Yeni il bayramı insanların səbirsizliklə gözlədiyi, ailə üzvləri və dostlarla bir araya gəlinən, süfrələrin bol nemətlərlə bəzədiyi xüsusi günlərdəndir. Bu dövrdə müxtəlif şirniyyatlar, ət yeməkləri, salatlar və içkilər süfrələrin əsas bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bayram günlərində qidalanmada həddi aşmaq bir sıra sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə mədə-bağırsaq pozuntuları, çəki artımı, təzyiq və ürək-damar sistemi ilə bağlı narahatlıqlar bu günlərdə daha tez-tez müşahidə olunur.
Bəs Yeni il bayramında necə qidalanmaq daha məqsədəuyğundur?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, bayram süfrəsində balanslı və şüurlu qidalanma sağlamlığın qorunmasında əsas rol oynayır:
“Süfrədə yalnız ağır və kalorili yeməklərə üstünlük vermək əvəzinə, yüngül və faydalı qidalara da yer ayrılmalıdır. Vitamin və minerallarla zəngin tərəvəz salatları, mövsümi meyvələr və göyərtilər həzm sisteminin normal işləməsinə kömək edir. Həddindən artıq yağlı, qızardılmış və duzlu yeməklərin qəbulu isə orqanizmə, xüsusilə ürək-damar sisteminə əlavə yük yaradır. Bu səbəbdən porsiyalara diqqət etmək və müxtəlif qida qruplarını balanslı şəkildə qəbul etmək vacibdir.
Həmçinin, alkoqolun normadan artıq qəbulu susuzluq, halsızlıq və digər xoşagəlməz hallara səbəb ola bilər. Buna görə də alkoqollu içkilərin miqdarını minimumda saxlamaq, onların əvəzinə su, təbii şirələr və şəkərsiz içkilərə üstünlük vermək daha sağlam seçimdir. Bayram günlərində bol su içmək orqanizmin toksinlərdən təmizlənməsinə və ümumi sağlamlığın qorunmasına kömək edir.
Yeməkləri qısa fasilələrlə və kiçik porsiyalarla qəbul etmək mədənin yüklənməsinin qarşısını alır. Uzun müddət ac qalıb daha sonra çox yemək əvəzinə, gün ərzində nizamlı şəkildə qidalanmaq bayramı daha rahat və problemsiz keçirməyə imkan yaradır.
Bayram günlərində qidalanma vərdişlərini tamamilə dəyişdirmək və ya özünü sərt məhdudiyyətlərə salmaq düzgün deyil. Əsas məqsəd sevdiyimiz yeməklərdən imtina etmədən, lakin ölçünü qorumaqla balanslı seçimlər etməkdir. Bununla yanaşı, fiziki aktivliyi də unutmamaq tövsiyə olunur. Açıq havada gəzinti, ailəvi yürüşlər və yüngül idman hərəkətləri həm həzmi yaxşılaşdırır, həm də bayram əhval-ruhiyyəsini yüksəldir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB