssüf ki, onun böyük hissəsi monqol istilası zamanı talan edilərək dağıdılıb.

15 yuvada basdırılmış 12 min keşişin məzarları olan Müqəddəslər evi isə Tur Abdin bölgəsinin ən böyük məqbərələrindən biridir. Bu türbədə kahinlər üzü şərqə oturaq vəziyyətdə dəfn olunublar. Monastırın adını daşıyan Mor Qabriel də yerdə oturmuş vəziyyətdə dəfn edilib.

Mor Qabriel monastırı assuriyalılar üçün ikinci Qüds hesab olunur. Dini tələbləri yerinə yetirərək monastırı yeddi dəfə ziyarət edənlər zəvvar sayılırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə