“Standartlar və infeksion nəzarət tibbi xidmətlərin keyfiyyətini yüksəldib” - Yaqut Qarayeva

“Müasir avadanlıqların tətbiqi, yüksək ixtisaslı və peşəkar tibbi personalın fəaliyyəti, eləcə də son illərdə səhiyyə sahəsində standartların ardıcıl şəkildə həyata keçirilməsi tibbi xidmətlərin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdir. Artıq üç ildir tətbiq olunan standartlar və beş ilə yaxındır davam etdirilən infeksion nəzarət tədbirləri nəticəsində ölkədə tibbi müəssisələrin sanitariya-gigiyena səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib”. SİA xəbər verir ki, bu fikirləri TƏBİB-in Tibbi Xidmətlərin İnkişafı Departamentinin direktoru Yaqut Qarayeva TƏBİB-in təşkilatçılığı ilə Xəzər rayonunda yerləşən Xəzər Tibb Mərkəzində media nümayəndələri üçün keçirilən xüsusi media turu zamanı səsləndirib.

Departament direktoru bildirib ki, xüsusilə son dövrdə yoluxucu xəstəliklərin geniş yayılması fonunda tibbi müəssisələrdə dezinfeksiya proseslərinin düzgün aparılması, infeksion nəzarət komitələrinin fəaliyyətinin gücləndirilməsi və risklərin idarə edilməsi xüsusi əhəmiyyət daşıyır: “Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər həm pasiyentlərin təhlükəsizliyinə, həm də tibb işçilərinin sağlamlığının qorunmasına mühüm töhfə verir. Dezinfeksiya proseslərinin standartlaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi yoluxma riskinin minimuma endirilməsində əsas rol oynayır”.

Yaqut Qarayeva vurğulayıb ki, infeksion nəzarət üzrə davamlı təlimlər və müasir metodologiyaların tətbiqi ölkənin bütün tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəlməsi üçün mühüm baza formalaşdırır: “İnfeksiyaların qarşısının alınması üzrə tətbiq edilən yeniliklər və klinik prosedurlar səhiyyə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir və bu proses ardıcıl şəkildə davam etdirilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə