Mərkəzi Gömrük Hospitalının daha bir reanimatoloqunu tanıyaq

Dr.Şahin Mazanov: “Bir komanda olaraq reanimasiyada müalicə alan ən ağır xəstələrin sağalması üçün bütün mövcud olan imkanlardan istifadə edirik"

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilmiş pandemiyaya dövründə Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı 11 iyun tarixindən etibarən ən ağır koronavirslu xəstələrin müalicəsi ilə məşğul olur. COVID-19 infeksiyasına tutulan ən ağır xəstələr isə Hospitalın Reanimasiya və intensiv terapiya şöbəsinə daxil olurlar. Burada koronaviruslu xəstələrin EKMO cihazına qoşulmasında, təqibində və müalicəsində birbaşa iştirak edən həkimlərimizdən biri də Dr. Şahin Mazanovdur.

Dr.Şahin Mazanov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2004-2005-ci illərdə isə Ə. Qarayev adına uşaq xəstəxanasında anestezioloq- reanimatoloq ixtisası üzrə internatura keçmişdir. İş fəaliyyətinə 2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsində anestezioloq-reanimatoloq olaraq başlamış, daha sonra 2017-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının Müalicə Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinin müdiri olaraq çalışmışdır. O, 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq kimi çalışır.

Dr.Şahin Mazanov mütəmadi olaraq tibb elmində olan yenilikləri izləyir, beynəlxalq protokollardakı məlumatları öz iş təcrübəsində tətbiq edir və özünün davamlı inkişafı üçün dayanmadan çalışır. Ölkəmizdə, eləcə də xaricdə keçirilən bir çox seminar və konfranslarda iştirak edən Dr.Şahin Mazanov anesteziologiya və reanimasiya sahəsində olan bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində daim özünü inkişaf etdirir.

Mərkəzi Gömrük Hospitalının reanimatoloqlar komandasında COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsi üçün əlindən gələni edən Dr.Şahin Mazanov deyir: “Bir komanda olaraq Hospitalımızın reanimasiyasında müalicə alan ən ağır xəstələrin sağalması üçün bütün mövcud olan imkanlardan istifadə edirik. Şöbəmizdə yatan ağır xəstələrin günü-gündən yaxşılaşması və sağalması isə bizə böyük ruh yüksəkliyi verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...