“Oturaq həyat tərzi müasir dövrdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın inkişafı, ofis işlərinin artması və evdə daha çox vaxt keçirmə tendensiyası insanları hərəkətsizliyə yönəldir. Bu cür həyat tərzi isə insan sağlamlığı üçün ciddi təhlükələr yaradır. İnsan orqanizmi hərəkət üçün yaradılıb və uzun müddət oturaq vəziyyətdə qalmaq orqanizmin bir çox sistemlərinin normal fəaliyyətinə mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında həkim Fidan Həsənli deyib.
O bildirib ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, az hərəkət ürək-damar sisteminə mənfi təsir edir: “Hərəkətsizlik zamanı qan dövranı zəifləyir, damarların elastikliyi azalır və nəticədə ürək daha çox yüklənməyə məruz qalır. Bu vəziyyət uzun müddət davam etdikdə damarların tıxanması, xolesterin səviyyəsinin artması və qantəzyiqinin yüksəlməsi kimi problemlər yaranır. Nəticədə insanlarda ürək xəstəlikləri və insult riski əhəmiyyətli dərəcədə artır. Endokrin sistem baxımından oturaq həyat tərzi insulinə qarşı həssaslığın azalmasına səbəb olur. Bu zaman orqanizmdə şəkərin utilizasiyası çətinləşir və nəticədə qanda qlükoza miqdarı artır. Bu hal davamlı olduqda, tip 2 şəkərli diabetin inkişaf riski yüksəlir. Beləliklə, oturaq həyat tərzi metabolik pozğunluqların yaranmasına şərait yaradır və uzunmüddətli perspektivdə ciddi nəticələr doğura bilər.
Eyni zamanda, hərəkətsizlik immun sisteminin aktivliyini azaldır, orqanizmin infeksiyalara qarşı müqavimətini zəiflədir və metabolik sindrom adlanan kompleks pozğunluqların yaranmasına gətirib çıxarır.
Oturaq həyat tərzi həmçinin maddələr mübadiləsini zəiflədir və artıq çəki yığılmasına gətirib çıxarır. İnsanaz hərəkət etdikdə orqanizm aldığı enerjini tam istifadə edə bilmir və artıq enerji yağ şəklində bədəndə toplanır. Bu isə piylənmənin əsas səbəblərindən biridir. Piylənmə təkcə estetik problem deyil, həm də ciddi sağlamlıq təhlükəsidir, çünki o, şəkərli diabet, yüksək təzyiq və bir çox digər xroniki xəstəliklərin yaranmasına şərait yaradır.
Bundan əlavə, uzun müddət oturmaq insanın skelet-əzələ sisteminə də zərər verir. Ofisdə və ya evdə kompüter qarşısında çox oturmaq onurğa sütununun formasını dəyişdirə, bel və boyun ağrılarına səbəb olabilər. Əzələlər zəifləyir, duruş pozulur, oynaq hərəkətliliyi azalır. Bu isə insanın gündəlik fəaliyyətini çətinləşdirir və ümumi həyat keyfiyyətini aşağı salır.
Oturaq həyat tərzinin mənfi təsirləri təkcə fiziki sağlamlıqla məhdudlaşmır, o həm də insanın psixoloji vəziyyətinə təsir göstərir. Az hərəkət edən insanlarda stress, narahatlıq və depressiya halları daha çox müşahidə olunur. Hərəkət zamanı beyinə daha çoxoksigen çatdığı üçün insanın əhvalı və diqqət qabiliyyəti yaxşılaşır, hərəkətsizlik isə bunun əksinə, yorğunluq və halsızlıq yaradır.
Nəticə olaraq demək olar ki, oturaq həyat tərzi insan sağlamlığının demək olar bütün aspektlərinə mənfi təsir edir. Bu təsirlərin qarşısını almaq üçün gündəlik həyata fiziki aktivliyi daxil etmək vacibdir. Hər günqısa məsafələr piyada getmək, lift əvəzinə pilləkənlərdən istifadə etmək, hər 30–60 dəqiqədən bir oturmaqdan qalxıb bir neçə dəqiqə hərəkət etmək kimi sadə vərdişlər belə sağlamlığa böyük fayda gətirə bilər. Hərəkət insan bədəninin təbii ehtiyacıdır və sağlam, uzunömürlü həyat üçün mütləq şəkildə fiziki aktivlik qorunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB