Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başlamış, qısa müddət ərzində yüksək səviyyəli tibbi xidmət göstərən nüfuzlu səhiyyə ocağı kimi tanınaraq ölkənin aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı fəaliyyətə başladığı gündən etibarən səhiyyə sistemində özünəməxsus yer tutaraq, 17 il ərzində davamlı inkişaf yolu keçmiş, peşəkarlıq, etibar və yüksək tibbi xidmət anlayışlarını formalaşdırmışdır.
Yarandığı ilk gündən hospitalın əsas məqsədi müasir tibbin nailiyyətlərini tətbiq etməklə pasiyentlərə keyfiyyətli, təhlükəsiz və əlçatan tibbi xidmətlərin göstərilməsi olmuşdur. Bu illər ərzində Mərkəzi Gömrük Hospitalı maddi-texniki bazası və kadr potensialını da gücləndirərək ölkənin qabaqcıl tibb müəssisələrindən birinə çevrilmişdir.
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı Azərbaycanın qabaqcıl səhiyyə ocaqları sırasındadır. Qürurverici haldır ki, 2025-ci ilin fevral ayında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən qaraciyər sirrozundan əziyyət çəkən xəstəyə meyit donordan qaraciyər uğurla köçürülmüşdür. Eyni ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Gömrük Hospitalında meyit donordan böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə böyrək transplantasiyası əməliyyatı uğurla icra olunmuşdur.
Mərkəzi Gömrük Hospitalında müxtəlif profilli tibbi xidmətlərin 24/7 rejimində göstərilməsi pasiyent məmnunluğunun təmin olunmasında mühüm rol oynayır.
Yüksək komfort və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Gömrük Hospitalında texniki baxımdan ən mürəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan ürək-damar və orqan transplantasiyası əməliyyatları, uroloji rekonstruktiv əməliyyatlar, canlı donordan orqan transplantasıya, travmatoloji əməliyyatları, ağır xəstələrdə ürəkdə aorto-koronar şuntlama və digər açıq ürək əməliyyatları, TAVİ, EVAR kimi invaziv müdaxilələr və digər əməliyyatlar icra olunur, yüksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi müalicə xidmətləri göstərilir. Həmçinin, ən son invaziv kardioloji müdaxilələrin köməyi ilə anadangəlmə ürək qüsuru olan uşaqlar müalicə olunur, TAVI üsulu vasitəsilə açıq ürək əməliyyatları aparılmadan zədələnmiş aorta qapağı bioloji qapaqla əvəz edilir, digər invaziv müdaxilələr yerinə yetirilir.
Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə, Orqan Transplantasiyası, Anesteziologiya, Əməliyyatxana və Reanimasiya, Urologiya, Uşaq Cərrahiyyəsi, Travmatologiya və Ortopediya, Ürək-damar Cərrahiyyəsi, Kardiologiya, Efferent Terapiya, Mama-ginekologiya, Radiologiya, Fizioterapiya, Neonatologiya və Pediatriya, Təcili Tibbi Yardım, Poliklinika və digər şöbələrinin yüksəkixtisaslı tibb heyəti fədakarlıqla çalışaraq hər bir pasiyentə fərdi yanaşır, onların sağalması üçün ən müasir səviyyədə tibbi xidmət göstərirlər.
Mərkəzi Gömrük Hospitalının uğurunun əsasını yüksəkixtisaslı həkim heyəti, peşəkar orta tibb işçiləri və məsuliyyətli idarəetmə sistemi təşkil edir. Tibbi personalın davamlı olaraq yerli və beynəlxalq təlimlərə, konfranslara cəlb olunması hospitalın elmi-praktik potensialının artmasına şərait yaradır. Belə ki, 2025-ci ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü, "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans, “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar, “Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans, Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Türkiyənin Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və digər qurumlar ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tərəflər arasında tibbin müxtəlif sahələrini əhatə edən beynəlxalq konfrans, konqres, təkmilləşdirmə kursları, müştərək elmi-tədqiqat və davamlı tibbi təhsil tədbirləri, təcrübə proqramları, ustad dərsləri və digər qarşılıqlı tədbirlər keçirilir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi daim beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir, xarici tibb qurumları və peşəkar assosiasiyalarla əlaqələr quraraq bilik və təcrübə mübadiləsini genişləndirir. Bu isə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edir. 2025-ci ildə Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
17 illik fəaliyyət yolu Mərkəzi Gömrük Hospitalının səhiyyə sahəsində etibarlı, dinamik və innovativ bir qurum kimi formalaşdığını bir daha təsdiqləyir. Qarşıdakı illərdə də hospitalın əsas hədəfi müasir tibbin çağırışlarına cavab verən, insan sağlamlığını prioritet hesab edən xidmətlər təqdim etməkdir.
Mərkəzi Gömrük Hospitalının 17 illiyi münasibətilə bu uğurlu yolda əməyi olan bütün tibbi heyəti təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB