Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyanın paytaxtı Riqa şəhərində səfəri çərçivəsində Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında səhiyyə sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Səhiyyə naziri Teymur Musayev və Latviya Respublikasının səhiyyə naziri Hossam Abu Meri arasında ikitərəfli görüş baş tutub. Görüşdə, həmçinin Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.
Görüş zamanı səhiyyə sistemlərinin inkişafı perspektivləri, rəqəmsal sağlamlıq, tibbi kadr hazırlığı, laborator xidmətlər və əczaçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Azərbaycan və Latviya səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.
Sənəd səhiyyə sahəsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tibb təhsili, klinik tədqiqatlar, səhiyyə idarəçiliyi və digər istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. İmzalanmış saziş iki ölkə arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Sonda Azərbaycan nümayəndə heyəti ilə Latviyanın kənd təsərrüfatı naziri, Latviya-Azərbaycan iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Armands Krause arasında işgüzar görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB