Bazarlarda rənglənmiş portağallar: Sağlamlıq üçün risklidirmi? - EKSPERT AÇIQLADI
Son günlər bazarlarda rənglənmiş portağalların satışa çıxarılması ilə bağlı məlumatlar yayılıb. Bəzi istehlakçılar narahatlıq ifadə edərək belə meyvələrin sağlamlığa zərər verə biləcəyini düşünür. Portağal təbii olaraq canlı narıncı rəngdə olur, lakin bəzi hallarda onun görünüşünü daha cəlbedici etmək və satışını artırmaq məqsədilə süni rəngləmə tətbiq oluna bilər. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır: belə meyvələr orqanizm üçün təhlükəlidirmi və hansı sağlamlıq riskləri mövcuddur?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, bəzi portağallar yetişmiş olsa da, qabığı təbii olaraq tam narıncı rəng almaya bilər, belə olduqda solğun görünə bilir:
"Xüsusilə isti iqlimdə yetişən portağallarda bu hal daha çox rast gəlinir. Bazarda alıcıların diqqətini çəkmək və meyvəni daha təzə və cəlbedici göstərmək məqsədilə bəzi hallarda portağalın qabığına xüsusi maddələr tətbiq edilir. Bu maddələr adətən qabığın rəngini daha parlaq göstərən boyalar, mumvari örtüklər olur. Problem isə ondan ibarətdir ki, istehlakçı bu maddələrin nə olduğunu və hansı qaydada istifadə edildiyini bilmir. Əgər portağalın üzərinə vurulan maddələr qida üçün uyğun və normaya uyğun şəkildə tətbiq edilibsə, meyvənin iç hissəsi birbaşa təhlükəli olmaya bilər. Lakin nəzarətsiz şəkildə istifadə olunan boyalar, texniki maddələr sağlamlıq üçün risk yarada bilər. Xüsusilə bazar şəraitində satılan meyvələrin hamısının eyni səviyyədə yoxlanıldığını demək çətindir.
Belə portağalların davamlı və nəzarətsiz istifadəsi bəzi insanlarda mədə-bağırsaq narahatlıqları, ürəkbulanma, qarın ağrısı və ishal yarada bilər. Həssas insanlarda və uşaqlarda allergik reaksiyalar müşahidə oluna bilər. Uzun müddət bu cür meyvələrin istifadəsi qaraciyər və böyrəklərə əlavə yük yarada bilər. Xüsusilə portağal qabığından çay, desert və ya digər məqsədlərlə istifadə edildikdə risk daha da artır. Çünki zərərli maddələr əsasən qabıq üzərində qalır. İstehlakçılar bu cür riskləri azaltmaq üçün bir neçə məqama diqqət etməlidirlər. Həddindən artıq parlaq, süni və qeyri-təbii görünən portağallardan uzaq durmaq tövsiyə olunur. Qabığı yapışqan olan, əli boyayan meyvələr alınmamalıdır. Portağal istifadə edilməzdən əvvəl mütləq axar su altında yaxşıca yuyulmalı, mümkün olduqda qabıq qida məqsədilə istifadə edilməməlidir. Etibarlı və tanınmış satış yerlərindən almaq riski azaldan amillərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB