"Qidalanmaq – qəbul olunan müəyyən qanunlarla, sağlam qidalanmaq baxımından yazılmış gündəlik tövsiyələrlə müəyyən qədər başa düşülən bir məqamdır. Amma belə bir məsələ var: gündə neçə dəfə yemək yeyilməlidir? Gündə üç dəfə yemək yemək – bu, qədimdən gələn bir ənənə deyil". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, artıq uzun illərdir səhər, nahar, axşam yemək ənənəsi mövcuddur və bu da bir model, bir standart kimi qəbul olunub: "İnsanlar gündə üç dəfə qidalanmalıdır – bu, daha çox mədəniyyət və həyat ritmi ilə bağlıdır. Elmi əsasla yox, insanların həyat tərzinə, iş rejiminə uyğun formalaşmış bir sistemdir.
Bəziləri düşünür ki, bu, sağlamlığın göstəricisidir. Amma yeni araşdırmalar və qida qanunları göstərir ki, az-az, amma tez-tez yemək metabolizmanı sürətləndirir. Gündə iki dəfə yemək insulini sabit saxlaya bilər. Şəkər xəstələri, artıq çəkidən əziyyət çəkənlər üçün gündə bir və ya iki dəfə yemək tövsiyə olunur. Bu kimi fərqli fikirlər isə insanlarda çaşqınlıq yaradır, çünki hər tədqiqat fərqli yaş qruplarında və fərdi xüsusiyyətlərə görə müxtəlif nəticələr verir. Məsələn, aktiv idman edən bədən daha tez-tez yemək tələb edir. Oturaq işdə çalışan biri üçün gündə iki dəfə yemək kifayət edə bilər. Artıq çəkidən əziyyət çəkənlər üçün isə axşam yeməyini yeməmək daha faydalıdır deyənlər də var. Ancaq bu metodların əksəriyyətinin elmi əsası yoxdur.
Bugünkü dövrdə sosial şəbəkələr insanların mətbəxinə belə təsir edir. Hər bir platforma bir qidalanma modelini təbliğ edir və bu da insanlarda əlavə çaşqınlıq yaradır. Araşdırmaların nəticəsi isə onu göstərir ki, say yox, keyfiyyət vacibdir. Nə yeyirik, nə qədər yeyirik, nə vaxt yeyirik – əsas budur. Yediyimiz qida bədən üçün faydalı qidadır, yoxsa toksik maddəmi – buna fikir vermək lazımdır.
Yəni, neçə dəfə yeməyin elmi əsası yoxdur. Hər kəs bir arıqlama və ya qidalanma metodu təbliğ edir, amma bu, insanların həyatına uyğun gəlməyə bilər. Ən doğru yol odur ki, insan aclıq və toxluq siqnallarına qulaq assın. Ac deyilsənsə, yemək xatirinə yemək orqanizmə zərər verir. Bir də porsiya məsələsinə diqqət etmək lazımdır – çox yemək heç vaxt sağlamlıq gətirmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB