"Ulu Öndərin əsasını qoyduğu mediaya dəstək siyasəti bu gün də davam edir" - ŞƏRH EDİLDİ

“Heydər Əliyevin Azərbaycan dövlət quruculuğu tarixində təsirli addımlarından və istiqamətlərindən biri də dövlətçilik sistemində medianın rolunu düzgün müəyyənləşdirməsidir”. Bu barədə SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində dövlətçilik, dövlət, cəmiyyət münasibətlərində təəssüf ki, medianın roluna o qədər də önəm verilmirdi: “Bir növ müstəqil Azərbaycanın ilk illərində media xaotik bir prosesin içində özünü təsdiqləməyə başlamışdı. Amma bunun ömrü çox uzun olmadı, Heydər Əliyev hakimiyyətə gələndən sonra müəyyənləşdirdi ki, medianı müstəqil, suveren, demokratik dövlət quruculuğu proseslərindən kənarda saxlamaq olmaz, media həm dövlətin, həm də ictimaiyyətin mənafelərinin müdafiəçisi kimi bu prosesdə fəal iştirak etməlidir. Ona görə də Ulu Öndər medianı dövlətin siyasi himayəsinə alınması, media orqanlarının iqtisadi dayaqlarının möhkəmləndirilməsi və jurnalistlərin sosial hüquqi müdafiəsi üçün lazım olan ilk addımları atdı. Ölkədə ilk dəfə olaraq senzura ortadan qaldırıldı. Bu bəzilərinin gözlədiyi kimi heç də söz, ifadə və mətbuat azadlığı sahəsində xaosa gətirib çıxartmadı. Senzuranın olmadığı şərait heç də xaosun başlanğıcı deyil, əksinə bu hər bir media orqanının və jurnalistin dövlət və ictimaiyyət mənafeləri baxımından daha da məsuliyyətli fəaliyyət göstərməyə dəvət edən mexanizm idi. Buna görə senzuranın ləğv olunması ölkədə məsuliyyətli media strukturlarının və jurnalistlər ordusunun yaranmasına öz təsirini göstərdi.

A.Quliyev bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra media orqanlarının iqtisadi cəhətdən möhkəmləndirilməsi üçün addımlar atıldı, nəşriyyatların borcları qarşılandı, jurnalistlərin həvəsləndirilməsi, təltif olunması baxımından müəyyən bir ənənənin başlanğıcı qoyuldu: “Sonrakı proseslər də məhz Heydər Əliyevin 1990-cı illərin ortalarından başlayaraq gördüyü işlərin davamı idi. Bu gün cəsarətlə deyə bilərik ki, dövlətin mediamıza dəstəyi, jurnalistlərə himayəsi, dövlət quruculuğunda medianın nüfuzlu bir instituta çevrilməsi, medianın inkişafı və idarəçiliyinin qannunvericilik bazasının möhləmkəndirilməsi, medianın inkişafına dövlətin dəstəyinin institutlaşması hazırkı reallıqlar kimi qəbul olunsa da bütün bunların kökü məhz Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin əsasını qoyduğu mediaya və jurnalistlərə dəstək siyasəti bu gün də davam edir, təkmilləşdirilir. Bir sözlə Heydər Əliyevin dövlətçilik tarixində medianın rolunun xüsusi bir status halına salınmasında böyük xidmətləri var”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə