TƏBİB: Gələn il daha bir neçə xəstəxanada hemodializ şöbəsi fəaliyyətə başlayacaq - FOTOLAR
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin müayinə və müalicə prosesi, habelə onların hemodializlə təmin olunması istiqamətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən tədbirlər davam edir.
Hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir və 247-si Bakı şəhərində, 431-i regionlarda olmaqla ümumilikdə 678 çarpayı fondu mövcuddur. Sağlamlıq vəziyyətləri, xəstəliyin ağırlıq dərəcələri və müayinə göstəriciləri nəzərə alınmaqla bu şöbələrdə həftədə 1, 2 və 3 dəfə olmaqla vətəndaşlar hemodializ müalicəsinə cəlb edilirlər. Ümumilikdə tabeli tibb müəssisələrində 4 min 200-ə yaxın şəxs dövlət hesabına ödənişsiz olaraq hemodializlə təmin edilir.
Bu barədə SİA-ya TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.
Bildirilib ki, gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu məqsədlə hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy Rayon Mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir.
Əhaliyə göstərilən tibbi xidmət göstəricilərinin yaxşılaşdırılması və mövcud tələbatın qarşılanması məqsədilə TƏBİB tərəfindən hemodializ şöbələrinin sayının artırılması istiqamətində nəzərdə tutulan tədbirlərin icrası ardıcıl şəkildə həyata keçirilir.
Xatırladaq ki, dializ xidmətlərinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm addımlardan biri 2023-cü ildə bu xidmətlərin təşkilinə və inkişafına nəzarəti təmin edən komissiyanın yaradılmasıdır. Komissiya ölkədə dializ sahəsində bütün çatışmazlıqların vaxtında həll edilməsi, sözügedən şöbələrin müasir standartlara uyğunlaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibbi xidmətlərə əlçatanlığın təmin olunması məqsədilə müvafiq işlər görür.
Hazırda komissiya hər həftənin ikinci günü TƏBİB tərəfindən müəyyən olunmuş tibb müəssisəsi – Kliniki Tibbi Mərkəzdə təşkil olunur. Hemodializ xidmətinə ehtiyacı olan hər bir vətəndaş həkim rəyi əsasında müvafiq laborator və instrumental müayinə nəticələri ilə bu komissiyaya müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB