Mövsümi olmayan meyvələr orqanizm üçün təhlükəlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Mövsümü olmayan meyvələri hər fəsil müşahidə edirik, həm də yüksək qiymətlərə satılır. Bahalıq onun yüksək keyfiyyətindən xəbər vermir”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, mövsümü bitmiş, yerli istehsalı olmayan meyvələr əsasən başqa ölkələrdən gətirilir:

”Təbii ki, belə olduqda nəqliyyat və daşınma xərcləri, gömrük rüsumları, soyuducu anbarlarda saxlanma kimi bir sıra əlavə xərclər yaranır. Bu xərclər də məhsulun son qiymətinə birbaşa təsir edir.
Bəzi meyvələr yerli olsa da qış aylarında istixanalarda yetişdirilir. Bunun üçün qızdırma sistemləri, xüsusi işıqlandırma, əlavə gübrə və suvarma texnologiyaları tələb olunur. Bu proses bahalı olduğundan məhsulun qiyməti də artır. İnsanlar qış aylarında da yay meyvələrini almaq istədiyi üçün tələb artır. Lakin məhsul az olduğundan qiymət yüksək olur. Bu meyvələr keyfiyyətcə həmişə yüksək olmur. İdxal olunan meyvələrin böyük qismi uzaq yol gedəcəyi üçün tam yetişməmiş halda yığılır. Sonra satışdan əvvəl etilen qazı ilə süni şəkildə yetişdirilir, rəngi cazibədar olur, amma dad və qoxu tam inkişaf etmir. Bu səbəbdən görünüş yaxşı olsa da, dad çox zaman zəif olur. Tam yetişmədən yığılan meyvələrdə vitamin “C” və antioksidantlar az olur. Uzun müddət soyuducuda saxlanması isə vitamin itkisini daha da artırır. Mövsümdənkənar məhsullar istehsal və daşınma zamanı daha çox pestisidə məruz qala bilər. Bir çox hallarda Avropa və Türkiyədən gətirilən meyvələr üzərində aparılan bəzi testlərdə qışda idxal olunan çiyələk, üzüm və şaftalıda pestisid qalıqlarının yay mövsümünə nisbətən daha çox olduğu müəyyən edilib. İstixanada yetişdirilən meyvələr günəş işığını az alır, torpaqla təması zəif olur, təbii şəkildə yavaş-yavaş yetişmir. Bu səbəblər dad və qoxunun mövsüm meyvələri qədər güclü olmamasına gətirib çıxarır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə