B2B-də “like”siz sosial media: PR üçün niyə vacibdir və faydasını necə ölçmək olar?
Son illər sosial media kommunikasiya sahəsinin əsas alətlərindən birinə çevrilib. Lakin PR müzakirələrində tez-tez belə bir fikir səslənir: “Sosial şəbəkələrin ciddi effekti yoxdur, çünki postlar çox ‘like’ toplamır.”
Əslində bu yanaşma PR və kommunikasiya strategiyasının mahiyyətini tam başa düşməməkdən irəli gəlir. Xüsusilə sənaye, tibb, texnologiya və digər B2B sahələrində sosial medianın rolu “like” və ya “viral olmaq”dan daha geniş və stratejidir.
B2B kommunikasiya B2C-dən fərqlidir
B2C (business-to-consumer) kommunikasiya daha geniş auditoriyaya yönəlir və emosional faktor burada böyük rol oynayır. Buna görə də viral kontent, böyük izləyici sayı və yüksək “engagement” göstəriciləri əsas indikatorlardan hesab olunur.
B2B (business-to-business) kommunikasiya isə fərqli məntiqə əsaslanır. Burada auditoriya çox vaxt daha dar, lakin daha peşəkar olur. Bu auditoriya üçün ən vacib faktor viral kontent deyil, etibar və ekspertlikdir.
Sosial media B2B şirkətlər üçün niyə vacibdir?
Korporativ PR strategiyalarında sosial media bir neçə əsas funksiyanı yerinə yetirir.
Birincisi – reputasiya qurmaq.
Şirkətin fəaliyyəti, layihələri və ekspert mövqeyi haqqında mütəmadi məlumat paylaşmaq onun reputasiyasını formalaşdırır.
İkincisi – ekspert imici yaratmaq.
Analitik məqalələr, ekspert müsahibələri və peşəkar şərhlər şirkətin sektorda nüfuzunu artırır.
Üçüncüsü – şəffaflıq və etibar.
Şirkətin fəaliyyətini açıq şəkildə təqdim etməsi tərəfdaşlar və investorlar üçün etibarlılıq siqnalıdır.
Dördüncüsü – tərəfdaşlıq imkanları.
Bir çox əməkdaşlıq və layihə məhz sosial media vasitəsilə qurulan əlaqələrdən başlayır.
Beşincisi – employer branding.
Sosial media şirkətin iş mühiti və korporativ mədəniyyəti haqqında təsəvvür yaradır və peşəkar kadrların cəlb olunmasına kömək edir.
“Like economy” mifləri
PR praktikasında tez-tez rast gəlinən bir neçə yanlış düşüncə var.
Birinci mif budur ki, hər paylaşım viral olmalıdır. Halbuki B2B kommunikasiya üçün əsas məqsəd viral effekt deyil, doğru auditoriyaya çatmaqdır.
İkinci yanlış fikir isə like azdırsa, kontent uğursuzdur düşüncəsidir. Bəzən bir postu yalnız 200 nəfər görür, lakin onların arasında şirkət rəhbərləri və ya sektor ekspertləri olur.
Üçüncü mif – sosial media yalnız satış üçündür. Əslində PR kontekstində sosial media daha çox reputasiya və etibar platformasıdır.
B2B üçün effektiv kontent necə olmalıdır?
B2B auditoriyası üçün ən dəyərli kontent məlumatlandırıcı və analitik kontentdir. Bunlara ekspert məqalələri, analitik yazılar, texnoloji yeniliklər haqqında izahlar, rəhbərlərin müsahibələri, layihə və uğur hekayələri, konfrans və forumlardan reportajlar. Belə kontent şirkətin sektorda fikir lideri kimi qəbul olunmasına kömək edir.
Sosial medianın real faydasını necə ölçmək olar?
B2B PR fəaliyyətində sosial medianın effektivliyi yalnız “like” sayı ilə ölçülməməlidir. Daha vacib indikatorlar mövcuddur.
Reputasiya göstəriciləri
• media sitatları
• ekspert mövqeyinin tanınması
• sektoral müzakirələrdə iştirak
Biznes nəticələri
• yeni tərəfdaşlıq təklifləri
• konfrans və tədbirlərə dəvətlər
• əməkdaşlıq müraciətləri
Ekspert nüfuzu
• analitik məqalələrin paylaşılması
• müzakirələrdə istinad olunması
Bütün bunlar göstərir ki, B2B PR üçün sosial medianın real təsiri çox vaxt statistik rəqəmlərdən deyil, strateji nəticələrdən ibarətdir.
Dilarə Zamanova, PR mütəxəssisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB