"Payız və qış uşaqlar üçün risklidir" - PEDİATR DANIŞDI

"Hər il payız və qış ayları gəldikdə, uşaqlar arasında öskürək, burun axması, qrip və bronxit kimi xəstəliklər artır. Bəs bunun səbəbi nədir? Soyuq havalarda uşaqlar açıq havada az oynayır, daha çox bağça, məktəb və ev kimi qapalı məkanlarda olur". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, bu mühitlərdə hava dövranı zəif olduğundan viruslar asanlıqla bir uşaqdan digərinə keçir. Xüsusilə kollektiv yerlərdə bir uşaq xəstələnəndə infeksiya digərlərinə tez yayılır. Payız və qış aylarında hava həm soyuq, həm də quru olur. Quru hava burun və boğazın selikli qişasını qurudur, bu isə orqanizmin təbii qoruyucu baryerini zəiflədir. Nəticədə viruslar burun-udlağa daha asan yerləşir və infeksiya yaradır. Günlərin qısalması ilə günəş işığının miqdarı azalır, bu isə D vitamininin çatışmazlığına səbəb olur. D vitamini immun sistemin əsas dayaqlarındandır. Onun azlığı uşaqları viruslara qarşı daha həssas edir.

Soyuq aylarda uşaqlar daha çox evdə olur, az hərəkət edir və bəzən meyvə-tərəvəz qəbulu da azalır. Qidada vitamin və mineralların azlığı immuniteti zəiflədir və uşağın bədənini müdafiəsiz saxlayır. Məktəb mövsümünün başlaması, erkən oyanmaq və yeni mühit uşaqlarda stress yarada bilər. Yuxu çatışmazlığı və stress immun sistemini zəiflədir, nəticədə viruslara qarşı müqavimət azalır. Bu halların qarşısını almaq üçün gün ərzində təmiz havada az da olsa vaxt keçirmək, bol meyvə və tərəvəzlə qidalanmaq, vitaminlərlə zəngin qidaları yemək, pediatrın məsləhəti ilə D vitamini əlavəsi qəbul etmək, əl gigiyenasına diqqət etmək və otaqları tez-tez havalandırmaq vacibdir. Eyni zamanda uşaqların yetərli yuxu və istirahət alması da çox önəmlidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə