Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Latviya arasında tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə təlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq imkanları müzakirə olunub. SİA-nın verdiyi məlumata görə, bununla bağlı danışıqlar səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyaya səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb müəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının fəaliyyəti ilə də tanış olub.

Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi ilə görüşüb. Riqa Şərq Universiteti Xəstəxanasının Təcili yardım və pasiyent qəbulu klinikası, eləcə də Travmatologiya və Ortopediya Xəstəxanasına da baş çəkilib. Xəstəxanaların infrastrukturu, innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya, ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Həmçinin Latviyanın "Grindeks" aparıcı əczaçılıq şirkətinin fəaliyyəti ilə tanışlıq baş tutub. Farmasevtik istehsal prosesi, keyfiyyətə nəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Riqa Stradinş Universitetinin Tibb Təhsil Texnologiyaları Mərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri fakültəsi, eləcə də Uşaq Klinik Universitet Xəstəxanasında görüşlər keçirilib. Tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə təlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti E. Qulbis laboratoriyasında Latviya Tibb İşəgötürənləri Assosiasiyasının (VADDA) rəhbərliyi ilə görüşüb. Görüşdə laborator xidmətlərin təşkili, diaqnostik imkanların genişləndirilməsi və müasir laborator standartların tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfərin Azərbaycan və Latviya arasında tibb elmi, klinik təcrübə və səhiyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayacağı vurğulanıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə