"Azərbaycan əczaçılıq sənayesi üçün yeni imkanlar açılır" - ŞƏRH

"Ölkə başçısı cənab İlham Əliyevin yeni dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirakı Azərbaycanın əczaçılıq sənayesinin inkişafında strateji mərhələ kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, 74 milyon manatlıq özəl investisiya hesabına yaradılmış bu kompleks yalnız sənaye infrastrukturunun genişlənməsi deyil, eyni zamanda ölkədə yüksək ixtisaslı əczaçı kadrların hazırlanması üçün yeni elmni, tədris və praktiki imkanlar formalaşdırır: "Birincisi, yeni müəssisə əczaçılıq sənayenin lokallaşdırılması və texnoloji modernləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. İstehsalatda tətbiq edilən müasir GMP standartları, qabaqcıl texnoloji həllər və keyfiyyətə nəzarət laboratoriyaları gələcək mütəxəssislərin bilik və bacarıqlarını real istehsalat mühitində təkmilləşdirməsinə şərait yaradır.

İkincisi, müəssisə sənaye diversifikasiyasını gücləndirməklə yerli dərman təminatının dayanıqlığını artırır. Bu isə ölkədə əczaçılıq sahəsində elmi tədqiqatların aktuallığını yüksəldir, tətbiqi kimya, biotexnologiya, farmakoqnoziya, dərman formalarının texnologiyası və analitik kimya üzrə yeni tədqiqat istiqamətlərinə tələbat yaradır. Nəticə etibarilə akademik mühitlə istehsalat arasında qarşılıqlı əməkdaşlıq genişlənir.

Üçüncüsü, əczaçılıq fakültəsinin məzunları üçün geniş məşğulluq imkanları formalaşdırır. Tələbələrin istehsalat təcrübələrinin, ikili təlim proqramlarının, birgə elmi layihələrin və innovativ startap təşəbbüslərinin həyata keçirilməsi üçün yeni platforma yaranır.

Nəhayət, belə iri investisiyalı layihələr ölkədə insan kapitalının inkişafının prioritet olduğunu sübut edir. Yüksək texnologiyalarla təchiz edilmiş istehsalat mühiti tələbələrdə müasir dərman istehsalı proseslərinə dair praktik bacarıqların dərindən formalaşmasına, beynəlxalq standartlara uyğun mütəxəssis hazırlığına və milli əczaçılıq məktəbinin gücləndirilməsinə xidmət edir.

Yeni dərman istehsalı müəssisəsi Azərbaycan əczaçılıq sənayesinin rəqabət qabiliyyətini yüksəldir və Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin elmi-tədris potensialının reallaşması üçün mühüm strateji imkanlar yaradır. Bu təşəbbüs həm sənaye, həm təhsil, həm də elmi araşdırmaların sinerjisini təmin edən mühüm inkişaf mərhələsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə