Argentinada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Son sutka ərzində Argentinada koronavirusa 139 min 853 yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın əvvəlindən bəri ən yüksək göstəricidir.

SİA pandemiyanın statistikasını aparan Worldometer portalına istinadla xəbər verir ki, yoluxma hallarının sayına görə öncəki anti-rekord 134 min 439 nəfərin yoluxduğu yanvarın 11-nə təsadüf etmişdi.

Həmçinin son 24 saat ərzində Argentinada daha 96 nəfər COVID-19 infeksiyasının qurbanı olub.

Dekabr ayında “omikron” ştamına ilk yoluxanların aşkar edilməsindən sonra ölkədə xəstəlik hallarının kəskin artması müşahidə edilir. Bununla yanaşı, ötən ilin mayında Argentinada pik həddə çatan koronavirusun ikinci dalğası ilə müqayisədə ölüm halları azalıb.

Hazırda Argentina əhalisinin 73,9 faizi koronavirus əleyhinə tam vaksinasiya olunub. Ötən il noyabrın ortalarında ölkədə demək olar ki, bütün karantin tədbirləri ləğv edilib.

Worldometer portalının son məlumatına görə, indiyədək Argentinada koronavirusa yoluxanların sayı 6 milyon 932 min nəfəri ötüb, ölənlərin sayı 117 min 900 nəfərə çatıb, 5 milyon 878 min nəfər isə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə