"Hər gün eyni qidaları yemək birbaşa immuniteti “zəiflətməsə” də, dolayı yollarla immun sisteminə mənfi təsir göstərə bilər. Bu cür monoton qidalanma orqanizmin ümumi funksiyalarını da zəiflədə, maddələr mübadiləsinə mənfi təsir göstərə və uzun müddətdə sağlamlıq balansını poza bilər". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
.jpg)
Onun sözlərinə görə, vitamin və mineral çatışmazlığı yaradır. İmmunitet müxtəlif vitamin və minerallara ehtiyac duyur: "Hər gün eyni qidanı qəbul etmək bu maddələrin bəzilərinin kifayət qədər alınmamasına səbəb ola bilər. Nəticədə orqanizm ehtiyacı olan mikroelementləri tapa bilmir, hüceyrələrin bərpa prosesi zəifləyir və immun sisteminin effektivliyi aşağı düşə bilir. Uzun müddət davam edən bu vəziyyət həm yorğunluğa, həm də ümumi müqavimətin azalmasına gətirib çıxara bilər.
Bağırsaq mikrobiotasını kasadlaşdırır. Bağırsaqlar immun sisteminin 70%-dən çoxunu təşkil edir və burada milyonlarla faydalı bakteriya yaşayır. Eyni qidalardan ibarət pəhriz həmişə eyni növ lif və qida maddələrini təmin edir ki, bu da bakteriya müxtəlifliyinin azalmasına səbəb olur. Mikrobiota kasadlaşdıqca həzm prosesi zəifləyir, faydalı maddələrin sorulması azalır və immun sisteminin gücü də dolayısı ilə aşağı düşə bilir. Sağlam mikrobiota üçün müxtəlif lif mənbələri və fərqli qidalar vacibdir.
Qida allergiyası və ya həssaslığı riski yaradır. Çox uzun müddət eyni qidanı tez-tez qəbul etmək bəzi insanlarda həmin qidaya qarşı dözümsüzlük və ya allergik həssaslıq yarada bilər. Orqanizm eyni maddə ilə davamlı təmasda olduqda bəzən ona qarşı reaksiya formalaşdıra bilir. Bu da həm həzm sistemi, həm də immun sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Ən sağlam yanaşma nədir?
Həftə boyu qidaları rotasiya etmək, yəni eyni məhsulları ardıcıl günlərdə deyil, müəyyən ardıcıllıqla dəyişərək yemək daha sağlamdır. Fərqli rəng və növdə qidalara yer vermək, hər gün 1–2 porsiya müxtəlif meyvə və tərəvəz əlavə etmək bədənə daha geniş qida spektri təqdim edir. Həftə ərzində ən azı 3–4 fərqli protein mənbəyindən – yumurta, ət, balıq və paxlalılardan – istifadə etmək həm qida balansını qoruyur, həm də immun sistemi gücləndirir. Bundan əlavə, yulaf, noxud, mərci, çia, kətan və müxtəlif tərəvəzlər kimi lif mənbələrini dəyişmək bağırsaq mikrobiotasını zənginləşdirir.
İmmunitet tək bir qidadan zəifləməz, lakin uzun müddət davam edən monoton qidalanma vitamin-mineral çatışmazlığına və mikrobiota zəifliyinə səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB