Son zamanlarda uşaqlar arasında qrip və digər mövsümi infeksiyalara yoluxma halları artıb. Mövsümi xəstəliklərin yayılması xüsusilə məktəbəqədər və məktəb yaşlı uşaqlar arasında sürətlənir, çünki uşaqlar kollektiv mühitdə bir-biri ilə sıx təmasda olur, bu isə virusların asanlıqla yayılmasına səbəb olur. Maraqlıdır, virusların aktiv olduğu bu dövrdə hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı pediratr Aynurə Rzayeva SİA-ya açıqlamasında bildirib ki, ilk növbədə uşaqların sağlam qidalanmasına, normal yuxu rejiminə və açıq havada fiziki aktivliyə diqqət yetirmək vacibdir:
"Meyvə, tərəvəz, tam taxıllar, protein və D vitamini ilə zəngin qidalar immun sistemini gücləndirir və bədənə infeksiyalara qarşı müqavimət qabiliyyəti verir. Normal yuxu rejimi də uşaqların sağlamlığı üçün vacibdir. Yuxu çatışmazlığı immun sistemini zəiflədərək infeksiyalara qarşı həssaslığı artırır. Həmçinin uşaqların açıq havada fiziki aktivliyi təmin olunmalıdır. Hərəkət etmək və təmiz hava almaq qan dövranını yaxşılaşdırır, immunitet sistemini stimullaşdırır və uşaqların ümumi sağlamlığına müsbət təsir göstərir. Allergiya problemi olan və ya xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlar mütləq qrip əleyhinə peyvənd olunmalıdır. Peyvənd immun sistemini möhkəmləndirərək uşaqları ciddi xəstəliklərdən qoruyur. Eyni zamanda, xəstə uşaqlarla təmasdan çəkinmək, xəstə uşaqları kollektivə göndərməmək və otaqları tez-tez havalandırmaq çox vacibdir. Məktəb və bağçalarda təmiz hava təmin etmək infeksiyaların yayılma riskini xeyli azaldır. Uşaqların bir-biri ilə yaxın təmasdan uzaq durması, əllərin mütəmadi yuyulması və gigiyena qaydalarına riayət edilməsi də virusların yoluxma ehtimalını minimuma endirir.
Xüsusilə məktəbə gedən uşaqlar üçün izolyasiya tədbirlərinin görülməsini tövsiyə edib. Xəstə uşaqların evdə qalması, valideynlərin uşaqları diqqətlə izləməsi və simptomların erkən mərhələdə müəyyən olunması, həm uşağın sürətli sağalmasına, həm də digər uşaqların xəstələnməsinin qarşısının alınmasına kömək edir. Beləliklə, uşaqların mövsümi xəstəliklərdən qorunması üçün sağlam qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, peyvəndləmə, gigiyena və izolyasiya tədbirlərinə diqqət yetirmək lazımdır. Bu tədbirlər immuniteti gücləndirir və uşaqların sağlam böyüməsini təmin edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB