Son zamanlarda, xüsusilə məktəblilərin infarkt keçirməsi halları çoxalıb.Bu hadisələr məktəblilər arasında ürək xəstəliklərinin artdığı qənaətini doğurur. Bəs görəsən, azyaşlıları bu ciddi risklərdən necə qorumaq olar? Ümumiyyətlə məktəblilər arasında ürək xəstəlikləri niyə çoxalıb?
Məsələ ilə bağlı terapevt Abbas Bağırov SİA-ya açıqlamasında bildirib ki, məktəblilər arasında ürək xəstəliklərinin artmasının ən başlıca səbəbi kimi onların erkən dövrlərdən başlayaraq davam edən qida rasionlarının düzgün seçilməməsini göstərmək lazımdır:
"Fast food yeməklər, güclü rəngli-şəkərli içkilər, bəzi hallarda isə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşa uyğun olmayan enerji içkilərinin qəbul edilməsi çəkinin, metabolik pozuntuların və erkən infarkt risklərinin artmasına səbəb olur. Allergik xəstəliklərin çoxalması da bu prosesə təkan verən faktorlardan biridir. Allergiyanın artması fonunda ödəmli orqanizmdə köklük əmələ gəlir ki, bu da ürək-damar xəstəliklərinin riskini artırır. Bundan əlavə, irsi faktorlar, revmatik faktorlar da diqqətdən yayınmamalıdır. Kəskin revmatizmi olan uşaqlarında ürəyində qidalanma qüsurları formalaşır və sonradan bu amil güclü risk yaradır. Genetik olaraq əvvəlki nəsildə ürək-damar xəstəlikləri olan hər bir uşağın valideynləri erkən diaqnostika üçün pediatra müraciət etməyi ununtmamalıdırlar. Habelə psixo-emosional amillər uşaqlarda ürək-qan damar sisteminə mənfi təsir göstərir. Burada stress, qorxu həyəcan mühüm rol oynayır. Sosiallaşa bilməyən, inteqrasiya olunması ləng gedən uşaqlar bu vəziyyətdə məktəb psixoloqunun nəzarətində olmalıdırlar. İmtahan stressi, gənclik stressi, qan təzyiqi və endokrin pozulmalar ürək qan-damar sistemində yaranan xəstəliklərin əsas amilləri kimi dəyərləndirlir.
Müntəzəm olaraq tibbi müayinələr aparılmalı, uşaqların 6-12 aylıqda və sonra ildə bir dəfə pediatr və kardioloq müayinəsindən keçirilməsi vacib hesab edilməlidir. Revmatik-infeksion, allergik, autoimmun patologiyalar araşdırılmalıdır. Sağlam qidalanmaya üstünlük verilməli, meyvə, tərəvəz, taxıl və zülalla zəngin balanslı pəhriz rejimi tənzimlənməli, şəkərli və yağlı qidaların məhdudlaşdırılması mühüm hesab edilməlidir. Siqaret, sulu qəlyan və digər zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Hətta passiv siqaret də uşaqlarda ürək problemlərinə səbəb ola bilər. Ürək tutmasi hallarında məktəblərdə ilkin təcili yardım haqda daim maarifləndilmə aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB