Duzun keyfiyyətli olub-olmadığını necə müəyyən etmək olar? - EKSPERT AÇIQLADI

İddialara görə, satışda olan bəzi duz məhsullarının tərkibinə əlavə maddələr qarışdırılır ki, bu da həm məhsulun keyfiyyətinə, həm də insan sağlamlığına mənfi təsir göstərə bilər. Xörəyə nə qədər çox duz əlavə olunsa da, duzluluq hiss olunmur. Lakin rus markalarına aid duzdan az miqdar istifadə etdikdə yerli duzla müqayisə kəskin hiss olunur. Əgər doğrudan da duza un və ya digər maddələr qatılarsa, bunun insan sağlamlığına təsiri nə ola bilər? Vətəndaşlar aldıqları duzun keyfiyyətli olub-olmadığını necə müəyyən edə bilər? Ev şəraitində duzun təmizliyini yoxlamaq mümkündürmü?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymir Qafarov SİA-ya açıqlamasında bildirib ki, ilk fikir verilməli vacib məqam onun məhz etiketidir:

“Bu, Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” 523 saylı qanunun 17.2 maddəsi ilə tənzimlənir. Burada istehsalçının adı, ünvanı, 100 qramlıq məhsulun qida və enerji dəyəri, məhsulun tərkibi, həmçinin istehsal və son istifadə tarixi öz əksini tapır. Məhsullar həm ölkəmizdə istehsal olunur, həm də xaricdən idxal edilir.

Dad göstəricilərinə görə bəzən ölkəmizdə istehsal olunan məhsullara daha çox üstünlük verilir. İddia olunur ki, yerli məhsullardan daha az istifadə etməklə də eyni dadı əldə etmək mümkündür. Lakin burada əsas vacib məqam məhsulun mənşəyinin bilinməsidir. Tərkib baxımından isə həm idxal olunan, həm də yerli istehsal məhsullar arasında fərqlər ola bilər.

Sözsüz ki, məhsulun laboratoriya nəticələrini hər bir alıcı tələb edə bilər və bu mümkündür. Həmin nəticələrdə məhsulun tərkibində hansı inqrediyentlərin olduğu, istifadə edilən rəngləndiricilər və digər qatqı maddələri barədə məlumatlar öz əksini tapır. Vətəndaşlar məhsul alarkən mütləq etiketə diqqət yetirməlidirlər.

Çalışmaq lazımdır ki, duz alarkən qaya duzuna, mənşəyi məlum olan məhsullara üstünlük verilsin və həmin duz gündəlik qida rasionunda istifadə edilsin. Digər bir məqam isə ondan ibarətdir ki, qaya duzu yalnız yeməklərin dadlandırılması üçün deyil, eyni zamanda insan orqanizmi üçün vacib bir komponentdir. Bundan əlavə, bəzi hallarda məişətdə, o cümlədən təmizlik vasitəsi kimi də istifadə oluna bilər. Ev şəraitində duzun keyfiyyətini yoxlamaqla bağlı müəyyən metodikakar ola bilər amma dəqiq bir məlumat verə bilməz.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə